Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), İsrailin Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyadakı mövcudluğunu hədəf alması ilə bağlı yayılan məlumatlara cavab verib.
Turkustan.az xəbər verir ki, nazirlikdən bildirilib ki, bu məlumatlar əsassızdır və həqiqəti əks etdirmir.
Nazirlik mənbələrinin açıqlamasında vurğulanıb ki, TSQ Suriyadakı fəaliyyətlərini beynəlxalq hüquq və özünümüdafiə hüququ çərçivəsində həyata keçirir:
“İsrailin Suriyadakı TSQ mövcudluğunu hədəf alması ilə bağlı xəbər və iddialar həqiqətə uyğun deyil. Suriyada yerləşdirilmiş əsgərlərimiz, şəxsi heyət və texnikamızla bağlı hər hansı bir mənfi hal qeydə alınmayıb.”
İskenderunda 2 əsgərin şəhid olması: MSB səbəbi açıqladı
Milli Müdafiə Nazirliyi, iyulun 25-də Hataydakı İskenderun Dəniz Təlim Alay Komandanlığında şəhid olan iki əsgərlə bağlı Məhkəmə-Tibbi Ekspertiza hesabatının nəticələrini də açıqlayıb.
Nazirlik mənbələrinin məlumatına görə, iki əsgər uzun müddət günəşə məruz qalma nəticəsində hipertermiya (bədən istiliyinin həddindən artıq artması) səbəbilə həyatını itirib:
“25 iyul 2025-ci il tarixində baş vermiş hadisə ilə bağlı istintaq Komandirlik tərəfindən yüksək həssaslıqla aparılıb. Məhkəmə-Tibbi Ekspertiza hesabatında əsgərlərimizin ölümü ‘günəş işığına uzun müddət məruz qalma nəticəsində hipertermiya və onun yaratdığı fəsadlar’ səbəbindən baş verdiyi müəyyən edilib.”
Nazirlik əlavə edib ki, hadisə ilə bağlı məsuliyyət daşıyan şəxslərlə bağlı inzibati və intizam tənbeh tədbirləri görülməkdədir.
Aytən Yaşar/ Turkustan.az