Məndəki XOCALI - Günel Mehri yazır


Onda məktəbli idim. Səni tanımırdım... O məşum gecəyə qədər nə adını bilirdim, nə də yolunu. Əslim qarabağlı olsa da, xəritədə sən adlı bir yerin mövcudluğundan xəbərsiz idim. Elə bilirdim, Qarabağ ancaq Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Cəbrayıldan ibarətdir. Kaş tanımaz olaydım...

Sonra həmin gecə baş verənlər oldu. Və mən səni tanıdım. O gecə ərşə qalxan iniltilərin arasından bir Xocalı sözü ucaldı, bir də soyqırım sözü. Hə, bir də uzun illər sonra efirdən, kitablardan təkrar-təkrar xatırlayacağım rəqəmlər, rəqəmlər, rəqəmlər. Adınla, özünlə yanaşı həmin rəqəmlər də ömürlük beynimə həkk edildi o dönəm...

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisinin soyqırımı həyata keçirildi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.”

Sonra böyüdüm, rayonsuz, Qarabağsız, Xocalısız böyüdüm. Əslən qarabağlı idim axı. Birinci Qarabağ müharibəsi məndə çox başqa izlər qoydu. Müharibənin ağır fəsadlarını evimdə, ailəmin içində hiss edirdim. Amma içimdəki Qarabağ adlı yaraların ən böyüyü Xocalı adlanırdı. Hə, əslində Xocalı ilə heç bir bağım yox idi. Və ən qəribəsi də onu kəşf etdiyim gün də itirmişdim. Amma illərlə xocalılarla səmimi söhbətlər etdikcə oranı qarış-qarış xəyalən gəzirdim. Gursulu Qarqar çayını, vahiməli meşəsini, bomboz dağlarını birbəbir öyrənirdim. Amma bütün bu mənzərələrin fonunda ən çox öyrəndiyim Xocalı ağrıları idi. Övladlarının donmuş cəsədini meşədə tərk etmək məcburiyyətində olan anaları, gözləri önündə valideynləri qətl edilən uşaqları, minbir işgəncəyə məruz qalan əsirləri, girovları, izsiz-tozsuz yoxa çıxan itkinləri öyrənirdim ən çox. Onların səsinə səs verib ağladığım, yaza-yaza, çəkə-çəkə üsyan etdiyim məqamlar az deyildi. Beləcə içimdə boy verən Xocalı adında yara günün birində sevgiyə çevrildi. Mən xocalılarla birgə Xocalının azad olunacağı günü həsrətlə, ümidlə gözlədim. Bütün “kaşkilərim”, “bəlkə”lərim 44 günlük müharibənin sonuna kimi uzandıqca uzandı.

44 günlük müharibə ərəfəsində işğaldan azad edilmiş şəhər, kənd və rayonlarımızın adları bir-bir efirdən çəkildikcə içim-içimi yedi. Hərə öz kəndinin-kəsəyinin adını gözləyəndə mən “Xocalı” deyib durdum. Və çoxdandan bəri gözlədiyim xəbəri ala bilməyəndə təəssüflənənlərdən biri mən oldum. Səbəbi sadə idi. Qarabağın Azərbaycan olduğunu bildiyimiz kimi, bunu da bilirdik, elə o məşum gecədən bu yana öyrəndiyimiz dərsliklərdən də, getdiymiz tədbirlərdən də, hazırladığımız efirlərdən də bilirdik ki, Xocalı sadəcə Qarabağ torpağı deyil, işğal edilmiş ərazi deyil, bizim millətin yerdə düşüb qalmış örpəyidir. Və o örpək yerdən qaldırılmasa, bu yara sağala bilməzdi. Bu ağrı keçə bilməzdi. Bu müharibə sonlana bilməzdi. Və nəhayət, Qarabağ Azərbaycan ola bilməzdi. O dönəmlərdə xocalılarla yazışmalarımızı xatırlayıram:

-Günel xanım, bəs Xocalı nə vaxt qayıdacaq?

-Qayıdacaq mütləq. Zamanı var. Gözləyək. Dua edək. Səbirli olun.

Və gözlədik. Dualar edə-edə gözlədik. Səbirlə, inamla gözlədik. Cənab Prezidentin “Xocalı Azərbaycandır!” dediyi o möhtəşəm gün nəhayət gəlib çatdı. Unudulmaz bir gün idi. Həmin gün elə bildim, tək xocalılar bayram etmir, həm də Xocalı meşələrinin qoynunda uyuyan bütün günahsız ruhlar sevinir. Mən xocalıları təbrik etdikcə onlar da mənə gözaydınlığı verdilər, “Sən də Xocalını bizim kimi gözləmisən”, dedilər. Sonra efirdən həvəslə orda gedən yenidənqurma işlərini, Xocalı sakinlərinin yurdlarına qovuşduğu möhtəşəm anları izlədim.

Və nəhayət ki, mən Xocalıdayam. Həyatımda ilk dəfə... Xocalıda olmaq çox qəribə bir duğyğudur. Əlbəttə, qürur da var, fəxr var, fərəh də, nisgil də var. Amma nəsə tam başqa bir hiss də var, bütün bu duyğuların içində daha da qabarıq olan tam başqa, adını qoya bilmədiyim bir hiss. Qarabağın bütün bölgələrini, ora köçürülən sakinləri ildən-ilə yaxından izləyən bir jurnalist kimi Xocalının fərqini dərhal sezdim. Bura nə Şuşa kimi qaynar, nə Laçın kimi səsli-küylü, nə də Füzuli kimi öz axarıyla gedən deyil. Xocalının keçmişi kimi indisi də fərqlənir. Hə, deyəsən, tapdım axı. Mənə görə, Xocalı sükut şəhəridir. Burada hər yer qəribə bir sükut içindədir. Yolda-izdə maşınlar da görünür, insanlar da. Amma və lakin bütün bu səslər buranın sükutunu pozmur. Elə bil xocalılar da bura başqa rayonların sakinləri ilə müqayisədə daha aramla, daha sükutla qayıdırlar. Bəlkə də Xocalı dağlarındakı meşələrə, Qarqar çayına boylandıqca ürkək xatirələri oyanır. O dəhşətli soyqırım anlarını, Qarqar çayının buz təki soyuqluğunu, meşələrin dəhşətli zülmətini, gecəni gündüz kimi aydınlatan güllə yağışını, o güllələrə tuş gəlib yolda-izdə qalan doğmalarının son fəryadını xatırlayırlar. Bəlkə yox, güman ki, elədir. Və zənnim məni aldatmır. Əsirlikdən azad edilmiş və 30 il sonra rahat-rahat nəfəs alan güllü-çiçəkli Xocalı torpağında dolaşdıqca bir daha əmin oluram ki, müharibənin yaraları isti-isti bilinmir, əzizim, zaman-zaman üzə çıxır, çiban kimi sızıldayıb varlığını xatırladır. Özü də bir ömür boyu...

Xocalıdakı evində məni qarşılayan müsahibim Səriyyə Cəfərova ürəyimdən keçənləri öz etirafları ilə təsdiqləyir. Bu xanımı illərdir tanıyıram. Xocalıların ağrı-acısını əzbərdən bilən, Xocalı həqiqətlərini bütün dünyaya həm kitabları, həm filmləri ilə müxtəlif dillərdə çatdıran illərin jurnalistidir Səriyyə xanım. Buradan çıxanda gənc qız idi. Anasıyla qaçmışdı. İndi isə özü də anadır. Oğlu Cahadla qayıdıb Xocalıdakı evlərinə. Xocalıya baxdıqca analı günlərini xatırlayır. Çünki Xocalıdan qaçanda düşmən gülləsinə tuş gələn anası da digər qohumları kimi soyqırım qurbanlarından birinə çevrilmişdi. Deyir, anamın cəsədini ancaq üç gün sonra tapa bildik. Ağdamda torpağa tapşırdıq. Sonra Ağdam da işğal edildi və mən anamın qəbrinə də həsrət qaldım. Xocalısız, evsiz-eşiksiz və anasız yaşamağa öyrəşdim. Heç anamın bir fotosu da yoxdur ki əlimizdə, baxıb üzünü xatırlayaq. 30 il sonra Ağdama gedəndə həmin qəbirstanlığı ələk-vələk elədik. Amma bu illər ərzində qəbirlər itib-batmış, uçurulmuş, anamın qəbrindən də bir nişanə qalmamışdı. Anamın xatirəsi təkcə beynimdə yaşayır. Xocalıya qayıdandan bəri ötən günlər tez-tez xatirimdə canlanır. Susur və gözləri yol çəkir Səriyyə xanımın...

Məncə, müharibənin ən amansız yanlarından biri naməlum qalan suallarıdır. Bunu uzun illər ərzində şəhid və itkin ailələri ilə apardığım müsahibələrdə anladım. Nigarançılıq, natamamlıq, ümid, gözü yolda qalmaq – bunların hamısını yaşamış, yaşaya-yaşaya güclənmiş, yaşa dolmuş insanlar səpələnib məmləkətin hər yerinə. Və Səriyyə xanımın həyat hekayəsi onlardan yalnız biridir. Bəlkə də Səriyyə xanım içində gömdüyü dərdlərini illər uzunu Xocalıdan yaza-yaza, Xocalı qadınlarının haray səsinə çevrilə-çevrilə yüngülləşib. Nə yalan deyim, Xocalı azad edildikdən sonra mən də xocalılarla bağlı içimdə qaynayan emosiyaları kağızlara köçürə-köçürə rahatlaşıram...

Məşhur “Qarqar” çayının sahilindəyəm. Çayın şırıltı səsi quşaların cəhcəhinə qarışıb qəribə harmoniya yaradır. Elə bil Xocalı heç top-tüfəng səsinə məruz qalmayıb. Elə bil o qarlı qış gecəsi bu yerlərdə yaşanmayıb... Ətrafa boylanıram. Nə sirri-xudadırsa, buralar ilin dörd fəsli güllük-gülüstanlıqdır. Elə bil illərlə düşmən tapdağında olmayıb. Elə bil bu qədər körpənin, ahılın, igidin qanı bu torpaqda su yerinə axıdılmayıb. Elə bil həmin qanlar bu illər ərzində torpaqla qarışıb, yoğrulub, cücərib. Həmişəcavan güllər kimi yerdən baş qaldırıb geri qayıdan xocalılara sarı boylanır. Boylanır ki, desin: “Xoş gəlibsiz dədə-baba yurdunuza. Bundan sonra Xocalıda həyat ancaq gül-çiçəkli olacaq!”

Xocalıya etdiyim o unudulmaz səfərdən xeyli vaxt keçib. Efirdən izlədiyim süjetlərdən görürəm ki, Xocalıda həyat günbəgün dirçəlir. Maraq mənə güc gəlir. Hazırda Xocalıda yaşayan jurnalist həmkarım Erməni Təavüzünün Tanıdılması İB-nin sədri Səriyyə Müslüm qızı ilə yenidən əlaqə saxlayıram. Hal-əhval tutandan sonra gəlirəm əsas mətləbin üstünə:

-Səriyyə xanım, hazırda Xocalıda vəziyyət necədir ?

-Günel xanım, sözün açığı, ilk vaxtlar Xocalıda yaşamaq çətin idi, qoyub getdiyimiz yerlərdə qəlbimizi didib-parçalayan o qədər acı xatirələr vardı ki... Amma yurd yeri elə şirindir ki, adam yaşamağa davam edir. İndi Xocalı şəhərində 82 ailə yaşayır. Təsəvvür edin, Xocalıda 1 saylı tam orta məktəb 33 şagirdlə dərsə başlamışdı. İndi isə şagirdlərin sayı 175 nəfər, pedaqoji heyət isə 21 nəfərdir. Direktor da bu məktəbin məzunu şəhid övladı Nəvai Həsənovdur. Bu yaxında Xocalı 1 saylı körpələr evi-uşaq bağçasınin müdiri Bahar xanım Ataşova danışırdı ki, bağçaya 25 uşaq qəbul olunub. Hələ sağlamlığımızın keşiyində dayanan səyyar tibb məntəqəmiz də var. Necə deyərlər, Xocalıda həyat davam edir. Bu torpaqların bütövlüyü, azadlığı uğrunda uf demədən canlarını fəda edən yüzlərlə igid oğulların, haqqları heç nə ilə ödənilməyəcək şəhidlərimizin hesabına Xocalı azaddır, Xocalı abaddır, Xocalı Azərbaycandır! Şükür bu günlərə!..


MANŞET XƏBƏRLƏRİ