Mətbuat konfransı zamanı jurnalistlərdən birinin “İran ali rəhbəri narahat olmalıdırmı?” sualına ABŞ prezidenti Donald Tramp “Bəli! O, çox narahat olmalıdır”, - deyə cavab verib.
Tramp bildirib ki, İran yenidən nüvə silahı əldə etməyə cəhd edərsə ABŞ bunun qarşısını almaq üçün addımlar atacaq.
İranın Baş Qərargah rəisi Əbdülrəhim Musəvi isə deyib ki, düşmənlərinin istənilən hərəkətinə hazırdırlar:
“12 günlük müharibədən sonra müxtəlif müharibə siyasəti və düşmənlərə sarsıdıcı cavab siyasəti qəbul etməklə hərbi doktrinamızı müdafiədən hücuma dəyişdirdik”.
Baş qərargah rəisinin hərbi doktrinanı müdafiədən hücuma dəyişdirdikləri barədə bəyanatı İran ordusu ilə ABŞ ordusunun müxtəlif istiqamətlər üzrə, kəmiyyət və keyfiyyət-texnologiya potensialının müqayisəli təhlilini aktuallaşdırır.
Musavat.com-un araşdırmasına görə, İran ordusunun şəxsi heyəti (aktiv və ehtiyat qoşunların sayı) barədə dəqiq rəsmi rəqəmlər açıq şəkildə yayımlanmasa da, müxtəlif etibarlı müdafiə və analiz mənbələrinə əsasən qiymətləndirmələr mövcuddur.
İran silahlı qüvvələrində ümumilikdə aktiv xidmət edən təxminən 610 000 – 630 000 hərbi qulluqçu olduğu qeyd edilir. Bu rəqəm həm İranın müntəzəm ordusunu (Artesh), həm də İslam İnqilabı Keşikçiləri Korpusunu (IRGC) əhatə edir.
Təxminən 350 000 – 450 000 nəfər isə İran ordusunun ehtiyatda olan qüvvələridir.
İranın hərbi büdcəsi ilə bağlı məlumatlar açıq mənbələrdə mövcuddur, amma bir vacib nüans var: rəsmi rəqəmlərlə real hərbi xərclər arasında ciddi fərq olur. Çünki SEPAH üçün ayrılan vəsaitin bir hissəsi gizli maddələrdə saxlanılır.
İranın rəsmi açıqlanan hərbi büdcəsi 11 milyard dollardır. Bu rəqəm İran parlamentinin təsdiqlədiyi rəsmi müdafiə xərcləridir. Analitiklərin hesablamasına görə isə real illik hərbi xərclər 25 milyard dollara yaxındır.
ABŞ-nin hərbi büdcəsi isə 901 milyard dollardır.
İranın quru qoşunları əsasən köhnə sovet və ABŞ istehsalı tanklara (T-72, M-60), pusqu, raket-artilleriya qurğularına, dronlara malikdir.
ABŞ quru qoşunları isə dünyanın ən güclü tanklarından biri olan Abrams M1A2 tankına, peyk, real-time kəşfiyyat və logistika qurğularına, ən müasir artilleriya silahlarına malikdir.
İran Hərbi Hava Qüvvələri əsasən köhnə qırıcılar sayılan F-4, F-14, MiG-29-lara, Şahed seriyalı güclü dron parkına, yerli “Bavar-373”, Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemlərinə malikdir.
ABŞ-nin isə hərbi hava qüvvələri F-35, F-22, B-2 qırıcıları ilə təchiz olunub, dünyanın ən güclü hava donanmasıdır. ABŞ ordusu ə müasir elektron müharibə və hava üstünlüyü doktrinasına malikdir.
Dəniz qüvvələrinə gəlincə, İran ordusu daha çox kiçik sürətli qayıqlar, dəniz minaları, sahil raketləri, Hörmüz boğazında blokada potensiallı qüvvələrə sahibdir.
ABŞ ordusu isə 11 aviadaşıyıcı, Aegis sistemli esmineslər, qlobal dəniz nəzarəti və digər texologiyalara sahibdir.
İranın üstünlüyü 2000 km-ə qədər məsafə qət edə bilən ballistik raketlərə malik olmasıdır.
ABŞ-nin isə qlobal raketdən müdafiə imkanları var.
Beləliklə, müqayisə onu göstərir ki, ABŞ ordusu say, maliyyə və texnoiloji imkanlar baxımından İran ordusunu dəfələrlə üstələyir.