Ukraynanın yeni müdafiə naziri Mixaylo Fedorov Rusiyanın döyüş meydanında qələbə qazana bilməyəcəyini bildirib və son iki ayda ümumilikdə 65 min rus hərbçisinin zərərsizləşdirildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, yanvarın 14-də vəzifəyə başlayan Fedorov NATO müdafiə nazirlərinin görüşündə ilk çıxışı zamanı baş katib Mark Rutte ilə birlikdə mətbuata açıqlama verib.
“Biz görürük ki, Rusiya bizi döyüş meydanında məğlub edə bilmir”, – deyə Fedorov bildirib. O əlavə edib ki, məhz buna görə Rusiya mülki şəxsləri, eləcə də mülki və kritik infrastrukturu hədəf alır.
Nazir qeyd edib ki, Rusiya son hücumlarda azı 24 ballistik raket buraxıb və NATO müttəfiqlərinin göstərdiyi dəstəyin Ukrayna üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Fedorov bildirib: “Rusiya ilə mübarizəni davam etdiririk və strategiyamız işləyir. 2025-ci ilin dekabr ayında 35 min, yanvar ayında isə 30 min rus hərbçisini zərərsizləşdirdik.”
O, 2026-cı ilə dair baxışlarını NATO–Ukrayna Şurasının bugünkü iclasında təqdim edəcəklərini deyərək əlavə edib: “İnanıram ki, bu gün tərəfdaşlarımızın dəstəyini alacağıq və göstərdiyiniz dəstəyə görə təşəkkür edirik.”
Aytən Yaşar/ Turkustan.az