Metroda nə baş verir? - Üç milyardlıq zərərdən sonra...


Paytaxtın əsas nəqliyyat arteriyalarından biri hesab olunan Bakı metrosunda baş verən hər hansı texniki nasazlıq minlərlə insanın gündəlik həyatına birbaşa təsir göstərir. Xüsusilə pik saatlarda alternativ nəqliyyat imkanlarının məhdudluğu belə halların sosial təsirini daha da artırır. Musavat.com-un müşahidələrinə görə, ümumiyyətlə, son dövrlər ictimaiyyət arasında “Metropoliten” QSC-nin fəaliyyəti ilə bağlı narazılıqlar artır. Sərnişinlər xüsusilə pik saatlarda sıxlığın yüksək olması, qatarlarda gecikmələr və texniki nasazlıqlar, eləcə də bəzi vaqonlarda havasızlıq və aşağı komfort səviyyəsi ilə bağlı şikayətlərini dilə gətirirlər.

Üstəlik, gediş haqqının artmasına baxmayaraq, xidmət keyfiyyətində nəzərəçarpacaq irəliləyişin hiss olunmaması da narazılıq doğuran əsas məqamlardandır. Digər tərəfdən, bir neçə ay əvvəl Hesablama Palatasının yaydığı audit hesabatında da “Bakı Metropoliteni” QSC-də maliyyə və idarəetmə ilə bağlı ciddi nöqsanların qaldığı vurğulanmışdı. Hesabatda xüsusilə III “Bənövşəyi” xətt üzrə smeta uyğunsuzluqları, o cümlədən “Xocəsən” elektrik deposunun tikintisi zamanı layihədə nəzərdə tutulmayan işlərin əlavə edilməsi nəticəsində yüz minlərlə manatlıq fərqin hələ də aradan qaldırılmadığı qeyd olunurdu. Bununla yanaşı, bəzi işlər üzrə smeta sənədlərinin ekspertizadan keçirilməməsi, normativlərin düzgün tətbiq olunmaması və ümumilikdə milyonlarla manatlıq artıq xərclərin azaldılmasının təmin edilmədiyi də diqqətə çatdırılmışdı.

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov Musavat.com-a bildirdiyinə görə, metroda baş vermiş son insident bir daha göstərdi ki, mövcud vəziyyət həm dövlətin, həm də vətəndaşların gözləntilərinə cavab vermir və bu qurumun idarəetməsində ciddi boşluqlar var. “Dövlətimiz və vətəndaşlarımız hələ 3 milyard zərərin şokunu atlatmamış belə bir hadisə göstərir ki, “Bakı Metropoliteni”ndəki “xəstəlik” xronikidir”,_ deyə ekspert bildirib.

Asif İbrahimov müşavir təyin olundu | İqtisadiyyat.az

Onun sözlərinə görə, “Ulduz–Nərimanov” mənzilində baş verən qısaqapanma nəticəsində bütün şəbəkənin iflic olması göstərir ki, sistem daxilində vaxtlı-vaxtında planlı texniki qulluq və effektiv nəzarət mexanizmləri ya kifayət qədər tətbiq olunmur, ya da formal xarakter daşıyır: “Bu isə belə halların qarşısının əvvəlcədən alınmadığını açıq şəkildə ortaya qoyur. Eyni zamanda, belə strateji obyektlərdə elektrik təchizatında nasazlıq baş verdiyi anda ehtiyat generatorların avtomatik işə düşməsi təmin edilməlidir. Mövcud hadisə göstərir ki, bu mexanizm ya işləməyib, ya da düzgün qurulmayıb. Nəticədə bir xətt üzrə baş verən texniki problem bütün şəbəkənin dayanmasına səbəb olub ki, bu da ehtiyat sistemlərinin effektivliyinə ciddi suallar yaradır”.

Mütəxəssisə görə, hadisə nəticəsində minlərlə sərnişinin hərəkətində ciddi çətinliklər yaranıb, şəhər iqtisadiyyatına görə milyonlarla manat zərər dəyib: “Bu, təkcə texniki qəza deyil, eyni zamanda, xidmət keyfiyyətinin təmin edilməsində ciddi problemlərin və idarəetmə zəifliyinin göstəricisidir. Qurum rəhbəri tərəfindən bir sıra vəzifəli şəxslərin cəzalandırılması operativ addım kimi qiymətləndirilsə də, əsas məsələ struktur və idarəetmə problemlərinin aradan qaldırılmasıdır. Bəs dəymiş zərərin, itirilmiş vaxtı kim kompensasiya edəcək? Metro təsərrüfatı yüksək peşəkarlıq və dəqiq idarəetmə tələb edən sahədir və burada hər hansı həvəskar yanaşma qəbuledilməzdir. Təəssüf ki, bu təsərrüfat həvəskarlara həvalə edilib”.

Ekspertə görə, planlı texniki qulluq və profilaktik baxışlar gücləndirilməli, formal yanaşmalara son qoyulmalıdır: “Ehtiyat generator sistemlərinin avtomatik işə düşmə funksiyası tam audit olunmalı və müntəzəm test edilməlidir. Enerji təminatında alternativ və çoxsəviyyəli (redundant) sistemlər qurulmalıdır. İdarəetmədə peşəkarlıq prinsipi əsas götürülməli, mövcud idarəetmə boşluqları aradan qaldırılmalıdır. Sərnişinlərlə operativ və şəffaf kommunikasiya təmin olunmalıdır. Velosipedi yenidən icad etmək lazım deyil. Bizim danışdıqlarımız artıq dünya təcrübəsində sınaqdan uğurla çıxarılıb. Sadəcə, məsul vəzifələrə peşəkarlar gətirilməlidir. Bu hadisə bir daha sübut etdi ki, şəhər nəqliyyat sistemində dayanıqlılıq və keyfiyyət yalnız texniki deyil, eyni zamanda, effektiv və məsuliyyətli idarəetmədən asılıdır. Problemlərin köklü həlli üçün ciddi və sistemli islahatlara ehtiyac var”.

Metroda nasazlıq zamanı neçə qatar tuneldə qalıb? – Rəsmi açıqlama

Xatırladaq ki, aprelin 21-də, saat 12:10 radələrində Bakı metrosunun "Ulduz"–"Nərimanov" mənzili arasında yerləşən kabel xəttində baş verən qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsi dayandırılıb. Hadisə səbəbindən saat 15:00-a qədər Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq olunub və bu da minlərlə insanın gündəlik hərəkətində ciddi çətinliklər yaradıb. “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov bir neçə vəzifəli şəxsi vəzifəsindən kənarlaşdırıb, bəzilərinə isə töhmət verilib. Bu xəbəri qaynar.info yayıb. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov isə bildirib ki, hazırda hadisə ilə bağlı texniki araşdırma aparılır və gələcəkdə bu cür halların təkrarlanmaması üçün zəruri tədbirlər görüləcək.


MANŞET XƏBƏRLƏRİ