İranda rejim əleyhinə etirazların yenidən alovlanmasından narahatlıq yaranıb. Tehran administrasiyası ABŞ-nin mümkün hərbi müdaxiləsinə cavab olaraq cavab zərbələri endiriləcəyini açıqlayıb.
Turkustan.az “The Wall Street Journal”a (WSJ) istinadən xəbər verir ki, İranın müxtəlif bölgələrində etiraz aksiyalarında həlak olanların xatirəsinə keçirilən dəfn və anım mərasimləri rejim əleyhinə etirazlara çevrilir.
Məşhəd, Təbriz və Şiraz şəhərlərində mərasimlər zamanı universitet tələbələrinin “Xameneiyə ölüm!” şüarları səsləndirdiyi və oturaq etiraz aksiyaları keçirdiyi bildirilir.
Şirazda tibb fakültəsinin tələbələrinin öldürülən etirazçılar və saxlanılan həkimlərə dəstək məqsədilə şüarlar səsləndirdiyi qeyd olunur. İran Həkimlər Şurasının sədri Məhəmməd Rəiszadə bildirib ki, təhlükəsizlik qüvvələri yanvarın 8 və 9-da həyata keçirdiyi reydlər zamanı 17 səhiyyə işçisini həbs edib.
Etirazlara lisey şagirdlərinin də qoşulduğu bildirilir. Adının açıqlanmasını istəməyən 17 yaşlı şagird “WSJ”yə bildirib ki, onların məktəbində şagirdlər səhərlər dövlət himnini oxumaqdan imtina edirlər.
Müxalif mövqeyi ilə tanınan İran Müəllimlər Həmkarlar İttifaqları Koordinasiya Şurasının açıqlamasında deyilir: “Sadə və legitim tələbləri olan insanların dinc etirazları qan içində boğuldu. Duyduğumuz dərin kədər zamanla köklü nifrətə çevrildi”.
İranda fəaliyyət göstərən 17 vətəndaş cəmiyyəti fəalı da yaydıqları açıq məktubda etirazlar zamanı baş verən ölümləri “insanlığa qarşı cinayət” adlandıraraq məsuliyyəti ölkənin ali dini lideri Əli Xamenei üzərinə qoyub:
“Bu dəhşətli vəziyyətin əsas məsuliyyəti ən yuxarı səviyyədəki şəxs və İran İslam Respublikasının repressiv idarəetmə sisteminə aiddir.”
“WSJ” Kirmanşah şəhərindən olan və adının açıqlanmasını istəməyən bir qadının qəzetə göndərdiyi mesajı da yazıb ki, “İnsanlar həm qorxu, həm də qəzəb içindədir. Hamımız əlimizi göyə açıb Trampın bizi bombalamasını dua edirik – təki Xamenei və rejimi məhv olsun. Tək-tək ölməyə razıyıq, amma övladlarımızın bizim yaşadığımız əzab və işgəncələri yaşamasını istəmirik”.
İranda etirazların yeni mərhələsi riyalın xarici valyutalar qarşısında kəskin dəyər itirməsindən sonra dekabrın 28-də Kapalıçarşı esnafının tətilə çıxması ilə başlamışdı.
“WSJ”nin məlumatına görə, bazar sahibkarlarının “Telegram” kanalında yayılan bəyanatda etirazlarda həlak olanların xatirəsinə yenidən küçələrə çıxmaq çağırışı edib:
“İranın bütün bölgələrindəki şərəfli xalqı öz şəhərlərində ölənlərin xatirəsini yaşatmağa və milli üsyanı davam etdirməyə çağırırıq”.
ABŞ Prezidenti Donald Tramp etirazçıların güllələnməsi və ya edam edilməsi halında hərbi müdaxilə ilə hədələmiş, daha sonra bu qərarı müvəqqəti dayandırmışdı.
Ağ Ev administrasiyası Yaxın Şərqdə hərbi mövcudluğunu artırdığı bir vaxtda, ötən il nəticəsiz qalan nüvə danışıqları bu gün Omanın paytaxtı Maskatda yenidən başlayıb. Keçən il aparılan danışıqlardan sonra İsrail və ABŞ İranı hədəf alan hücumlar həyata keçirmişdi.
ABŞ hökuməti İranda davam edən təhlükəsizlik risklərini əsas gətirərək öz vətəndaşlarına ölkəni dərhal tərk etmələri barədə xəbərdarlıq edib.
İran hakimiyyəti etirazlar zamanı ölənlərin sayı ilə bağlı ilk rəsmi açıqlamanı yanvarın 21-də verib. Açıqlamada təhlükəsizlik qüvvələri və mülki şəxslər daxil olmaqla 3 min 117 nəfərin həyatını itirdiyi bildirilib.
Lakin ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) etirazlar zamanı 6 min 872 nəfərin öldürüldüyünü, 50 min 553 nəfərin isə saxlanıldığını iddia edir.
Qeyri-rəsmi mənbələrdən gələn rəqəmlər daha qorxuncdur. İddialara görə, son etirazlarda ölü sayı 30 mini keçib. /BakuPost/