(II Türk Dünyası Ədəbiyyat və Kitab festivalından təəssüratlar)
Ötən həftə Bakıda möhtəşəm bir bayram əhval-ruhiyyəsi yaşadıq. Ədəbiyyatın, kitabın bayramıydı Bakıda. Türk dünyasının hər tərəfindən qonaqlar gəlmişdi bu festivala. Beynəlxalq Türk Müəllifləri Birliyinin (BeyTüM) təşkilatçılığı və bir çox qurumun (Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və b.), eləcə də medianın (Mədəniyyət TV, ATV, Bizim Media və b.) informasiya dəstəyi ilə keçirilən Festivalın layihə rəhbəri və koordinatoru gənc şair, Beynəlxalq Türk Müəllifləri Birliyinin rəhbəri, Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyinin (İLESAM) Azərbaycan təmsilçisi, AYB-nin mətbuat katibi Xəyal Rzadır.
Hər il ölkəmizdə "Şairlər günü" kimi qeyd edilən iyunun 5-i bu il II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı ilə birləşdirilərək daha möhtəşəm və təntənəli şəkil aldı. Festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar (“Elm”, “Elm və Təhsil”, “Qanun” və b.) iştirak etdi. Eyni zamanda müxtəlif səpkili ( rəngkarlıq, qrafika sənəti və b.) yaradıcılıq sərgiləri də diqqəti cəlb edirdi. Hər gün bir ölkənin adı ilə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan günü) adlandırılan tədbirlərdə həmin ölkələri təmsil edən tanınmış şairlər, ədəbiyyat adamlarının Azərbaycan oxucusu, kitabsevərləri ilə görüşü olduqca maraqlı idi.
7 iyun günü Festivalın, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) 25 illiyinə həsr olunan saatlarında açıq səhnədə Birliyin sədri İntiqam Yaşar, Birliyin yaradıcılarından, hazırda onun Məsləhət Şurasının sədri tanınmış şair, ictimai xadim Əkbər Qoşalı, gözəl şair və alim Rəsmiyyə Sabir, beynəlxalq koordinatoru kərküklü şair, dr. Şəmsəddin Kuzəçinin və b. çıxışları maraqla qarşılandı. Həmin gün bu tədbirin ardınca Kərkük ədəbiyyatına həsr olunan saatlar da mənimçün xüsusilə yaddaqalandı. Kərkük sevdalısı, hörmətli professor Qəzənfər Paşayev, gözəl şair və alim Rəsmiyyə Sabir və dr. Şəmsəddin Kuzəçinin ədəbiyyat və kitabsevərlər qarşısında İraq Türkmən ədəbiyyatı barədə etdiyi dəyərli çıxışlar, Şəmsəddin qardaşımızın yeni nəşr olunan (“Şiirlərim”, “Azərbaycan məqalələrim (1)” və b.) kitabları, eləcə də onun haqqındakı yazıların toplandığı “Azərbaycan sevdalısı” adlı kitab barədə verilən bilgilər, bu kitabların çapa hazırlanmasında əməyi olan insanların (o cümlədən mənim) adlarının təşəkkürlə anılması da gözəldi...
Festival çərçivəsində təşkil olunan İmza günlərindən biri də yeni işıq üzü görən “Bir gün şeirə susasan...” adlı şeir kitabımın İmza günü oldu. Bu, festivalı mənimçün daha da yaddaqalan etdi. Bununçün də İmza günümün keçirilməsini təklif edən əziz insana - Xəyal Rzaya xüsusilə minnətdaram. Əziz oxuculara, festival iştirakçılarına, dostlarıma hədiyyə etdiyim bu şeir kitabında bizi yaradana – Uca Allaha (c.c.) minacatım, əziz peyğəmbərimizə (s.ə.s.) yazdığım nətlər, Əhli-beytə (ə.) sevgim, Türk dünyamıza, vətənimizə, əziz xatirəsini imzamda yaşatdığım canım anama məhəbbətim və b. duyğu və düşüncələrim öz əksini tapıb. Kitabın hazırlanmasında mənəvi köməyini, qayğısını, xeyir-duasını əsirgəməyən əzizlərimə də təşəkkürüm sonsuzdur. İlk mətbu şeirimin xeyir-duası uzun illər öncə, gənclik illərimin unudulmaz “Gənclik” jurnalından və onun yaradıcısı gözəl şairimiz Məmməd İsmayıldan gəlmişdi. Elə ilk şeir kitabıma da Türk dünyamızın böyük şairi, mənəvi atam Məmməd İsmayıl xeyir-dua verdi, kitabımın “Ön söz” müəllifi oldu. Səhhətilə bağlı problemlər yaşasa da, xeyir-duasını qızından əsirgəməyən, hazırda qardaş Türkiyədə müalicə olunan əziz Məmməd müəllimə Uca Allahdan (c.c) şəfa diləyirəm. İnşallah, növbəti festivalda böyük şairimizi də onu sevən, arzulayan çoxsaylı oxucularının qarşısında şeir deməsini arzulayıram.
Qeyd edim ki, İmza günümdə müəllifi olduğum şeir kitabımla yanaşı, redaktoru və “Ön söz” müəllifi olduğum “Həyat fəlsəfəsi” adlı kitabı da oxuculara hədiyyə etdik. Bu şeir kitabının müəllifi isə gənc və istedadlı şair, tələbə Rəşid Nəsirzadədir. İmza günümə gələn, bu gözəl günün qeyri-adi təəssüratlarını, sevincini mənimlə bölüşən oxucularıma - əziz dostlarıma, iş yoldaşlarıma, tələbə yoldaşlarıma, sinif yoldaşlarıma, ailə üzvlərimə, mənəvi anama, mənəvi övladlarıma, gələ bilməyən, amma xeyir-duasını əsirgəməyən hamıya, hər kəsə təşəkkürüm sonsuzdur! Kitabımı qısa vaxt ərzində nəşr edib festivala vaxtında yetişdirən “Elm və Təhsil” nəşriyyatına da xüsusilə minnətdaram.
Bir-birindən maraqlı, rəngarəng tədbirlərlə zəngin bu festival bir həftə davam etdi. İş saatlarımda keçirildiyi üçün bütün tədbirlərdə iştirak etmək, bütün görüşləri canlı izləmək imkanım, əlbəttə, olmadı... Amma iştirak etdiklərim, gördüklərim və eşitdiklərim belə bu möhtəşəm festival barədə ən gözəl sözlər söyləməyə imkan verir. Geniş oxucu kütləsinin diqqətinə səbəb olan, minlərlə Azərbaycan kitabsevərinin iştirak etdiyi festivalda şair və yazıçılara ayrılmış İmza günlərindən əlavə, festivalın keçirildiyi parkda qurulan böyük səhnədə müxtəlif səpkili - şeir saatları, şairlərlə görüş, canlı musiqi (sevilən müğənnilər, cövlan edən aşıqlar), tamaşalar, elmi konfranslar, Türk dünyasının tanınmış imzaları olan şair və yazıçıların, tədqiqatçı-alimlərin yaradıcılığına həsr olunan tədbirlər də böyük maraq və sevgiylə qarşılandı.
Festival çərçivəsində təşkil edilən kitab yarmarkasından yeni, dəyərli kitablar aldım: Şəms Təbrizinin “Məqalat”ı, Nizamülmülkün “Siyasətnamə”si, İbn Sinanın, Nəsrəddin Tusinin əsərləri və s. Şəhriyar del-Gerani, Qəşəm Nəcəfzadə, Kənan Hacı, Şəmsəddin Kuzəçi, Sinan Yağmur, Baba Vəziroğlu və b. İmza günlərində aldığım, müəlliflərin imzaladığı gözəl kitablarla da kitabxanam daha da zənginləşdi.. “Aşkın gözyaşları” silsilə kitablarıyla tanyıb sevdiyim Sinan Yağmurun imzaladığı, Peyğəmbər əfəndimizin (s.a.s.) sahabələri, İslamın mübarək şəxsiyyətindən bəhs edən “İslamın ilk müezzini Bilali-Habeşi”, “Allahın kılıcı Halid B. Velid” və “Müslüman gençliyinin önçü öğretmeni Musab B. Umeyr” adlı üç kitab olduqca dəyərli, mənə yazdığı avtoqraflar isə qeyri-adi, əsrarəngiz və gözəldi...
Festivalın sonuncu günü - Macarıstan günündə aparıcı gənc şair, yazıçı Ramil Əhmədin söylədiyi söz çox xoşuma gəldi: “Deyirlər, Xəyal Rza öz şeirlərindən demədi bu festivalda. - Bu festival elə XƏYALIN ŞEİRİdir!” Çox haqlıydı... Həm festivala, həm də Xəyala verilən gözəl bir qiymətdi bu söz!.. Bəli, bu festival özü bir şeirdi – Xəyal Rzanın şeiri! Xəyal Rza əsl şeir adamıdır və Xəyal Rza əsl “Şeir Adam”dır, məncə! Bu fikir məndə hələ 5 il öncə, onu ilk tanıdığım “Günlərdən şeir” adlı gözəl layihəsində iştirak edəndən yaranıb. Şeirə, sənətə hər zaman hörmət olub vətənimizdə. Gözəl şairimiz Səməd Vurğunun dediyi kimi: “Bizdə şeir də var, sənət də vardır, Şairə, sənətə hörmət də vardır!” İllərdir müxtəlif şeir məclislərində, dərnəklərdə, tədbirlərdə, şairlərin kitab təqdimatlarında iştirak etmişəm. Şeirə, sənətə hörmət və məhəbbətin dəfələrlə şahidi olmuşam. Xəyal Rzanın – bu “şeirləşən şair”in şeirə münasibəti, şeirlə əlaqədar gördüyü işlər, həyata keçirdiyi layihələr ( “Şairlər günü”, “Günlərdən şeir”, I və II Türk Dünyası ədəbiyyat və kitab festivalları və b.) isə şeirin bayramı və təntənəsi kimi yaddaqalandır! Və bu təntənənin, bayramın gözəlliyi onun bütün şeirsevər oxucuları, Söz aşiqi olan hamını ətrafına toplamaq bacarığındadır!..
Bir həftə davam edən festivalın açılış mərasimi kimi qapanış mərasimi də təntənəli oldu. Millət vəkillərinin, bir çox önəmli dövlət qurumlarının nümayəndələrinin, qardaş Türkiyəninin ölkəmizdəki səfirinin, AMEA rəhbərliyinin, alimlərin, şair və yazıçıların, tanınmış ziyalıların, Türkdilli ölkələrdən gələn hörmətli qonaqların çıxışları, təltiflər, mükafatlandırmalar və s. – bütün bunlar olduqca böyük əhəmiyyətə malik mesajlardı. Turan birliyinin, Türk dünyamızın gələcəyinin könülaçan gözəlliyindən xəbər verən müjdələrdi!.. Elə möhtərəm qonaqlardan biri ilə - Mehmet Nuri bəylə söhbətimizdə də festivalın məhz bu baxımdan əhəmiyyəti vurğulandı. Festivalın son günündə mükafatlandırma mərasimindən sonra İLESAM rəhbəri türkiyəli tanınmış şair, esse yazarı, festivala müəllifi olduğu “Kəpənək ömrü” adlı şeir (5-ci nəşri) və “Sükutun qəlbində”, “Eşqin qiyamətində” adlı esse kitabları ilə gələn Mehmet Nuri Parmaksızdan da qısa bir müsahibə götürmək imkanım oldu. Az sonra yola düşmək üçün hava limanına gedəcəyini söylədiyindən çox vaxtını almaq istəmədim. Sadəcə, festivaldan hansı təəssüratlarla ayrıldığını soruşdum. Əziz qonağımızın deməyə çox sözü vardı. Ürəyi dolu idi. Qısa, amma çox önəmli düşüncələrini bizimlə paylaşmaq istədi:
“Öncəliklə, onu söyləyim ki, bu, II Türk dünyası Ədəbiyyat və Kitab festivalından öncə, mən I festivalda da iştirak etmişdim. II festival daha təntənəli oldu! Biz burada, Elmlər Parkında bir çox nəşriyyatı, öz ədəbi məhsullarını paylaşan insanları gördükdə çox şad olduq. Burada yeni insanlarla tanış olduq. Təbii ki, biz mədəniyyət körpüsü salmağa çalışırıq. Və Türk dünyası ölkələri arasında, Türk dilində danışan ölkələr arasında mədəniyyət körpüsü olmağa çalışırıq. Bu mədəniyyət körpüsü isə şeirlə olur, romanla, esseylə olur, hədiyyələrlə, mükafatlarla olur bu körpü.- Yəni, o uğurda nəfəs almaq belə, əslində o körpüyə dəstək olmaqdır! Bu gün prezidentlərimiz, ölkə rəhbərlərimiz Türk dünyasının birliyi üçün çalışırlar. Hər ay, ya da bir neçə aydan bir bir yerə toplanırlar. Bu, bizim gördüyümüzdür. Amma bəlkə də internet vasitəsilə, “zoom”la hətta gecələr boyunca danışırlar... Ona görə də mən bu birliyin ən qısa bir müddət içində yaranacağına inanıram!.. Bu birlik hamını bir yerə toplayacaq və bir müddət sonra bir əlin barmaqları kimi bir yerə yığılıb bir yumruq halına gələcək!.. Avropa Birliyi və başqa birliklər olduğu kimi, bu birlik də həm iqtisadi sahədə, həm mədəni sahədə - hər bir sahədə bir güc olacaq! Artıq dünya birliklərlə güclənir. Biz də artıq güzlərimizi bir yerə toplayacağıq. Bu birliklər içərisində müsəlmanlarla xiristianlar da bir yerdə ola bilir. Önəmli olan dünyanı gözəlləşdirə bilmək və insanlara gözəl əsərlər qoyub gedə bilməkdir! Biz – Türk dünyası artıq öncə özümüzü, ondan sonra bütün insanları düşünəcəyik... Çünki biz özümüzü qurtarmasaq, özümüz yaxşı olmasaq, digər insanlar üçün nə edə bilərik ki?!.. Amma təbii ki, bunu edərkən də kimsəni incitməyəcək, qırmayacağıq. - Yunus Əmrənin dediyi kimi, “könüllər yapmaya gəldik”. Türk dünyamızda - sizdə, bizdə elə böyük şairlər, elə böyük yazıçılar, alimlər, rəssamlar, musiqiçilər, rejissorlar var ki!.. – Bax, onları bir-birimizə tanıtdırmalıyıq! Onu da söyləyim ki, birliyimiz üçün kiçik bir əngəl var.- Bu, Türk dünyası arasında bağlantıya əngəl olan Zəngəzur məsələsidir. Oradakı 37 km-lik məsələni də çözdükdən sonra Türk dünyasının önündə heç kəs dura bilməyəcək! Və mən ondan sonra gül bağçasında açılan güllər kimi, yeni əsərlərin ortaya çıxacağını düşünürəm! Onu da deyim ki, Türk dünyası birliyi qurulduğu zaman ilk olaraq ortaq bir dilə ehtiyacımız olacaq. Və biz bu məsələni də həll edəcəyik!..”
Türklüyümüzün, Türk birliyimizin gözəl bir nümunəsi, bayram təntənəsi olan bu möhtəşəm festivalı qürur hissiylə izlədikcə düşünürdüm ki, Mehmet Nuri qardaşımızın söylədiyi kimi, gül bağçasında güllərin açılmasına az qalıb... Elə “Qızıl alma” da daha əlçatmaz uzaqlarda deyil... “Qızıl alma” dedim, İmza günümün keçirildiyi gün festivala gələrkən səhnədə səsləndirilən musiqini xatırladım, elə o günkü tədbirin sonunda da festivaldan ayrılarkən məhz həmin musiqinin möhtəşəm sədaları yüksəlirdi... “Qızıl alma” adlı türk filmindən eşidib sevdiyim, dombrada ifa edilən o məhşur mahnının sədaları, ilk eşitdiyimdə olduğu kimi yenə də ruhumda, canımda yaşayan böyük Türk sevgisinin, Turan eşqinin sarı simlərini dilləndirirdi:
“Dombıramdı alarman,
Yürək sazım çalarman...”
“Ürək sazımı çalan”, sazlı-sözlü, şeirli, gözəl günlərin xəyalı ilə gözəlləşən - şeirləşən bu əsrarəngiz festivalın – “Xəyalın Şeiri”nin təəssüratlarını qələmə alarkən gözlərimin önündə yazılacaq bir şeirin xəyalı da canlandı... - Elə bir şeir ki, Türk dünyamıza, Türk birliyimizə sevgiylə, Turan eşqilə qələmə alınıb!.. Həm də ortaq türkcəmizdə yazılıb!.. Həmin şeirin, inşallah, III Türk Dünyası Ədəbiyyat və Kitab festivalının səhnəsində səslənməsi arzusuyla
şair-publisist, dos.dr. Şəlalə Ana Hümmətli