Ağ Evin maraqlarına tamamilə cavab verən “sülh prosesi” Rusiyanın çökməsi üzrə deyil, Kremlin məhz qlobal məkanda siyasi-strateji məğlubiyyəti istiqamətində ssenariləşdirilib... Ukrayna şərtli suverenlik çərçivəsində mövcud olacaq, Avropa Birliyi ciddi risklərlə qarşı-qarşıya buraxılacaq, ABŞ üçün isə “əsas və dəyişməz qlobal arbitr” statusu qazanacaq...
Ukrayna müharibəsi ətrafında ABŞ və Qərbin “sülh oyunu” dərinləşməkdə davam edir və Rusiyanın strateji cəhətdən sıxışdırılması istiqamətində də artıq yeni mərhələ başlayıb. Belə ki, bu savaş poliqonunda nisbi sakitlik görüntüsü yaradılsa da, siyasi-diplomatik, enerji resursları və təhlükəsizlik sahələri üzrə daha sərt, həm də sistemli qarşıdurma müşahidə olunur. Son vaxtlar verilən mesajlar və qərarlar onu göstərir ki, ABŞ və Qərb üçün əsas hədəf artıq yalnız atəşkəs deyil. Və indi Rusiyanın geopolitik manevr imkanlarının uzunmüddətli perspektiv üçün sıradan çıxarılması strateji hədəf kimi ön plana keçirilib.
Onu da qeyd etmək lazımdır ki, Qərb siyasi dairələri Rusiyanın strateji təsir aləti hesan olunan “enerji silahı”nı artıq Kremlin əlindən almaq üzrədir. Belə ki, Avropa Birliyinin 2027-ci ilin sonuna qədər Rusiyadan təbii qaz idxalının tamamilə qadağan edilməsi ilə bağlı qərarı Ukrayna savaşı ilə birbaşa əlaqəsi olmayan strateji addımdır. Və bu addım faktiki olaraq, hətta Ukrayna savaşının sülh sazişi ilə dayandırılacağı təqdirdə belə, Rusiyanın Avropa enerji bazarına qayıdışının mümkün olmayacağını göstərir.
Təbii ki, Avropa Birliyinin bu ümumi qərarına müqavimət göstərməyə çalışan üzv dövlətlər də olmamış deyil. Ancaq belə ölkələrin sırasında yer alan Macarıstanın həmin qərara qarşı Avropa İqtisad Məhkəməsinə müraciəti siyasi reaksiyadan başqa bir şey deyil. Çünki Avropa Birliyi enerji məsələsini artıq iqtisadi deyil, məhz kollektiv təhlükəsizlik faktoru kimi təqdim edir. Buna paralel olaraq, ABŞ-ın da Rusiya enerji sektoruna qarşı yeni sanksiya paketlərini ehtiyatda saxlaması isə bu məsələdə transatlantik koordinasiyanın hələlik mövcud olduğunu göstərir. Və bu kontekstdə Rusiya üçün əsas problem yalnız enerji bazarınin deyil, həm də Qərbə qarşı önəmli təzyiq faktoru olan “enerji silahı”nın tamamilə itirilməsidir.
Maraqlıdır ki, Rusiyanın tədricən sıxışdırılması ilə yanaşı, Ukrayna prezidenti Volodimir Zelenskinin “savaşı bitirmək lazımdır” açıqlamasına verilən reaksiyalar onu göstərir ki, ABŞ və Qərb klassik sülh modeli yox, şərtli və nəzarətli atəşkəs ssenarisi hazırlayır. Xüsusilə də, “Financial Times”ın bu barədə məxfi qaynaqlara istinadən gündəmə gətirdiyi “çoxmərhələli cavab planı” böyük maraq doğurur. Və həmin plana görə, Rusiya tərəfindən hər hansı pozuntu halında, ilk 24 saat ərzində Kremlə siyasi-diplomatik xəbərdarlıq etmək, Ukrayna ordusunun sərt cavab reaksiyasi, daha sonra isə “istəklilər koalisiyası”nın birbaşa hərbi müdaxiləsi mümkün olacaq.
Eynu zamanda, bu yeni mexanizm NATO-nun formal qərar prosedurundan yan keçməklə, faktiki olaraq, birbaşa və çevik hərbi müdaxilə hüququnu legitimləşdirmiş olacaq. NATO-nun baş katibi Mark Rüttenin Ukrayna paytaxtı Kiyevdə verdiyi açıqlama isə bu yeni strategiyanı birmənalı şəkildə tamamlayır. Çünki o, bildirib ki, sülh sazişindən sonra Ukrayna səmasında NATO təyyarələri, Qara dənizdə alyans gəmiləri və quruda xarici hərbi kontingentlər olacaq. Halbuki Qərbin belə strateji ssenariləri Kreml tərəfindən Rusiyanın təhlükəsizlik maraqları baxımından dəyişməz “qırmızı xətt” hesab olunur.
Mövcud situasiyada Rusiyanın verdiyi reaksiya narahatlıq və zaman qazanmaq niyyətini ifadə etməklə yanaşı, həm də müəmmalı xarakter daşıyır. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin ardıcıl sərt bəyanatları ilk baxışdan eskalasiya mesajı kimi görünsə də, əslində, sülh danışıqlarında öz mövqeyini qorumaq niyyətinə xidmət edir. Xüsusilə də, “xarici hərbi qüvvələrin Ukraynada yerləşdirilməsi intervensiya sayılacaq” açıqlaması gələcək sərt reaksiyalar üçün siyasi-hüquqi zəmin yaramaq məqsədi daşıyır.
Ancaq bütün bunlarla yanaşı, həmin bəyanatlarda ABŞ və Rusiya arasında siyasi dialoqun “praktiki olaraq fasiləsiz” davam etdiyinin xüsusi olaraq, vurğulanması da olduqca önəmli məqamdır. Çünki bu siyasi mesaj əslində, Kremlin Avropa ölkələrini və qurumlarını deyil, məhz birbaşa Ağ Evi əsas qərarverici qlobal mərkəz kimi qəbul etdiyini göstərir. Və belə anlaşılır ki, hazırda Rusiya üçün əsas məqsəd Ukrayna savaşında qələbə deyil, məhz tam strateji məğlubiyyətdən yayınmağa hesablanıb.
Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın Zelenski-Putin münasibətləri ilə bağlı emosional və hətta bəzən absurd görünən açıqlamaları ciddi qəbul edilməsə də, bir önəmli reallığı da üzə çıxarmış olur. Yəni, belə məlum olur ki, Ağ Ev sahibi Donald Tramp hələ də Rusiya prezidenti Vladimir Putinə birbaşa siyasi təsir kanallarına malikdir. Ağ Ev sahibinin “Putinlə danışdım, Kiyevi vurmamağa razı oldu” deməsi, prezident Donald Trampın bu müharibəyə siyasi-ideoloji deyil, daha çox praktik və daxili siyasi komfort prizmasından yanaşdığını göstərir. Və Ukraynanın 2027-ci ildə Avropa Birliyinə üzv ola biləcəyi ilə bağlı plan barədə sızan məlumatlar isə rəsmi Kiyevə əlavə stimul versə də, Rusiyaya qarşı zaman defisiti ilə bağlı siyasi-psixoloji təzyiq yaradır.
Çünki Rusiya üçün bu məsələ yalnız Ukraynanın Avropa Birliyinə üzvlük ehtimalı ilə məhdudlaşmır. Belə ki, bununla yanaşı, Kremlin tezliklə parçalanacağına ümid etdiyi NATO-nun Ukraynaya “istəklilər koalisiyası” adı altında yerləşmə ehtimalı da mövcuddur. Halbuki Mark Rüttenin də etiraf etdiyi kimi, NATO ölkələrinin təxminən üçdə biri ABŞ silahlarının Ukrayna üçün alınmasında iştirak etmək istəmir. Bu, alyans daxilində siyasi yorğunluq və məsuliyyət bölgüsü böhranının açıq göstəricisi hesab olunur. Nəticədə Ukrayna savaşına münasibətdə NATO-dan daha çox, hərbi-siyasi xarakterli koalisiyalar ön plana çıxır. Və bu isə yaxın gələcəkdə elə alyansın özünün transformasiyasına da gətirib, çıxara bilər.
Nəhayət, Avropa Birliyinin Ukraynaya ayırdığı 90 milyard avroluq kredit paketi rəsmi Kiyevin müqavimət imkanlarını qorunması baxımından, böyük önəm daşıyır. Ancaq eyni zamanda, bu Ukraynanı Avropa Birliyi qarşısında tam maliyyə asılılığı vəziyyətinə də salır. ABŞ-ın ehtiyatda saxladığı sanksiyalar isə Ağ Evin sülh planı deyil, məhz Rusiya üzərində təzyiq və itaət məcburiyyəti yaratmaq üçün ehtiyat mexanizm rolunu oynayır.
Göründüyü kimi, mövcud situasiyada həm savaşın birbaşa iştirakçıları, həm də vasitəçilik missiyasına iddialı ölkələr hazırda klassik sülhə yox, uzunmüddətli, nəzarət olunan və hər an yenidən aktivləşdirilə biləcək münaqişə modelinə daha çox yaxınlaşırlar. Ağ Evin maraqlarına cavab verən bu modeldə Rusiyanın çökməsi deyil, məhz siyasi-strateji məğlubiyyəti nəzərdə tutulub.
Eyni zamanda, şərtli suverenlik çərçivəsində Ukraynanın mövcudluğunu da qorumaq niyyəti güdülür. Avropa Birliyi kifayət qədər ciddi risklərlə qarşı-qarşıya buraxıldığı halda, ABŞ üçün isə əsas və dəyişməz qlobal arbitr rolu qaçılmaz hesab olunur. Və bu modeldə “sülh”ün nə qədər davam edəcəyi və ilk böhranlı situasiyada tərəflərdən hansının ümumi sistemi pozacağı da müəmamlı xarakter daşıyır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu