Araik niyə Xankəndini tərk etmir?


Son zamanlar Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşan separatçıların qaçdığı müşahidə olunur.

Xüsusilə özlərini Xankəndidəki qondarma “qurum”un “rəsmiləri” adlandıran şəxslərin ailə üzvləri ilə birlikdə qaçdığını görürük. Bəziləri isə özləri qalsa da, ailələrini Ermənistana göndəriblər. Özlərinin çıxa bilməməsinə səbəb isə Azərbaycanın onları beynəlxalq axtarışa verməsidir.

Xocalı qatili Vaqif Xaçaturyanın “Laçın” sərhəd-keçid məntəqəsində həbs olunması bütün separatçıları vahiməyə salıb. Hətta separatçıların qanunsuz silahlı birləşmələrinə rəhbərlik etmiş Samvel Babayan da bir müsahibəsində Xaçaturyan kimi həbs olunacağından qorxduğunu etiraf etmişdi.

Bir müddət özünü qondarma qurumun “dövlət naziri” adlandıran Ruben Vardanyan isə Xankəndidən qaça bilmədiyini söyləmişdi. O, helikopterlə qaçsa belə, helikopterinin vurulacağından ehtiyatlanır. Göründüyü kimi, separatçılar Xankəndidən qaçmağa çalışırlar, amma buna cəsarət etmirlər.

Bütün bunların fonunda bir müddət separatçılara rəhbərlik etmiş Araik Arutyunyanın 31 avqustda “istefa” verməsindən sonra hansı addımı atacağı müzakir edilir. Xankəndidəki mülki əhalinin və hətta separatçıların ona qarşı çıxdığı bir vaxtda Vaqif Xaçaturyanın aqibətini yaşamaq istəməyən Araik çətin vəziyyətdə qalıb.

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Araik Arutyunyanın “istefası” özünün gələcəklə bağlı narahatlığı və müharibədə Azərbaycan Ordusuna qarşı separatçı rejimə rəhbərlik etdiyi cinayət işləri ilə əlaqəlidir:

“Azərbaycanın Araik Arutyunyanı beynəlxalq axtarışa verdiyini də xatırlatmaq lazımdır. Əslində, onun “istefası” özünü müdafiə cəhdi idi. Paralel olaraq isə Araikin sonrakı mərhələlərdə də məsuliyyəti var. Yəni o da fərqindədir ki, bütün bu cinayət işləri onun ayağındadır.

Hazırda Qarabağ beynəlxalq diqqət mərkəzindədir. Üstəlik, Qarabağdakı separatizm bir separatizm elementi kimi hamı tərəfindən qəbul olunub. Erməni lobbisi və onların pullu media təsisatlarının nə yazmasından, habelə onlarla çalışan siyasətçilərin nə deməsindən asılı olmayaraq, Qarabağda bir separatçı rejim var”.

Ekspert vurğulayıb ki, Araikin sonu çatıb:

“Separatçı Araikin sonu da Kataloniyanın sabiq “rəhbəri” Karles Puçdemonun (2017-ci il oktyabrın 1-də Kataloniyada keçirilən qanunsuz müstəqillik referendumu və həmin il oktyabrın 28-də Kataloniya parlamentində elan edilən “birtərəfli müstəqillik bəyannaməsi”ndən sonra oktyabrın 30-da Belçikaya qaçan K.Puçdemon 2021-ci ilin sentyabrında İtaliyanın Sardiniya adasında saxlanılıb-red.) sonu kimi olacaq. Puçdemon da həbs olunmuş və onunla bağlı müəyyən işlər görülmüşdü. Daha sonra isə Avropa İttifaqının vasitəçiliyi ilə bir formada proseslərdən kənarlaşdırıldı”.

Yeganə Hacıyeva qeyd edib ki, Araik Arutyunyan Azərbaycanın amnistiyasından yararlanmaq istəyir, amma buna nail olmayacaq:

“Bir müddət öncə Prezident İlham Əliyev Laçında amnistiya ilə bağlı fikir bildirmişdi. Lakin o fikir indiki mərhələ üçün aktual deyil. Prezident də xüsusi vurğulamışdı ki, bu, indi üçün aktualdır, sonra aktual deyil. Bunun üzərindən artıq iki aydan artıq vaxt keçib. Araik isə amnistiya məsələsində Rusiya sülhməramlıları və digər müttəfiqlərinə etibar etmir. Ona görə də Araik Xankəndidə qalaraq, özünü orada sığortalamaq istəyir. Amma aydın məsələdir ki, Araik Arutyunyan istər Laçın, istərsə də Ağdam-Xankəndi yolunda göründüyü anda Azərbaycan polisləri onu Vaqif Xaçaturyan kimi tutacaq”.


MANŞET XƏBƏRLƏRİ