İranın “bir atımlıq barıtı”: “Əvvəlcədən razılaşdırılmış siyasi oyun”


İran hakimiyyətinin İsrailə birbaşa ilk həmləsi daxili auditoriyanın sakitləşdirilməsinə hesablanıb.

Bu sözləri politoloq Natiq Miri “Cebhe.info”-ya açıqlamasında İranın İsrailə dron və raket hücumunun səbəblərini və nəticələrini şərh edərkən bildirib. O qeyd edib ki, İranda ictimaiyyət rejimin İsraildən qisas almasını gözləyirdi:

“İran hakimiyyətinin həm ölkə daxilində, həm regionda, həm də beynəlxalq səviyyədə öz nüfuzunu və etibarını qorumaq üçün belə bir əməliyyat keçirməyə ehtiyacı var idi. Amma göründüyü kimi, Tehranın bu hücum əməliyyatı İsraili o qədər də ciddi və ağır təhlükəyə məruz qoymadı. Hesab edirəm ki, İranın hərbi-siyasi rəhbərliyi bu əməliyyatı müəyyən güc mərkəzləri ilə əvvəlcədən razılaşdırıb. İran hakimiyyəti hücum əməliyyatını keçirməmişdən əvvəl bu barədə ABŞ və digər güc mərkəzlərinə xəbərdarlıq edib. İsrail də hücuma qarşı mükəmməl hazırlıq işləri görmüşdü. Hücum zamanı İsrailin hava hücumundan müdafiə sistemləri, eləcə də qırıcı təyyarələri İranın bütün dron və raket hücumlarını zərərsizləşdirdi. İsrail ordusu İranın hücumlarını qətiyyətli şəkildə dəf etdi. Əgər İran hakimiyyəti İsraildən qisas almaq niyyətində olsa idi, öz hücum əməliyyatı barədə əvvəlcədən ABŞ-yə xəbərdarlıq etməzdi. İranın hücumu nəticəsində İsrailin hərbi avai bazalarına çox cüzi ziyan dəyib. Belə görünür ki, İran öz qisasını tam yerinə yetirməyib. Tehran sadəcə öz daxili və xarici nüfuzunu qorumaq üçün belə bir nəticəsiz hücuma əl atıb”.

Yaxın Şərqin İran ilə İsrail arasında genişmiqyaslı müharibə poliqonuna çevrilməsi ehtimalına gəlincə, Natiq Miri regionda belə bir potensial təhlükənin mövcud olduğunu vurğulayıb:

“Bu təhlükə HƏMAS-ın İsrailə hücumundan sonra başlayıb. Belə bir potensial təhlükə o zamandan bu günə qədər daha da böyük yanğına çevrilməyə doğru gedir. Amma hazırki dövrdə Yaxın Şərqdə bütöv bir regionu əhatə edəcək müharibənin baş verməsi ehtimal olunmur. Çünki İranın hərbi-siyasi rəhbərliyi son əməliyyatı həyata keçirdikdən sonra bəyan edib ki, İran artıq öz qisasını aldı və növbəti əməliyyata ehtiyac duymur. Rəsmi Təl-Əviv də İranın hücumlarına heç bir adevkat cavab tədbiri görməyəcəyini bəyan edib. Buradan çox aydın görünür ki, İranın hücum əməliyyatı əvvəlcədən razılaşdırılmış siyasi oyundur. Tehran bu oyun çərçivəsində son addımlarını atıb. Əgər İsrail İrana qarşı cavab xarakterli hücumu əməliyyatı həyata keçirməzsə, Yaxın Şərq regionunda böyük bir müharibənin baş verməsi ehtimalı çox aşağıdır. Onu da qeyd edim ki, İsrailin öz strateji müttəfiqlərinin razılığı və dəstəyi olmadan İrana birbaşa hücum etməsi inandırıcı deyil. Həmçinin elə zaman olub ki, İran hakimiyyəti də müəyyən addımlarını Vaşinqtonla razılaşdırıb. İranın rəhbərləri sözdə təhdidlər yağdırsa da, əməldə buna uyğun davranmır. Tehran hər zaman öz missiyasına uyğun davranır”.

Politoloq əlavə edib ki, İran hakimiyyəti İsraillə birbaşa deyil, regiondakı öz proksi qüvvələri vasitəsilə müharibə aparacaq:

“İran İraqla müharibədən sonra regionda heç bir ölkə ilə birbaşa müharibə aparmayıb. Tehran İraq, Suriya, Livan və Yəməndəki öz proksi qüvvələri vasitəsilə İsrailə qarşı hücumlar təşkil edəcək”.

Natiq Miri Rusiya və Çinin İran-İsrail gərginliyinin böyük bir müharibəyə çevrilməsində maraqlı olduğunu bildirib:

“Moskva və Pekinin çox ürəyincədir ki, İran ilə İsrail arasındakı hazırki münaqişə böyük bir müharibəyə çevrilsin. Çünki bunun baş verəcəyi təqdirdə ABŞ bu müharibəyə qatılmaq məcburiyyətində olacaq. Belə olan halda Vaşinqton çox böyük enerji və maliyyə itkisinə məruz qalacaq. Bu, ABŞ-nin Rusiya və Çinlə geosiyasi mübarizədə mövqelərini zəiflədəcək. Eyni zamanda, İran hakimiyyəti də fərqindədir ki, bu müharibə təhlükəli nəticələr doğuracaq. Tehran anlayır ki, Rusiya İranın gələcəyindən daha çox öz geosiyasi maraqlarını güdür”.


MANŞET XƏBƏRLƏRİ