ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə jurnalistlərin suallarını cavablandırıb.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti İrana toxunaraq dedi: "Biz İranla danışırıq. Razılığa gələ bilsək, yaxşı olardı. Əgər bunu bacarmasaq, yəqin ki, pis şeylər baş verəcək".
ABŞ prezidenti həmçinin bildirib ki, "İrana doğru gedən böyük gəmilərimiz var. İranla danışıqlar davam edir; necə nəticələnəcəyini görəcəyik".
Danışıqlar prosesi uğursuz olarsa nə baş verə biləcəyi ilə bağlı suala cavab olaraq Tramp "Bunu sizə deməyim axmaqlıq olardı" deyib.
ABŞ-da yerləşən "Axios" xəbər platformasının məlumatına görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkovfun mümkün nüvə sazişini müzakirə etmək üçün fevralın 6-da Türkiyədə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşməsi gözlənilir.
İranın xarici işlər naziri Abbas Əraqçi diplomatiyaya hazır olduqlarını bildirsə də, danışıqların hörmət çərçivəsində baş tutmalı olduğunu vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az