İranın xarici işlər naziri Abbas Arakçi ABŞ ilə nüvə danışıqları aparmaq üçün diplomatik nümayəndə heyətilə Omanın Maskat şəhərinə yola düşüb.
Turkustan.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai bildirib.
"Bu diplomatik danışıqlar nüvə məsələsində ədalətli, qarşılıqlı məqbul və dürüst bir anlaşmaya nail olmaq məqsədi ilə aparılır.
Bu prosesin formalaşmasında məsuliyyətli və iştirak edən bütün dost qonşu və regional ölkələri yüksək qiymətləndiririk. Ümid edirik ki, Amerika tərəfi də məsuliyyətlə, real və ciddi şəkildə iştirak edəcək", - deyə o qeyd edib.
Xarici işlər naziri Abbas Arakçi isə İran və ABŞ arasında bu gün yeni nüvə danışıqları mərhələsinin başlamasından bir neçə saat əvvəl Tehranın prinsipial diplomatiyaya sadiqliyini vurğulayıb.
Arakçi X sosial media platformasındakı paylaşımda yazıb: "Öhdəliklərə əməl olunmalıdır. Bərabər mövqe, qarşılıqlı hörmət və qarşılıqlı maraq ritorika deyil - bunlar mütləqdir və davamlı bir razılaşmanın sütunlarıdır".
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İranla planlaşdırılan nüvə danışıqlarında iştirak etmək üçün Omanın paytaxtı Maskat şəhərinə gəlib.
Diplomatik mənbələrə görə, danışıqlar Omanın vasitəçiliyi ilə keçiriləcək və Vaşinqtonla Tehran arasında uzun müddətdir ki, dayanmış nüvə məsələsinin yenidən başlamasına yönələcək. /modern.az/