Britaniya mediası Hörmüz boğazındakı gəmiçilik üçün yaranan gizli təhlükələri təhlil edərək yazıb ki, regionda əsas risk İranın aviasiyası və ya raketləri deyil, məhz mini-sualtı qayıqlar donanmasıdır.
Turkustan.az xəbər verir ki, İranın sualtı qüvvələrinin əsasını “Fars körfəzinin ruhları” adlandırılan “Qadir” sinfinə məxsus sualtı qayıqlar təşkil edir.
Cəmi 120 ton çəkisi və təxminən 29 metr uzunluğu olan bu qayıqlar Fars körfəzinin bulanıq və dayaz sularında fəaliyyət göstərmək üçün layihələndirilib. Onların yığcamlığı iri zərbə sualtı qayıqlarının səmərəsiz qaldığı və asanlıqla aşkarlandığı 30 metr dərinlikdə belə manevr etməyə imkan verir. “Qadir” sinfinə məxsus bu qayıqlar öz “ovlarını” səssizcə izləmək, gəmi əleyhinə qanadlı raketlər və ya özühədəf alan torpedalar buraxmaq, daha sonra isə iz buraxmadan yoxa çıxmaq qabiliyyətinə malikdir.
Mütəxəssislər Tehranın 10 belə sualtı qayığa sahib olduğunu təxmin edirlər. Onların əsas vəzifəsi gecə saatlarında gizli şəkildə dəniz minaları düzmək və tankerlərə torpedo hücumları təşkil etməkdir. Boğazdakı intensiv neft hasilatından qaynaqlanan güclü səs-küy və mürəkkəb relyef müasir sualtı əleyhinə müdafiə sistemlərinin bu qayıqları aşkar etməsini demək olar ki, qeyri-mümkün edir.
![]()
Mini-sualtı qayıqlarla yanaşı, İranın sərəncamında aşağıdakı texnikalar da var:
Təkmilləşdirilmiş sensorlarla təchiz edilmiş 600 tonluq “Fateh” sinfinə məxsus qayıqlar;
Rusiya istehsalı olan üç ədəd ağır “Kilo” sinfinə məxsus dizel-elektrik sualtı qayığı (lakin onlar dayaz sularda az səmərəlidir);
Diversiya vasitələri, döyüşçü-üzgüçülərin daşınması üçün aparatlar və kater-kamikadzelər.
Məlumata görə, İranın strategiyası ABŞ aviadaşıyıcılarını məhv etmək deyil, dünya neft ticarətini “iflic etməkdir”. Hörmüz boğazının kütləvi şəkildə minalanması tədarükü həftələrlə bloklaya bilər, çünki belə şəraitdə minalardan təmizlənmə olduqca uzun və təhlükəli bir prosesdir.
Musavat.com
