Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO


Qətər Silahlı Qüvvələrinə məxsus helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayaraq dənizə düşüb. Qəza nəticəsində bir türk hərbçisi və ASELSAN-ın iki texniki əməkdaşı həlak olub. Bundan başqa, dörd qətərli hərbçinin də həyatını itirdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, Qətər Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Qətər Silahlı Qüvvələrinə məxsus helikopter rutin tapşırığını yerinə yetirərkən texniki nasazlıq səbəbindən ölkənin ərazi sularına düşüb.

Nazirlik qəza nəticəsində altı nəfərin öldüyünü, bir nəfərin isə itkin düşdüyünü açıqlayıb.

Qəza ilə bağlı kədərli xəbəri Türkiyənin Milli Müdafiə Nazirliyi də təsdiqləyib. Nazirliyin açıqlamasında bildirilib ki, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayaraq dənizə düşüb və hadisə nəticəsində bir türk hərbçisi və ASELSAN-ın iki texniki əməkdaşı həlak olub. Ölənlərdən dördünün isə Qətər hərbçisi olduğu qeyd edilib.

Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir:

“Türkiyə Respublikası ilə Qətər Dövləti arasında hərbi əməkdaşlıq və koordinasiya fəaliyyəti mövcud razılaşmalar və planlaşdırmalar çərçivəsində fasiləsiz şəkildə davam edir.

Qətər-Türkiyə Birləşmiş Müştərək Qüvvələr Komandanlığının tərkibində təlim fəaliyyəti həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopter martın 21-i axşamı ilkin müəyyənləşdirmələrə görə texniki nasazlıq səbəbindən qəzaya uğrayaraq dənizə düşüb. Dərhal başladılan axtarış-xilasetmə tədbirləri nəticəsində helikopterin qalıqları və həlak olanların cəsədləri tapılıb.

Qəza zamanı helikopterdə olan dörd Qətər Silahlı Qüvvələri əməkdaşı, bir Türkiyə Silahlı Qüvvələri hərbçisi və ASELSAN-ın iki texniki əməkdaşı həlak olub. Qəzanın dəqiq səbəbi Qətər rəsmilərinin araşdırmasından sonra müəyyənləşdiriləcək. Bu ağır hadisədə həyatını itirən bütün şəhidlərimizə rəhmət, ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə, Qətər Silahlı Qüvvələrinə, ASELSAN-a, türk millətinə və qardaş Qətər xalqına başsağlığı veririk.”


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ