“Qardaş qardaşa nə qədər qarışa bilər?” – Azərbaycan–Türkiyə münasibətləri


Azərbaycanın orta məktəblərdə vahid məktəbli geyim forması ilə bağlı tətbiq etdiyi qaydalar qardaş Türkiyədə də maraq doğurub. Lakin Türkiyə mediasının bəzi nümayəndələri bu məsələni məktəblərlə məhdudlaşan qayda kimi deyil, ümumi hicab qadağası kimi təqdim edirlər.

Türkiyə mediasını və sosial şəbəkələrdəki şərhləri izlədikdə, Azərbaycanın bu qərarını dəstəkləyənlərin də az olmadığını görürük. Bir çoxları ölkəmizin milli kimliyini qorumaq və ərəbləşmənin qarşısını almaq baxımından belə bir addım atmasını düzgün hesab edir.
Təəssüf ki, bəzi radikal dini mövqeli şəxslər məsələni fərqli istiqamətə yönəldərək Azərbaycana qarşı nifrət yaradan fikirlər yayırlar. Onlar sosial şəbəkələrdə və xəbər saytlarında mövzunu təhrif olunmuş formada təqdim etməklə Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinə kölgə salmağa çalışırlar.

Halbuki Azərbaycanda ümumi hicab qadağası yoxdur. Söhbət orta məktəblərdə tətbiq edilən vahid geyim qaydalarından gedir. Bu qaydalar yalnız hicabla məhdudlaşmır, məktəbli geyim standartlarına uyğun olmayan digər geyim elementlərini, aksesuarları və saç düzümlərini də əhatə edir. Məsələnin mahiyyətini anlamaq üçün qaydaların əhatə dairəsinə nəzər salmaq kifayətdir.
Düşünürəm ki, bu mövzunun Türkiyə mediasının bəzi nümayəndələri tərəfindən Azərbaycana qarşı təzyiq vasitəsinə çevrilməsi iki ölkənin münasibətləri baxımından narahatlıq doğurur. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra daha da möhkəmlənən əlaqələr fonunda belə müzakirələrdə diqqətli olmaq lazımdır.

Məsələ ilə bağlı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndələri, o cümlədən Rəcəb Tayyib Ərdoğanın yaxın çevrəsindən olan şəxslər və digər siyasətçilər də Azərbaycana münasibətlərini bildiriblər. Bununla belə, hər bir dövlətin öz daxili məsələləri və müstəqil qərarvermə hüququ var. İnsan öz doğma qardaşının həyatına belə müəyyən həddə qədər müdaxilə edə bildiyi kimi, dövlətlər də bir-birinin suverenliyinə hörmətlə yanaşmalıdırlar.

Türkiyənin iqtisadi və siyasi sahələrdə üzləşdiyi çətinliklər də nəzərə alınmalıdır. Belə bir şəraitdə bəzi media qurumlarının diqqəti daxili problemlərdən yayındıraraq Azərbaycan ətrafında mübahisələr yaratması suallar doğurur. Öz ölkələrində həllini gözləyən məsələlər olduğu halda, Azərbaycanın daxili qərarlarını mübahisə predmetinə çevirmək nə dərəcədə doğrudur?

İnanıram ki, bu cür müzakirələr Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirməyəcək. Azərbaycanın qərarını bəyənməmək hər kəsin şəxsi mövqeyi ola bilər. Ancaq yanlış məlumatlar yaymaq, məsələni təhrif etmək və iki qardaş xalq arasında nifaq yaratmağa çalışmaq qəbuledilməzdir. Azərbaycanla Türkiyə arasındakı münasibətlər ayrı-ayrı şəxslərin və media qurumlarının manipulyasiyalarından daha güclüdür.

Müəllif: Eltac Zülfüqaroğlu


MANŞET XƏBƏRLƏRİ