Yaponiyada 206 parlament üzvü tərəfindən imzalanan və hökumətdən Fələstin Dövlətinin tanınmasını tələb edən rəsmi məktub ölkənin xarici işlər naziri Yoko Kamikavaya (İvaya Takeşi) təqdim olunub.
Turkustan.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, məktub müxalifətdəki Konstitusiya Demokratik Partiyasının (CDP) üzvü Abe Tomoko da daxil olmaqla üç deputat tərəfindən hökumətə çatdırılıb. Tələbi dəstəkləyənlər arasında həm hakim Liberal Demokrat Partiyası (LDP), həm də digər partiyaların üzvləri yer alır.
Parlament üzvləri hökumətdən Fələstin Dövlətini rəsmi şəkildə tanımağı istəyirlər.
CDP üzvü Abe məktubun təqdimatından sonra verdiyi açıqlamada bildirib:
“İsrail atəşkəsi qəbul etməyə meyilli deyil. Artıq uşaqların aclıqdan ölməsinə göz yumulmamalıdır.”
Xarici işlər naziri İvaya isə məsələ ilə bağlı qısa açıqlama verərək deyib:
“Bu qədər imzanın toplanması məsələni ciddiyə almağımıza əsas verir.”
Qeyd edək ki, Yaponiyada parlamentin hər iki palatası – Nümayəndələr Palatası və Məsləhətçilər Palatası daxil olmaqla 713 deputat fəaliyyət göstərir.
Xatırladaq ki, Fransa, Böyük Britaniya, Kanada və Avstraliya da daxil olmaqla bir sıra Qərb ölkələri BMT-nin bu ay keçiriləcək Baş Assambleyasında Fələstin Dövlətini rəsmi şəkildə tanımaq niyyətlərini açıqlayıblar.
Aytən Yaşar/ Turkustan.az