Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndə heyəti "R-Pharm" əczaçılıq zavodunu ziyarət ediblər.
"R-Pharm" zavodunun məhsul istehsal etmə gücü ildə 250 milyon ədəddən çoxdur.
Burada bir sıra sosial əhəmiyyətli xəstəliklərin: onkoloji, kardioloji, endokrinoloji, hematoloji, antibakterial, virus və digər xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin istehsalı planlaşdırılır.
Qeyd edək ki, xeyli müddətdir ölkədə onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə salınması təklif olunur. Hətta bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirmişdi ki, bir qrup xəstəliklər hələ də icbari tibbi sığorta ilə əhatə olunmayıb:
"Onlar arasında onkoloji xəstəliklər də var. Onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması bu xəstəliyin adekvat müalicəsinə mane olur və insanların narazılığına səbəb olur. Zaur müəllim (red- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ) dedi ki, onkoloji xəstəlikləri icbari tibbi sığorta ilə əhatə etmək üçün 200 milyon manat vəsait lazımdır. Onkoloji xəstəliklərin nə dərəcədə ağır olması barədə hamı bilir. Mən əminəm ki, bu, nəzərə alınacaq. Hörmətli Maliyyə nazirindən bunu nəzərə almasını xahiş edirəm".
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva da bildirmişdi ki, onkoloji xəstələrin sayı kifayət qədərdir:
"Eyni zamanda çox yüksək maliyyə xərci tələb olunan xəstəliklər siyahısına aiddir. Xəstəliyin hansı mərhələlərin müalicəsinin oraya daxil olması İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müəyyən olunacaq. Bunun üçün Milli Məclisdə ayrıca layihənin hazırlanmasına ehtiyac yoxdur. Onkoloji xəstələrin müalicəsinin o siyahıya əlavə olunması kifayətdir.
Onkoloji xəstəliklərin bu paketə əlavə edilməsi bir çox insanların problemlərinin həll olunmasına çox böyük kömək olacaq. Əgər icbari tibbi sığorta respublikada tətbiq olunursa, bu xəstəlik də ora daxil olmalıdır. Hər bir vətəndaş hansısa bir xəstəlikdən əziyyət çəkirsə, onun da hüququdur ki, icbari tibbi sığortasından istifadə edə bilsin. Güman edirəm ki, növbəti mərhələdə məhz onkoloji xəstələr icbari tibbi sığorta paketindən istifadə edə biləcəklər".
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli isə qeyd etmişdir ki, icbari tibbi sığorta çərçivəsində biz bütün onkoloji xəstəliklərin zərfə daxil olunmasını təmin edə bilərik:
"Bu xəstəliyə görə tibbi xidmətlərin hissə-hissə icbari tibbi sığorta paketinə daxil edilməsi mümkün deyil. Xidmətlərdə xəstəliyin müayinəsi, müalicəsi, dərmanlarla təminat nəzərdə tutulur. Bunun üçün isə 200 milyon manat vəsait tələb olunduğundan, eləcə də icbari tibbi sığorta fondunda bu qədər vəsait olmadığından müzakirələr aparılır. Fondun vəsaitləri artdıqca onkoloji xidmətlərin icbari tibbi sığorta zərfinə daxil edilməsi mümkün olacaq".
Xatırladaq ki, Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə 58 min onkoloji xəstə qeydiyyatdadır. "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı" qəbul edildikdən sonra onkoloji xəstələrə bir sıra dərman preparatları pulsuz verilir.
Bildirək ki, həmin statistika yalnız rəsmi qeydiyyatda olan xəstələrə şamil olunur və ümumiyyətlə, onkoloji xəstələrin bir qismi xəstəxanalara müraciət, eləcə də dərman alışı zamanı ödəniş etməli olurlar.
İcbari tibbi qığorta paketinə daxil edilməsi ilə bağlı təkliflər səslənən onkoloji xəstəliklərlə bağlı hansısa yeni qərar gözlənilirmi?
Məsələ ilə bağlı Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov Cebhe.info-ya bu istiqamətdə hələlik hər hansı bir qərarın olmasından məlumatlı olmadığını bildirib.
Həkim-terapevt Rasif Bağırov isə bildirdi ki, ümumiyyətlə, hər hansı bir ölkədə qanun qəbul ediləndə o sahəni tamamilə əhatə etməlidir:
"Məsələn, nəqliyyatla bağlı qanun qəbul edilərsə, nəzərdə tutulmamalıdır ki, bu qanun Astara yoluna aid deyil, yalnız Quba yoluna aiddir. İdarə rəhbərliyi tərəfindən qərar verilməsi başqadır, ancaq dövlət bir sistem tətbiq edirsə, bu bütün xəstəliklərə şamil olunmalıdır.
Əgər səhiyyə sistemi ilə bağlı qanun qəbul olunursa, nəyə görə onkoloji və göz xəstəlikləri klinikasına aid edilməməlidir? Bu hamısına aid olmalıdır. Onkoloji xəstələrin dərmanları, onlara göstərilən xidmət haqları həddindən artıq bahadır. Bu adi, hər hansı bir poliklinikaya, xəstəxanaya getmək deyil. Bir dəfə müraciət zamanı həm müayinə, həm aparat, həm dərmanları birlikdə hesabladıqda xəstələrə elə qiymətə başa gəlir ki, onu ödəyə bilmirlər.
Birinci növbədə icbari tibbi sığortaya məhz onkoloji xəstəliklər daxil olmalı idi. Bu gün Milli Onkologiya Mərkəzində olan xəstələrin sayı digər xəstəxanada olan xəstələrin sayından çoxdur. Ona görə də ilk növbədə insanlara kömək etmək üçün həm onkoloji, həm də göz xəstəlikləri İTS daxil olmalı idi. Nədənsə onu daxil etmədilər. Güman edirik ki, Milli Məclis və digər əlaqədar qurumlar o məsələləri qaldırsalar, bəlkə siyahıya həmin xəstəliklər də əlavə edilsin və bu çox müsbət addım olardı".