Tbilisidə etirazçılar prezident sarayının həyətinə basqın etdilər


Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində yerləşən Atoneli küçəsindəki prezident sarayının həyətinə etirazçılar daxil olub.

Turkustan.az xəbər verir ki, bu barədə NewsGeorgia məlumat yayıb.

Məlumata görə, bir qrup şəxs hasarı keçərək mühafizə xidmətinin bir neçə üzvünə hücum edib. Hadisədən dərhal sonra əraziyə xüsusi təyinatlı dəstələr və yüzlərlə patrul polisi cəlb olunub. Hüquq-mühafizə orqanları etirazçıların dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib.

Hücum edən şəxslərin arasında yaxşı təchiz olunmuş və bəziləri gülləkeçirməz jilet geyinmiş şəxslər olub. Lakin təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə etirazçılar binadan uzaqlaşdırılıb. Hazırda ərazidə nisbi sakitlik müşahidə olunur.

Bununla belə, Azadlıq Meydanından Atoneli küçəsinə doğru daha yüzlərlə etirazçı toplaşmaqdadır. Onlar prezident sarayına daxil olmağı tələb edirlər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ