Tramp və Netanyahunun gizli razılığı: “Böyük İsrail” üçün Qəzza niyə vacibdir? - ŞƏRH


İsrailin Qəzzaya qarşı son qurudan hücumu bölgədə gərginliyi daha da artırıb. Baş nazir Benyamin Netanyahunun rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatların əsas məqsədinin HƏMAS-a qarşı mübarizə olduğu bildirilir. Lakin bu hücumlar nəticəsində mülki əhali arasında da xeyli itki yaşanıb və humanitar vəziyyət daha da pisləşib.

İsrail tərəfi əməliyyatların təhlükəsizlik zərurəti olduğunu vurğulayır, beynəlxalq ictimaiyyət isə artan mülki itkilər və humanitar fəsadlarla bağlı narahatlıq ifadə edir. Bu çərçivədə ABŞ-ın, xüsusilə də prezident Donald Trampın İsrailə verdiyi dəstək diqqət çəkir. Tramp administrasiyası dövründə İsrail-Fələstin münasibətlərinə dair bir sıra mühüm siyasi addımlar atılıb və bu proses Netanyahunun mövqeyinə ciddi təsir göstərib.

Hazırkı vəziyyət Qəzzada humanitar yardıma çıxış imkanlarını məhdudlaşdırır və tərəflər arasında diplomatik çıxış yollarının tapılmasını daha da çətinləşdirir.

Maraqlıdır görəsən, Netanyahu Qəzzanın işğalı ilə nəyi hədəfləyir? Hücum əməliyyatlarını Tramp ona tapşırır? Turkustan.az olaraq bu sualları politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

Oqtay Qasımov

Netanyahu hökumətinin məqsədi Qəzza zolağını boşaltmaq və oranı İsrailin tam nəzarəti altına almaqdır. Çünki Qəzza zolağı həm dəniz limanlarına, həm də Aralıq dənizində strateji mövqelərə sahibdir. Netanyahu hökuməti bu əraziləri boşaldaraq həm İsrailin ərazisini genişləndirmək, həm də bölgədə strateji üstünlüyünü artırmaq niyyətindədir.

Bundan əlavə, Misir sərhədlərinin böyük bir hissəsi də buradan nəzarətə götürülür. Bütün bunlar Netanyahu hökumətinin “Böyük İsrail” siyasətinin bir parçası kimi dəyərləndirilə bilər. Donald Trump məsələsinə gəldikdə isə, o, şübhəsiz ki, Netanyahu hökumətini və İsraili tam dəstəkləyən bir prezident olub.

Faktiki olaraq, İsrailin bu əməliyyatları ABŞ tərəfindən sərt etirazlarla qarşılanmadığı üçün İsrail bölgədə daha rahat hərəkət edə bilir. Trampın İsrailə təsirini nəzərə alsaq, onun hakimiyyətinin birinci dönəmində Qüdsü İsrailin paytaxtı kimi tanıması da bu mövqeyin açıq göstəricisidir.

Bu baxımdan Netanyahu hökuməti atdığı bir çox addımları ABŞ ilə razılaşdırsa da, bəzi məqamlarda fərqli mövqe tutaraq Vaşinqtonu fakt qarşısında qoymağa çalışır. Qəzza məsələsinə dair isə Trampın mövqeyi aydındır: Fevral ayında Netanyahu ilə birgə mətbuat konfransında o, Qəzzada hansısa həll yolunun tapılması ilə bağlı fikirlərini səsləndirmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ