İrəvanda devrilmiş işğalçı xuntanın qalıqları yenidən özlərini xatırladıblar. Onlar yalnız erməni icması arasında keçirilmiş, saxtakarlıq dolu “referendum”un növbəti ildönümünü qeyd etmək istəyiblər. Qondarma rejimin sonuncu “prezidenti” Samvel Şahramanyan “parlament spikeri” Aşot Danielyan, “dövlət naziri” Njde İskəndəryan və başqalarından ibarət nümayəndə heyəti ilə birlikdə İrəvandakı Yerablur hərbi panteonunu ziyarət edərək, “müstəqillik oyunu” və başqasına məxsus torpaqların işğalı naminə həyatını itirənlərin məzarlarına gül qoyublar.
Turkustan.az “Minval.az”a istinadla xəbər verir ki, bu gün özünə qətiyyətli və “igid” siyasətçi obrazı yaratmağa çalışan Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan əslində 2023-cü il antiterror əməliyyatı zamanı tam başqa cür davranıb.
Məlumatlara görə, əməliyyatın qızğın vaxtında Şahramanyan mövcud bütün əlaqə kanallarından istifadə edərək ölkəmizin ərazisini tərk edib Ermənistana keçmək üçün variant axtarıb.
Həmin vaxt Bakı onu da — ciddi cinayətlərdə adı keçməsə də — işğalçı xuntanın nümayəndələrindən biri kimi saxlamağı planlaşdırırdı.
Ancaq yalvarışlarının nəticə vermədiyini və həbsin labüd olduğunu anlayan Şahramanyan qarşı tərəfə sövdələşmə təklif edib. Məlumata görə, o, Qarabağdan qaçmağı planlaşdıran şəxslərin tam koordinatlarını — marşrutları, avtomobil nömrələrini, yola düşmə vaxtlarını, müxtəlif bölgələrdə gizlənənlər haqqında bütün məlumatları, hətta bəzilərinin qaçmaq üçün hansı qadın paltarına geyindiklərinədək — Azərbaycan tərəfinə təqdim edib.
Yəni hamını ən xırda detallarınadək satıb. Bundan əlavə, o, erməni postlarının tərksilahını təşkil edib və kapitulyasiya aktına imza atıb. Əvəzində isə regiondan helikopterlə çıxarılmasını xahiş edib.
Daha da önəmlisi, Şahramanyan Qarabağdan ermənilərin çıxarılmasını da özü təşkil edib. Halbuki Azərbaycan tərəfi onları reinteqrasiya etməyə hazır idi və belə kütləvi gedişə təəccüblənmişdi. Postlarda duran azərbaycanlı jurnalistlər həmin vaxt onlara niyə getdiklərini soruşurdu və ermənilər eyni cavabı verirdilər: bunu onlara “rəhbərlik” deyib. Şahramanyanın məqsədi sadə idi — bütün erməniləri Qarabağdan Ermənistana çıxarmaq və orada gələcəkdə inqilab üçün zəmin yaratmaq.
Burada “siçan yolları” adlanan termini xatırlamaq yerinə düşər: ABŞ xüsusi xidmət orqanları II Dünya müharibəsindən sonra nasist rəhbərlərinin Avropadan qaçış marşrutlarını bu cür adlandırırdı. Samvel Şahramanyan da öz “erməni variantında siçan yolunu” yaradaraq hamını satmaqla özünə nisbi azadlıq alıb.
Yəni, Şahramanyan və yoldaşları həlledici anda sadəcə öz canlarını qurtarmaq üçün həmfikirlərini satıblar. Ona görə də bu gün separatçı simvollarla İrəvan küçələrində şou göstərmələri və ya hərbi məzarlığa təntənəli ziyarətlər etmələri heç bir ciddi təsir yaratmayacaq. Xüsusən də Şahramanyanın azadlığını hansı qiymətə aldığını bilənlər üçün...