ABŞ-a məxsus F-16 qırıcısı təlim uçuşu zamanı Sarı dənizə düşüb. Qəzaya az qalmış tullanmağı bacaran pilot sağ qalıb.
Turkustan.az xəbər verir ki, bu gün Çin materiki ilə Koreya yarımadası arasında yerləşən Sarı dənizdə ABŞ-ın daha bir döyüş təyyarəsi qəzaya uğrayıb.
Hərbi mənbələrdən əldə edilən məlumata görə, Cənubi Koreyada yerləşdirilən ABŞ qüvvələrinə aid F-16 tipli döyüş təyyarəsinin təlim uçuşu üçün paytaxt Seulun cənubundakı Kunsan Hərbi Hava Qüvvələri bazasından havaya qalxdıqdan sonra qəzaya uğradığı öyrənilib. Təyyarə qəzaya uğramazdan əvvəl tullanmağı bacaran pilot Cənubi Koreya sahil mühafizəsi tərəfindən sağ-salamat xilas edilib.
F-16-nın qəzaya uğramasının səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, hadisə ilə bağlı ətraflı araşdırma başladılıb.
ABŞ Hərbi Hava Qüvvələri keçən ay Yaponiyada baş verən qəza ilə gündəmə gəlmişdi. Osprey tipli hərbi təyyarə noyabrın 29-da Yakusima adasının sahillərində dənizə düşüb və göyərtəsində olan 8 ekipaj üzvünün hamısı həyatını itirib. Qəzadan sonra ABŞ ordusu bütün Osprey tipli təyyarələrin fəaliyyətini dayandırıb.
Eltac/Turkustan.az