Qətər Amerika mətbuatında ABŞ-la təhlükəsizlik tərəfdaşlığını nəzərdən keçirəcəyinə dair iddiaları təkzib edib.
Turkustan.az xəbər verir ki, Qətər Beynəlxalq Media Ofisi verdiyi açıqlamada, Amerikanın Axios xəbər platformasına danışan adı açıqlanmayan mənbəyə əsaslanan iddiaların əsassız olduğunu vurğulayıb.
Bəyanatda: "Bu iddialar Qətər və ABŞ arasında nifaq salmaq üçün uğursuz cəhddir. Onlar bölgədəki xaosdan mənfəət götürən və sülhə qarşı çıxanların maraqlarına xidmət edir" deyilir.
Qətər və ABŞ arasında təhlükəsizlik və müdafiə ortaqlığının hər zamankindən daha güclü olduğu bildirilən bəyanatda, "İki ölkə uzun illərdir bir-birini dəstəkləyib və qlobal sülh və sabitliyin təşviqi üçün əməkdaşlığı davam etdirəcək" ifadələri işlədilib.
Amerikanın Axios xəbər platforması bu gün Qətərin ABŞ-la təhlükəsizlik əlaqələrini yenidən qiymətləndirə və başqa tərəfdaşlar axtara biləcəyini bildirib.
Xəbərdə Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Taninin ABŞ Ağ Ev nümayəndəsi Steve Witkoffa Qətərin İsrailin hücumundan sonra Vaşinqtonla təhlükəsizlik əlaqələrini ciddi şəkildə nəzərdən keçirəcəyini və lazım gələrsə, başqa tərəfdaşlar tapa biləcəyini dediyi iddia edilib.
Aytən Yaşar/ Turkustan.az