Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə ekspert Zərnişan Camalova ilə müsahibə
- Su təhlükəsizliyi anlayışı nəyi ifadə edir və onun əsas komponentləri hansılardır?
- Su təhlükəsizliyi mövcud su ehtiyatlarının hər kəs üçün əlçatan, keyfiyyətli və dayanıqlı istifadəsini təmin edən vəziyyətdir. Həmçinin su təhlükəsizliyi yalnız içməli suyun deyil, həm də kənd təsərrüfatı, sənaye və ekoloji məqsədlər üçün suyun mövcudluğu və istifadəsinə zəmanət verir. Bu anlayış bir neçə bir-biri ilə əlaqəli komponentləri özündə birləşdirir. Miqdar komponenti hər kəsin suya fasiləsiz və adekvat çıxışının olmasını ifadə edir. Keyfiyyət komponenti su mənbələrinin çirklənmədən qorunmasını, yəni insanların sağlamlığı üçün təhlükəsiz su təmin edilməsini nəzərdə tutur. Su idarəçiliyi komponenti su resurslarının bölüşdürülməsi və istifadəsi üçün effektiv və ədalətli şəkildə idarə olunmasını əhatə edir. Dayanıqlıq və risk idarəetməsi iqlim dəyişikliyi, quraqlıq, daşqın və çirklənmə kimi təhdidlərə qarşı tədbirləri özündə cəmləşdirir. Ekosistemin qorunması isə göllərin, çayların və digər sulu ərazilərin sağlamlığını və davamlılığını təmin etmək üçün tələb olunan su axınının və keyfiyyətinin qorunmasını nəzərdə tutur.
- Dünyada su qıtlığı problemi var. Bəs, Azərbaycanda?
- Dünyada su qıtlığı ciddi və geniş yayılmış bir problemdir. Təxminən 2,1 milyard insan içməli su və ya sanitar-gigiyena xidmətlərindən məhrumdur. Əhalinin artımı, urbanizasiya, kənd təsərrüfatında tələbatın artması və iqlim dəyişikliyi bu problemi daha da dərinləşdirir. Azərbaycanda hələ qlobal səviyyədə su qıtlığı olmasa da, vəziyyət narahatedicidir. Azərbaycan regionun ən az su ehtiyatına malik ölkələrindən biridir və ehtiyatlarının təxminən 70 faizi transsərhəd çaylardan -əsasən Kür və Araz çaylarından - daxil olur. Bu, ölkənin su təhlükəsizliyini qonşu ölkələrdən asılı vəziyyətə salır və suyun həm keyfiyyəti, həm də miqdarı baxımından risklər yaradır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən içməli su ehtiyatlarının təxminən 30 faizi ölkənin ümumi su təminatı üçün böyük potensial daşıyır və bu regionların yenidən qurulması su təsərrüfatına müsbət təsir göstərə bilər.
- İqlim dəyişikliyi su ehtiyatlarının təhlükəsizliyinə hansı təsirləri göstərir?
-İqlim dəyişikliyi su təhlükəsizliyinə bir neçə əsas istiqamətdə təsir edir. Yağıntı rejiminin dəyişməsi nəticəsində bəzi bölgələrdə su çatışmazlığı yaranır, digərlərində isə daşqın hadisələri artır. Temperaturun yüksəlməsi buxarlanmanı artırır və yerüstü suların azalmasına səbəb olur. Buzlaqların əriməsi və qar ehtiyatlarının azalması əlavə su mənbələrinin tükənməsi ilə nəticələnir. Eyni zamanda, daşqın və quraqlıq hadisələrinin intensivləşməsi suyun keyfiyyətinin pisləşməsinə, içməli su ehtiyatlarının azalmasına və kənd təsərrüfatı üçün risklərin artmasına gətirib çıxarır.
- Transsərhəd su ehtiyatlarının istifadəsində beynəlxalq hüququn əsas prinsipləri hansılardır?
- Transsərhəd su ehtiyatlarının idarə olunması beynəlxalq hüququn əsas prinsipləri əsasında həyata keçirilir. Bu prinsiplərə bərabər və ədalətli şəkildə istifadə, zərər verməmə prinsipi, əməkdaşlıq və məlumat mübadiləsi daxildir. Bərabər və ədalətli şəkildə istifadə prinsipi hər bir transsərhəd su hövzəsi ölkəsinin öz ərazisindəki su ehtiyatından ədalətli və ağlabatan şəkildə istifadə etməsini nəzərdə tutur. Bu istifadə tarixi, sosial, iqtisadi və coğrafi aspektlər nəzərə alınmaqla müəyyən edilir. Zərər verməmə prinsipi ondan ibarətdir ki, heç bir dövlət digər sahil dövlətlərinə ciddi zərər verə biləcək fəaliyyətlə məşğul olmamalıdır. Əməkdaşlıq və məlumat mübadiləsi prinsipi isə dövlətlərin su ehtiyatlarının qorunması, mühafizəsi və səmərəli istifadəsi üçün bir-biri ilə qarşılıqlı əməkdaşlıq etməsini və məlumat paylaşmasını tələb edir.
- Azərbaycanın işğaldan azad edilmiş Şərqi Zəngəzur regionunda aktual su təhlükəsizliyi riskləri hansılardır?
- Azərbaycanın işğaldan azad edilmiş Şərqi Zəngəzur regionu əsas su hövzələrindən biridir. Araz çayının qolları, o cümlədən Həkəri və Bərgüşad çayları bu bölgədən keçir. Bu regionda aktual su təhlükəsizliyi riskləri bir neçə istiqamətdə müşahidə olunur. Ən əsas risklərdən biri ekoloji çirklənmədir. İşğal dövründə su ehtiyatlarının nizamsız istifadəsi, məişət və sənaye tullantıları ilə çirklənməsi, xüsusən də faydalı qazıntı yataqlarının istismarı zamanı kimyəvi tullantıların çaylara axıdılması suyun keyfiyyətinə ciddi zərbə vurub. Digər mühüm risk infrastrukturların dağıdılmasıdır - suvarma, içməli su və kanalizasiya sistemlərinin məhv edilməsi və ya köhnəlməsi, təmizləmə qurğularının olmaması su təminatında çətinlik yaradır. Yenidən məskunlaşma ilə içməli su və suvarma tələbatı artdıqca mövcud mənbələrə təzyiq də yüksəlir. Bundan başqa, Ermənistan ərazisindəki sənaye fəaliyyətləri, xüsusilə mədən sənayesində kimyəvi tullantıların axıdılması, transsərhəd su çirklənməsi riski yaradır.
- Şərqi Zəngəzurun Laçın rayonunda yenidən məskunlaşma aparılır, keçmiş məcburi köçkünlər öz yurdlarına dönür. Yenidən məskunlaşma və sənayeləşmə Laçında su resurslarının idarə olunmasına necə təsir edir?
- Laçın rayonunda aparılan yenidən məskunlaşma və sənayeləşmə prosesi su resurslarının idarə olunmasına həm müsbət, həm də mənfi təsirlər göstərə bilər. Müsbət tərəfdən, müasir su təchizatı, kanalizasiya və təmizləmə qurğularının tikilməsi su itkilərini azaldır, suyun keyfiyyətini yüksəldir və resursların daha səmərəli istifadəsinə imkan yaradır. Lakin əhalinin qayıdışı, yeni yaşayış massivlərinin və sənaye obyektlərinin inşası içməli, məişət və istehsal məqsədli suya olan tələbatı artırır. Əgər bu proseslər planlı şəkildə həyata keçirilməzsə və ənənəvi, su itkilərinə səbəb olan üsullar tətbiq edilərsə, su ehtiyatlarına ciddi təzyiq yarana bilər. Kənd təsərrüfatı potensialının bərpası ilə suvarma tələbatı da artacaq. Bu baxımdan, resursların idarə olunması yalnız infrastruktur baxımından deyil, həm də ekoloji və sosial aspektlərdən düşünülməlidir.
- Laçında su ehtiyatlarının səmərəli istifadəsi üçün hansı texnologiyalar və innovativ yanaşmalar tətbiq edilə bilər?
- Laçın rayonunda su ehtiyatlarının səmərəli istifadəsi üçün müasir və innovativ texnologiyaların tətbiqi vacibdir. Kənd təsərrüfatında damcı suvarma və yağışlama sistemləri ənənəvi arx suvarma üsulları ilə müqayisədə suyun birbaşa bitki kökünə yönəldilməsini təmin edir və itkiləri 50-70 faiz azalda bilər. Müasir su təmizləmə qurğularında fiziki, kimyəvi və bioloji təmizləmə üsullarının kombinasiyası vasitəsilə tullantı sularının təmizlənməsi və onların texniki və ya suvarma məqsədləri üçün təkrar istifadəsi mümkündür. İnteqrasiyalı su ehtiyatlarının idarə olunması konsepsiyası bütün su ehtiyatlarını- yerüstü, yeraltı suları və bütün istifadəçiləri – kənd təsərrüfatı, sənaye və məişət sektorlarını vahid və koordinasiyalı strategiya ilə idarə etməyi nəzərdə tutur. Ağıllı şəbəkə və itki aşkarlama sistemləri vasitəsilə su itkisini azaltmaq və iqtisadi səmərəliliyi artırmaq da Laçın kimi dağlıq və ekoloji həssas bölgələrdə mühüm əhəmiyyət daşıyır.

Müsahibə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Laçın rayonunda su təhlükəsizliyi" layihəsi çərçivəsində hazırlanıb.
Tural Turan