ABŞ Prezidenti Donald Tramp ABŞ nümayəndə heyətinin Pakistana planlaşdırılan səfərinin ləğv edilməsinin müharibənin yenidən başlayacağı anlamına gəlmədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp Fox News telekanalına müsahibəsində səfərin son anda ləğv edildiyini açıqlayıb və bunun hərbi gərginliyin artması demək olmadığını qeyd edib.
Məlumata görə, Tramp xüsusi elçisi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerə Pakistana səfər etməmələri barədə göstəriş verib və uzunmüddətli uçuşun məqsədəuyğun olmadığını vurğulayıb.
ABŞ prezidentinin sözlərinə görə, onların ixtiyarında kifayət qədər vasitə var və qarşı tərəf istədiyi vaxt əlaqə saxlaya bilər, lakin nəticəsiz görüşlər üçün uzun səfərlərə ehtiyac yoxdur.
Bu açıqlama İranın xarici işlər naziri Abbas Əraqçinin Pakistanı tərk etməsi ilə bağlı xəbərlərdən sonra verilib.
İran tərəfi daha əvvəl ABŞ nümayəndə heyəti ilə Pakistanda birbaşa görüşün planlaşdırılmadığını, yalnız dolayı əlaqə imkanlarının nəzərdə tutulduğunu bildirmişdi.
Aytən Yaşar/ Turkustan.az