Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqton razılaşmasına münasibət bildirib. Prezident İlham Əliyevlə görüşdən əvvəl və sonra təmasda olduğunu diqqətə çatdırıb. Bu, Ankaranın gedişatdan razı olduğunu göstərir. Lakin bəzi mənbələr iddia edirlər ki, Türkiyə prosesdən kənarda qalıb və sülh masasının ABŞ-da qurulmasına etiraz edir.
Bəs real vəziyyət necədir: Türkiyə həqiqətən prosesdən uzaqlaşdırılıb, yoxsa mühüm oyunçu olaraq təsir imkanlarını qoruyur?
Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, Rəcəb Tayyib Ərdoğanın açıqlamasından Ankaranın prosesi yaxından izlədiyi və İlham Əliyevlə birbaşa təmasda olduğu görünür:
“Bu isə Türkiyənin prosesdən tamamilə kənar qalması versiyasını zəiflədir. Əksinə, Ankara regiondakı geosiyasi balansın mühüm oyunçusu olaraq təsir imkanlarını qorumaqda maraqlıdır və bu marağından heç vaxt geri çəkilməyəcək.
Vaşinqton formatında masanın qurulması ABŞ-ın Cənubi Qafqazda vasitəçilik ambisiyasını göstərsə də, bu, Türkiyənin prosesdən sıxışdırılması demək deyil. Ankara həm NATO müttəfiqi olaraq, həm də Azərbaycanla strateji tərəfdaşlıq çərçivəsində paralel diplomatik kanallar vasitəsilə danışıqlara təsir edir.
Elman Telmanoğlu
Bəzi mənbələrin irəli sürdüyü “etiraz” iddiaları isə daha çox informasiya mübarizəsinin bir hissəsi kimi qiymətləndirilə bilər. Bu lazımsız nüansı tirajlayanlar tarixi hadisəyə kölgə salmaq istəyən qüvvələrdir. Türkiyə üçün əsas məsələ danışıqların nəticəsinin Azərbaycanla müəyyənləşdirilmiş strateji hədəflərə uyğun olmasıdır. Bu baxımdan, proses hansı məkanda keçirilsə də, Ankara üçün önəmli olan yekun sənədin məzmunu və bölgədə formalaşacaq yeni balansdır”.