"Birinci döyüşçü" niyə qaçırıldı? - Maduronun həyat yoldaşı haqda sensasion faktlar


ABŞ qüvvələri tərəfindən Venesuelada həyata keçirilən əməliyyat zamanı təkcə prezident Nikolas Maduro deyil, həm də həyat yoldaşı Silia Floresin də Nyu-Yorka aparılması müzakirələrə səbəb olub.

Turkustan.az "Miliyet"ə istinadən xəbər verir ki, 69 yaşlı Flores illərdir ölkənin ən güclü siyasi fiqurlarından biri hesab olunur və ərinin 2013-cü ildə prezident olmasından sonra Maduronun hakimiyyətinin möhkəmləndirilməsində əsas rol oynayıb.

Milli Assambleyanın sədri olduğu dövrdə "İlk döyüşçü" kimi tanınan Flores, pərdəarxasında Maduronun məsləhətçisi və siyasi yaşamının memarı kimi çıxış edib.

Ekspertlər qeyd edirlər ki, Flores Maduro rejimində həm emosional, həm də peşəkar baxımdan mühüm rol oynayır, "taxtın arxasındakı güc" kimi təsvir olunur. Flores karyerası boyunca müxtəlif korrupsiya iddiaları ilə üzləşib, o cümlədən 2012-ci ildə həmkarlar ittifaqları tərəfindən qohumlarının işə götürülməsinə təsir göstərməkdə ittiham olunub.

2015-ci ildə onun qardaşı oğulları ABŞ DEA tərəfindən Haitidə 800 kiloqram kokain qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. Flores iddia edirdi ki, ABŞ hakimiyyəti onun qardaşı oğullarını "qaçırıb", lakin məhkəmə onları 18 il həbs cəzasına məhkum edib. İddiaya görə, o, 2007-ci ildə narkotik qaçaqmalçısı ilə Milli Narkotiklərlə Mübarizə İdarəsinin direktoru arasında görüş təşkil etmək üçün yüz minlərlə dollar rüşvət alıb.

Flores hətta 1992-ci ildə uğursuz çevriliş cəhdində iştirak edən hərbi komandirləri də müdafiə edib. Maduro ilə də məhz həmin dövrdə tanış olub. Həmin zaman Maduro o vaxtkı prezident Uqo Çavezin təhlükəsizlik xidmətində çalışırdı. Onlar daha sonra 2013-cü ildə ailə həyatı qurublar.

Tənqidçilər Floresi korrupsiyalaşmış, insan haqlarını pozan və repressiv hökumətin içində gizli bir güc kimi təsvir edirlər.

Qeyd edək ki, Nikolas Maduro və həyat yoldaşı Silia Flores narkoterrorizm, silah saxlama və narkotik qaçaqmalçılığında ittiham olunurlar. Onlar Nyu-Yorkda Manhetten federal məhkəməsində hakim qarşısına çıxarılacaqlar./publika.az


MANŞET XƏBƏRLƏRİ