Rusiya bu gündən buğda məhsulunun ixracına tətbiq etdiyi rüsumi iki dəfə azaldacaq. Onu da qeyd edək ki, Azərbaycanın buğda aldığı əsas ölkə Rusiyadır. Bununla yanaşı, Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi Azərbaycana 1 milyon tondan çox buğda tədarük etməyə hazır olduğunu bəyan edib. Bu göstərici isə 2023-cü ildə ölkəyə gətirilən buğdanın 85 faizinə bərabərdir.
Bəs, Rusiyanın addımı Azərbaycanda unun və çörəyin qiymətinin ucuzlaşmasına səbəb olacaqmı?
Bakupost.az -ın sualını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov Azərbaycanın taxıl tələbatının 70-80 faizinin idxal hesabına təmin edildiyini bildirib.
O, dünya bazarında, eyni zamanda Azərbaycanın xarici ticarət tərəfdaşlarında dəyişən şəraitin yerli bazara təsirinin təbii olduğunu bildirib:
“Xüsusilə də Rusiya, Qazaxıstan və Ukrayna kimi ölkələrdə qiymətlərdə dəyişiklik, məhsul istehsalının indiqatorları Azərbaycan bazarında unun, çörəyin və digər un məhsullarının qiymətlərinə bu və ya digər şəkildə təsir göstərir”.
İqtisadçı indiki proseslərin beynəlxalq təşkilatların proqnozlarına uyğun olaraq davam etdiyini bildirib:
“Görünən odur ki, 2024-cü ildə taxılın qiyməti 2023-cü illə müqayisədə aşağı olacaq. Baxmayaraq ki, məhsul dövründə - may və iyul aylarında iqlim şəraiti arzuolunmaz idi, amma bununla belə əsas istehsalçılar olan Rusiya, Çin, Hindistan, Kanada, Ukrayna və Braziliyada məhsuldarlıq yüksəkdir. Daha çox taxıl toplanması gözlənilir. Bu da dünya bazarında qiymətlərə təsir göstərir".
İqtisadçı qeyd edib ki, Rusiyanın taxıl ixracındak rüsumu iki dəfə azaltması, Qazaxıstanın Azərbaycana taxıl ixracıyla bağlı təklifi təbii ki, daxili bazarlarda mövcud olan narahatlıqları nisbətən aradan qaldırmağa, daha aşağı qiymət təklif etməyə imkan yaradıb. Bu isə öz-özlüyündə digər un məhsullarının qiymətində də öz əksini tapa bilər.
"Amma onu da nəzərə almaq lazımdır ki, hər hansı bir məhsulun maya dəyəri yalnız onun məhsildarlığı ilə bağlı deyil. Ona görə də qiymət ucuzlaşmalarının kəskin xarakter alacağını düşünmürəm. İstənilən halda 2024-cü ildə taxıl və un daxili bazarlarda əvvəlki dövrlərlə müqayisə aşağı templə bahalaşacaq, yaxud da daha optimal qiymətə və əlçatan olacaq”.