Mart ayına qədər Azərbaycanı Naxçıvanla birləşdirən avtomobil yolları istifadəyə veriləcək. Bu isə həm regionun iqtisadi əlaqələrinin genişlənməsi, həm də gediş-gəlişin asanlaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs bu əlaqələrin genişlənməsi gələcəkdə Naxçıvan qeydiyyatında olmayan vətəndaşların da avtomobillə Türkiyəyə rahat keçidini təmin edə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, “Araz dəhlizi” üzərindən Naxçıvana avtomobil yolunun istifadəyə verilməsi strateji baxımdan son dərəcə vacib layihədir:
“Artıq mart ayından istifadəyə veriləcək bu dəhliz insanların gediş-gəlişini təmin etmək, həm də yükdaşıma baxımından yüksək qiymətləndirilir. O ki qaldı Naxçıvandan Türkiyəyə keçidin təmin olunmasına, hazırda qüvvədə olan karantin rejimi bu prosesi məhdudlaşdırır. Qaydalar yalnız hava yolu vasitəsilə ölkə ərazisini tərk etməyə icazə verir”.
Deputatın sözlərinə görə, karantin rejiminin yanvar ayından dayandırılması halında, mart ayından etibarən Naxçıvan qeydiyyatında olmayan vətəndaşların da Türkiyəyə avtomobillə keçidi mümkün ola bilər:
“Sadəcə bir qədər gözləmək lazımdır. Mart ayından sonra məsələnin detalları dəqiqləşdiriləcək. Bu yol həm iqtisadi baxımdan sərfəli, həm də Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında insan axınının və mübadiləsinin artmasına səbəb olacaq”.