Eçmiədzin kilsəsi Ermənistanın Baş naziri Nikol Paşinyanın “təsir agenti” ilə bağlı ittihamlarına cavab verib.
Kilsənin açıqlamasında Paşinyanın çıxışı “siyasi rəhbərliyin təzyiqi və yersiz davranış ritorikası” adlandırılıb.
Turkustan.az xəbər verir ki, bütün ermənilərin katolikosu II Qaraginin sədrliyi ilə yepiskopların və yeparxiya başçılarının iclasının yekunu üzrə qəbul edilən kilsə bəyanatında bildirilir ki, siyasi rəhbərlik Azərbaycana birtərəfli güzəştlərə etirazlar fonunda kilsəyə hücum edir.
“Rəsmi statistika Erməni Apostol Kilsəsinə vergidən yayınma ittihamları irəli sürsə də, vergi öhdəliklərini sədaqətlə yerinə yetirilməsinə dair faktlar var. Hökumət başçısının əsassız və bilərəkdən erməni kilsəsini keçmişdə də, indi də “təsir agenti” olmaqda ittiham etməsi xüsusilə qınaq doğurur. Biz təəssüf edirik ki, hazırki hakimiyyət kilsə-dövlət münasibətlərindəki problemləri belə yersiz şəkildə, təhdid, təzyiq və dezinformasiya vasitələrindən istifadə edərək dilə gətirir”, - deyə bəyanatda deyilir.
Ruhanilər hesab edirlər ki, hakimiyyət öz siyasətində dəyişiklik etməli, kilsənin tarixi missiyasını və onun Konstitusiyada əksini tapmış xalqın həyatındakı əhəmiyyətini xatırlamalıdır.
Bundan əvvəl Paşinyan Ermənistan parlamentindəki çıxışında erməni katolikoslarının əvvəllər Bizansdan asılı olduğunu bildirib, bu tarixi ənənənin davam etdiyini deyib və din xadimləri arasında “təsir agentləri”nin olduğunu deyib.
Paşinyanın sözlərinə görə, erməni kralı Pap bu ipi qırmağa çalışıb, lakin buna vaxtı olmayıb, o, tezliklə öldürülüb. Amma Baş nazir ümid edib ki, onun başladığı işi yaxın bir-iki ayda tamamlayacaq:
“Başqa sözlə, kilsə artıq təsir agenti olmayacaq və kral paplar artıq öldürülməyəcək”. /Cebhe.info/