ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyi bildirilir. İddialara görə, görüşün əsas məqsədi sülh sazişinin imzalanmasıdır.
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinin mətnini paraflamağa hazır olduqlarını həftələr öncə bəyan ediblər:
“Deməli, yerdə qalırdı tarixi və paraflanmanın imzalanacağı məkanı müəyyənləşdirmək. Vaxtilə Qarabağ məsələsi ilə məşğul olan 3 həmsədrdən ikisi – Rusiya və Fransa müxtəlif səbəblərdən məkan kimi seçilə bilməz. Görünür, Vaşinqton yaranan fürsətdən öz xeyrinə istifadə etməyə çalışır. Təsadüfi deyil ki, Tramp iyulun 18-də amerikalı senatorlarla şam yeməyində “Ermənistan, Azərbaycan – biz orada möcüzə yaratdıq və artıq məqsədə yaxınıq” ifadəsini işlətmişdi. Yəni Tramp bununla demək istəyirdi ki, sülh sazişinin hazırlanmasında və tərəfləri bir-birinə yaxınlaşdırmaqda onun administrasiyasının da payı var.
Elxan Şahinoğlu
Halbuki, Bakı və İrəvan bugünə qədər danışıqlarda nə əldə ediblərsə, bu, birbaşa dialoq və müzakirələr nəticəsində baş tutub. Buna baxmayaraq, Bakı və İrəvan Tramp administrasiyası ilə yaxşı münasibətlərə ümid bəslədiklərindən Ağ Ev sahibinin rolunu kiçildən açıqlama vermədilər. Tramp verdiyi vədlərin əksinə olaraq, Rusiya–Ukrayna müharibəsində, o cümlədən Yaxın Şərq sülh prosesində uğur qazana bilmir. Ona belə vəziyyətdə nəsə fərqli uğur hekayəsi lazımdır. Belə bir hekayə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin sülh sazişini imzalamaları və ya paraflamaları ola bilər”.