Qonşu Özbəkistan və Qazaxıstanda atom elektrik stansiyalarının (AES) tikintisi ilə bağlı artıq konkret layihələr həyata keçirilir. Azərbaycanda da atom enerjisindən istifadə və AES tikintisi məsələsi zaman-zaman müzakirə olunur. Sovet dövründə ölkəmizdə belə bir stansiyanın tikintisi ilə bağlı planların olması bu mövzunun Azərbaycan üçün yeni olmadığını göstərir.
Enerji sisteminin gələcək perspektivləri və elektrik enerjisinə artan tələbat fonunda Azərbaycanda AES tikintisi yenidən gündəmə gələ bilərmi?
Globalinfo.az-a danışan neft-qaz üzrə ekspert Zəfər Vəliyev deyib ki, qlobal səviyyədə nüvə enerjisi istismarda olan təxminən 440 reaktor vasitəsilə dünya üzrə elektrik enerjisi təchizatının təqribən 9 faizini təmin edir və aşağı karbon emissiyalı baza yükü enerjisinin əsas mənbələrindən biri kimi çıxış edir:
“İqlim hədəfləri, enerji təhlükəsizliyi və məlumat mərkəzlərindən artan tələbat fonunda bu sahənin gələcək perspektivləri qlobal miqyasda nəzərəçarpacaq dərəcədə canlanır. Bununla belə, yüksək ilkin xərclər, tullantıların idarə olunması və qlobal istiləşmə fonunda su problemi hələ də əsas çətinliklər olaraq qalır. Dünya üzrə 31 ölkə nüvə enerjisindən istifadə etməklə elektrik enerjisi istehsal edir”.

Zəfər Vəliyev
Ekspertin sözlərinə görə, hazırda ölkənin daxili təbii qaz və yaşıl enerji potensialı elektrik enerjisinə olan tələbatı tam ödədiyindən AES-ə ciddi ehtiyac duyulmur:
“Bununla belə, Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə sülh məqsədli nüvə texnologiyaları, tibb, kənd təsərrüfatı və radiasiya təhlükəsizliyi sahələrində əməkdaşlıq edir. Bu əməkdaşlıq daha da dərinləşdirilməlidir”.