Ermənistanın baş naziri Nikol Paşinyanın Böyük Britaniyanın paytaxtı Londonda keçirilməli olan ikitərəfli görüşdən imtina etməsi, sülh prosesinin gedişinə ciddi zərbə vura bilər.
Rəsmi İrəvanın 44 günlük müharibədən sonra, başda Fransa və Hindistan olmaqla, bir sıra ölkələrdən mütəmadi və intensiv şəkildə silah-sursat tədarük etməsi, Ermənistanın Azərbaycana qarşı sülh deyil, əksinə, müharibə planları qurduğunu göstərir. Paşinyan son vaxtlara qədər sülh istiqamətində qətiyyətli addımları ilə yadda qalsa da, artıq ritorikasını dəyişdirib.
Görəsən, rmənistanın sülh prosesinin gedişində radikal manevr etməsi nəyi göstərir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Paşinyanın son addımı münasibətlərin yenidən sıfırlanmasına gətirib çıxarır:
“Ermənistanın Böyük Britaniyadakı görüşdən yayınması, əslində, münasibətlərin yenidən 0 vəziyyətinə qayıtması sayıla bilər. Baxmayaraq ki, həm Azərbaycan, həm də Ermənistanda sülhü dəstəkləyən qüvvələr tərəfindən yaxın 2 ay ərzində sülh sazişinin bağlanmasının mümkünlüyü gözlənildiyi halda, Ermənistanın baş naziri görüşdə müzakirə ediləcək məsələ yoxmuş kimi imtina etməsi siyasi dialoqun sıfırlanması deməkdir. Yəni bu o deməkdir ki, biz 2020-ci ildəki münasibətlərimizə qayıdırıq”.
Ekspertin fikrincə, hazırda iki ölkə arasında olan atəşkəs vəziyyəti müharibəyə çevrilə bilər:
“Azərbaycan və Ermənistan hazırda atəşkəs vəziyyətindədir. Adətən müharibələr praktikası göstərir ki, atəşkəs ya sülhə, ya da müharibəyə keçməlidir. Ermənistan bu mesajı ilə sülh sazişinin olmayacağını göstərdisə, yerdə sadəcə müharibə variantı qalır. Bu istiqamətdə biz Ermənistanın hazırlıqlarını görürük. Onlar hazırda Fransa, Yunanıstan və Hindistandan mütəmadi silah tədarük edirlər. Atəşkəs əgər müharibə vəziyyətinə keçərsə, Ermənistan üçün ağır itkilər hesabına olacaq. Ancaq onlar hazırda sadəcə bu istiqamətə meyillidirlər”.