MHP lideri niyə Qərbə qarşı Ankara, Moskva və Pekin arasında ittifaq yaradılmasını istəyir?
Rusiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Aleksey İvanov Türkiyə prezidentinin müttəfiqi və Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının Qərbə qarşı çıxmaq üçün Ankara, Moskva və Pekin arasında ittifaq yaratmaq ideyasını maraqlı adlandırıb.
Baxçalı əvvəllər ABŞ və İsraildən ibarət “şər koalisiyasına” qarşı Türkiyə, Rusiya və Çin arasında ittifaq yaratmağı təklif etmişdi. Baxçalının təşəbbüsünə münasibət bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ bununla “tam tanış olmadığını”, lakin “hər şeyin yaxşılığa doğru olmasını” arzuladığını bildirib.
İvanov Türkiyənin “Nefes” qəzetinə verdiyi müsahibədə bildirib ki, “Baxçalının ifadə etdiyi ideyanı çox maraqlı hesab edirlər: "Baxçalının mövcud proseslərə çox məntiqli baxışı var. Rusiya, Türkiyə və Çin həm sonda üçtərəfli formatda, həm də beynəlxalq strukturlarda çoxqütblü dünyada əsas oyunçulardır".
İvanov həmçinin bildirib ki, “Rusiya ilə Türkiyə arasındakı münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu yüksək səviyyəli əməkdaşlığın göstəriciləri olan flaqman layihələr var”. Diplomat enerji, xüsusən də nüvə enerjisi, Rusiya qazı, nefti və neft məhsullarının tədarükü, kənd təsərrüfatı və turizm sahələrini 2026-cı ildə Rusiya və Türkiyə arasında əməkdaşlıq üçün ən perspektivli sahələr kimi müəyyən edib.
İvanov həmçinin bildirib ki, Moskva və Ankara beynəlxalq və regional gündəmlərdə “təcili məsələlər üzrə yaxşı koordinasiya qurublar”. İvanov əlavə edib ki, “Rusiya Türkiyə ilə ikitərəfli əməkdaşlıq səviyyəsindən məmnundur”.

Fikrət Yusifov
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a dedi ki, dünyanın iki böyük gücünün arasında gedən savaşda digər dövlətlər öz mövqelərini müəyyən etməyə məhkumdular: “İki böyük güc - ABŞ və Çin arasında bu gün davam edən qarşıdurma hələ özünün kulminasiya nöqtəsinə çatmayıb. Lakin inandırmaq istəyirəm ki, bu qarşıdurma son həddə çatdıqda digər ölkələrin iki güc arasında balanslaşmış siyasət aparması mümkün olmayacaq. O səbəbdən dövlətlər strateji olaraq yaxın gələcəkdə hansı tərəfdə dayanacaqlarının fərqində olmalıdılar. Bu seçimi indi etmək çətindir. Götürək, Türkiyənin bu məsələdəki durumunu. Türkiyə bu gün iki böyük güc arasında balanslaşdırılmış bir siyasət sərgiləyir. O, buna məcburdur. Çünki bir tərəfdən ABŞ ilə birlikdə NATO-nun iki güc sahibindən biridir, digər tərəfdən Birləşmiş Ştatlarla bir çox sahələrdə - xüsusilə də hərbi sənaye müstəvisində yaxınlıq etməyə çalışır. Bu gün Türkiyənin Çinlə də münasibətləri yüksək səviyyədədir. Bu durumda Türkiyə nə etməlidir? Əslində sualın cavabı zamanla veriləcək. İki nəhəngin savaşında hansı tərəf yeniləcək? Bu sualın tam cavabı hələlik olmasa da, görünən budur ki, Trampın hakimiyyətə gəlməsindən sonra bu qarşıdurmada yenilən hələlik Çindir. ABŞ-nin Çinin Panama kanalındakı təsirlərini neytrallaşdırması, onun yaxın müttəfiqi Venesuelanı məğlub etməsi, Qrelandiyada hökmranlığına bir addımın qalması, Rusiya-Ukrayna müharibəsində ciddi iqtisadi dividentlər əldə etməsi və bu sahədəki böyük gözləntiləri, İran üzərində qara bulud kimi dayanması kimi uğurları həm də bu məkanlarda Çinin mövqelərinin itirilməsi deməkdir... Düşünürəm ki, bütün hallarda ABŞ və Çin ətrafında cəmləşən ölkələrin son və qəti qərar vermək zamanı çox da uzaqda deyil”.

Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Baxçalının Türkiyə-Rusiya-Çin strateji müttəfiqlik modeli hazırkı qlobal müstəvidə hər üç ölkənin maraqlarına cavab verir: “Kreml də Türkiyənin belə bir qütbdə təmsil olunmasını arzulayır. Çünki həm Çin, həm də Rusiya Qərbin Şərqə doğru "səlib yürüşünü" dayandırmaq istəyir. Digər tərəfdən, Rusiya bu addımla Türkiyə və NATO arasında nifaq salmağa çalışır. Türkiyənin strateji hədəfləri isə Rusiya və Çinlə yaxınlaşmaqla oradakı türkdilli xalqlarla inteqrasiyanı sıxlaşdırmaq, türk topluluqlarının yaşadığı bölgələrə investisiya yatırmaqdır. Eyni zamanda Türkiyə Rusiya və Çinin silah bazarında önəmli rola sahib çıxmağa can atır. Digər tərəfdən, Ankara Pekin və Çinlə yaxınlaşmaqla İranı intihar ipindən almağa çalışır. Bu da o deməkdir ki, Türkiyə İrandan sonrakı hədəfin məhz özü olacağı qənaətindədir. Bundan başqa, qardaş ölkə İsrailə qarşı blokda Rusiya və Çini də görmək istəyir. Moskva İsrailin Suriyada ruslara qarşı etdiklərini unutmayıb. Doğrudur, Dövlət Baxçalının dedikləri hazırda Türkiyə siyasətinin de-yure planlarına daxil edilməyib. Amma onun bu fikirləri həm Türkiyə cəmiyyətinə, həm də Pekin və Moskvaya bir ismarışdır. Ankara bu cür teoremləri ortaya atmaqla Kreml və Pekinin mövqeyini öyrənmək üçün nəbz yoxlamasına baş vurur".