Ermənistanın taleyini həll edəcək AÇAR söz


Ermənistanda kritik parlament seçkiləri yaxınlaşdıqca siyasi hərarət də yavaş-yavaş qalxır. Artıq “daş altındakı ilanlar”, pusqudakı çaqqal-çuqqallar da hərəkətlənməyə başlayıb.

Artıq Xocalı hərbi caniləri və siyasi meyitlər - Robert Köçəryan və Serj Sərkisyan da xortlayıb, seçkilərə hazırlaşırlar. Həmçinin yeni partiya yaradanlar var. Məsələn, keçmiş ombudsman, qatı antitürkçülərdən olan Arman Tonoyan dünən siyasi təşkilat yaratdığını elan edib. O, əsas hədəfini gizlətmir. “Mən baş nazir olmaq niyyətindəyəm” deyib. Eyni zamanda, müstəqil siyasi təşkilat olduğunu iddia edib.

Baş nazir Nikol Paşinyanın sabiq xüsusi nümayəndəsi Edmon Manukyan isə daha öncə hakim partiyadan qopub özünə partiya qurmuşdu. O da baş nazirlik iddiasındadır. Daha öncə həbsdəki Rusiyaya bağlı oliqarx-milyarder Samvel Karapetyan hakimiyyətə qarşı siyasi hərəkət yaratdığını bəyan eləmişdi...

Onların hamısı Paşinyana ard-arda “əlcək” atmağa, cəmiyyətə vədlər verməyə başlayıb. Hətta üst-üstə 20 il hakimiyyətdə olmuş Köçəryan və Sərkisyan da utanmazcasına hansısa təzə planlardan, strategiyadan danışır. Hələlik 1-ci prezident Levon Ter-Petrosyanın partiyasında nisbi sakitlikdir. Ancaq şübhə yox ki, o da zamanı gələndə anti-Paşainyan düşərgəsində yer alacaq.

Amma radikal və qeyri-radikal müxalifət təmsilçiləri öz xalqına nə vəd edir-eləsin, onlar bir suala aydın cavab verməlidirlər: hakimiyyətə gələrlərsə, Azərbaycan və Türkiyə ilə barışığın yolunu necə görürlər, Ağ Evdə imzalanan sənədlərə sadiq qalacaqlarmı?

Yerdə qalan bütün digər irili-xırdalı problemlərdən, o cümlədən üzücü iqtisadi məhrumiyyətlərdən, təcriddən çıxış yolu müstəsna olaraq, bu sualın cavabından asılı olacaq. Demək ki, seçkilərdə uğur da birbaşa buna bağlı olacaq. Yəni lakmus kağızı məsələsi...

Bu mövzuda məhz Nikol Paşinyan kifayət qədər şanslı mövqedə və öndə görünür. Çünki cəmiyyətə sözünü neçə vaxtdır açıq və səmimi şəkildə söyləyir. Sülh gündəliyinin 29.7 min kv km-lik “real Ermənistan”a əsaslandığını səbirlə izah edir. Yeni müharibədən qaçmağın, iqtisadi-sosial rifaha qovuşmağın yeganə yolunun miflərdən, xəyalpərəstlikdən və illüziyalardan qurtulmaq olduğunu baş salmağa çalışır.

Əlbəttə ki, son seçim erməni xalqının, lap dəqiqi, onun əksəriyyətinin olacaq. Nəhayət, o, başına gələnlərdən dərs götürüb, yoxsa yenə müharibə istəyir? Qısası, bu seçkilər indiyə qədərki seçkilərin heç birinə bənzəməyəcək...

Təbii ki, radikal-revanşistlər seçki kampaniyası zamanı “artsax” mövzusunda gen-bol manipulyasiya edəcək, Paşinyandan satqın obrazı yaratmağa dönə-dönə cəhd edəcəklər. Bu xüsusda baş nazirin 3 keçmiş prezident haqda dünənki replikasını xatırlatmaq yerinə düşür.

Paşinyan kinayəli formada deyib: “Ermənistanın hər üç keçmiş lideri eyni mövqedən çıxış edir. Biri deyir “Qarabağ məsələsi 1994-cü il Budapeşt sənədi ilə belə həll edilməli idi”. Digəri deyir “Qarabağ məsələsi 2001-ci il Ki-Uest sənədi ilə belə həll edilməli idi”. Üçüncüsü deyir “Qarabağ məsələsi 1994-cü il tarixli Kazan sənədi ilə belə həll edilməli idi. Bəs onda niyə həll eləmədilər?”

Sual ritorik, cavabı isə əslində bəsitdir: ona görə həll edə bilmədilər ki, illər uzunu maksimalist mövqe tutmaqla ədalətli sülh variantını əlçatmaz elədilər. Daha doğrusu, özləri belə istədilər və erməni xalqı üçün son dərəcə unikal və tarixi şansı buraxdılar. Yoxsa ermənilər indi də Qarabağda yaşayır, üstəlik, yüksək muxtariyyətə sahib idilər. Beləcə, məşhur Azərbaycan atalar sözünün müdrikliyini əyani şəkildə öz dərilərində təsdiqlədilər: “Çox istəyən azdan olar”.

Bəlkə meymunluq, manyaklıq yetər? Heç olmasa, indi qanuni əlinizdə olanın - “real Ermənistan”ın və Paşinyanın qədrini bilin. Hələ gec deyil... /musavat.com/


MANŞET XƏBƏRLƏRİ