Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi Sərəncam imzalayıb. Sərəncama əsasən, general-mayor Rüstəmov Zaur Zeynalabdul oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Turkustan.az Zaur Rüstəmovun dosyesini təqdim edir:
Zaur Rüstəmov 1975-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində müəllim ailəsində dünyaya göz açıb. Əvvəlcə İsmayıllı rayonunun Kürdmaşı orta məktəbində, ardınca Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb.
Hərbi liseydən sonra, 1992-ci ildə dövlətimiz tərəfindən Türkiyə Respublikasına hərbi təhsil almaq üçün göndərilib. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçilərindən biri olaraq vətənə qayıdıb, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə davam edib. Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin general-mayoru olan Zaur Rüstəmov xidməti dövründə dövlətimiz tərəfindən dəfələrlə mükafatlandırılıb. Azərbaycan Ordusun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında paraddan keçən təyyarəçilərə öndərlik edib.
Z. Rüstəmov 2022-ci ilin may ayında Bakıda keçirilən "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn "Baykar Texnologiya"nın rəhbəri Selçuk Bayraktar ilə birlikdə Azarbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçuş edib. Belə ki, S. Bayraktarı uçuş zamanı Zaur Rüstəmov müşayiət edib.
25 iyun 2022-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Zaur Rüstəmova General-mayor ali hərbi rütbəsi verilib.
7 noyabr 2024-cü ildə o, Hərbi Hava Qüvvələri Komandanının müavini-Hava Döyüş Komandiri vəzifəsinə təyin olunub.
İngilis,rus dillərini bilir.
/Bizim.Media