Rusiyanın Ukraynaya genişmiqyaslı hava hücumları zamanı 19 dronu Polşa ərazisinə istiqamətləndirməsi beynəlxalq gərginliyi pik həddə çatdırıb.
Polşa ordusu həmin dronlardan 4-nü məhv etdiyini açıqlayıb. Bu hadisə bir çox analitiklər tərəfindən NATO qüvvələri ilə Rusiya arasında ilk birbaşa qarşıdurma kimi dəyərləndirilir. Polşaya hücumdan saatlar ötsə də, NATO Rusiyaya qarşı sərt mövqe ortaya qoymaqda tərəddüd edir. Bu əsnada Ukraynalı politoloq Şevçenko qeyd edir ki, Qərb Rusiyanın Ukraynaya hücumuna sərt cavab verməkdən yayınır.
“Qorxur ki, birdən Moskva daha da aqressiv addımlar atsın. Bu qorxu Ukraynanın daha yaxşı silahlanmasına mane olub. Putin isə ölkənin bütün iqtisadiyyatını müharibəyə yönəldib, hətta Şimali Koreyanı da bu müharibəyə cəlb etməyi bacarıb”, deyə politoloq qeyd edib.
Şevçenkonun fikrincə, Qərbin indiyədək nümayiş etdirdiyi reaksiya Polşaya dron göndərən Putini qorxutmaq üçün yetərli deyil. Rusiya dronlarının Polşa hava məkanına daxil olmasından sonra NATO-nun hava müdafiə sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Hollandiya Hərbi Hava Qüvvələrinin F-35 qırıcıları da bölgədə döyüş rejimində patrula başlayıb. Mütəxəssislərin qənaətinə görə, əgər Qərb Moskvaya qarşı hələ də tərəddüd göstərsə, bu, yalnız Putinin daha təhlükəli addımlar atmasına yol açacaq.
Bəs NATO niyə yaranıb və üzvləri kimlərdir?
NATO – Şimali Atlantika Müqaviləsi Təşkilatı – 1949-cu ildə Vaşinqtonda yaradılıb. İlk üzvləri Belçika, Kanada, Danimarka, Fransa, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya, Böyük Britaniya və ABŞ idi. Alyansın əsas məqsədi SSRİ və kommunist blokunun Avropaya doğru genişlənməsinin qarşısını almaq idi. Müqavilənin əsas prinsipi sadə idi: üzvlərdən birinə hücum edilərsə, hamısı birlikdə cavab verəcək.
Rusiya faktiki olaraq NATO üzvü olan Polşaya hücum edib və NATO havaya təyyarə qaldırmaqla kifayətlənib.
NATO nizamnaməsinə görə üzvlər təhlükə yarananda birgə əməliyyatlara qoşulurlar. Bu, ilk dəfə 1990-cı illərdə Yuqoslaviya müharibələri zamanı reallığa çevrildi. NATO BMT-yə dəstək məqsədilə münaqişəyə müdaxilə etdi. Təşkilat həmçinin hərbi planları əlaqələndirir, ortaq təlimlər keçirir. 2016-cı ildə Varşava sammitində Polşa və Baltikyanı ölkələrdə NATO döyüş qruplarının yerləşdirilməsi barədə qərar verildi. Bu addım Rusiyanın Krımı işğal etməsi və Ukraynaya təcavüzü fonunda atıldı.
SSRİ dağıldıqdan sonra təşkilata Şərqi Avropadan yeni üzvlər qoşuldu: Polşa, Çexiya, Macarıstan (1999), daha sonra Bolqarıstan, Rumıniya, Baltikyanı ölkələr və digərləri. Son olaraq Finlandiya (2023) və İsveç (2024) üzv qəbul edildi. Hazırda NATO-nun 32 üzvü var. Ukrayna, Gürcüstan və Bosniya və Herseqovina isə üzvlüyə namizəddir. 2008-ci ildə NATO Ukraynanın gələcək üzvlüyünə prinsipial “hə” dedi.
Polşa uzun illər davam edən islahatlardan sonra 1999-cu ildə NATO-ya qoşuldu. Ordunun demokratik nəzarətə tabe edilməsi, hərbi mobilliyin artırılması və siyasi islahatlar bu prosesin əsas tələbləri idi.
Polşalı diplomat Robert Pszczel xatırladır ki, ölkəsi yeni tərəfdaşlıq imkanlarından istifadə edərək NATO standartlarına uyğunlaşmaq üçün böyük işlər gördü.
Rusiya ardıcıl olaraq NATO-nun genişlənməsinə, xüsusən də Ukraynanın üzvlüyünə qarşı çıxıb. Kreml bunu öz sərhədlərinə birbaşa təhdid kimi görür.
Lakin Rusiya ilə birbaşa toqquşmadan qaçan NATO Ukraynaya qoşun yeritməyib. Əvəzində üzv ölkələr silah, texnika, uzaqmənzilli raketlər və F-16 qırıcıları ilə Kiyevə dəstək verir.
2022–2024-cü illərdə ABŞ və Avropa ölkələri Ukraynaya 100 milyard avrodan çox hərbi yardım ayırıb.
NATO hər bir üzvdən ÜDM-in ən azı 2 faizini müdafiəyə ayırmağı tələb edir. Əgər 2014-cü ildə bu göstəriciyə cəmi üç ölkə çatırdısa, 2024-cü ildə artıq 23 dövlət tələbi yerinə yetirib. ABŞ prezidenti Donald Tramp NATO üzvlərini daha çox xərcləməyə məcbur edir. O, hətta ilk prezidentliyi dövründə bəyan edib ki, əgər Avropa ölkələri kifayət qədər pul ayırmasa, Rusiyanı onların üzərinə təhrik edə bilər.
2023–2025-ci illərdə NATO komandirləri Rusiyanın Arktika, Şərqi Avropa və Aralıq dənizində mümkün hücumlarına qarşı planlar hazırladılar. Avropadakı döyüşə hazır qoşunların sayı 40 mindən 300 minə qaldırılıb. NATO Rusiyanın Ukraynaya təcavüzünü müttəfiqlərin təhlükəsizliyinə ən ciddi və birbaşa təhdid kimi qiymətləndirir.
NATO yaranandan bəri ən böyük sınaqlarından birini yaşayır. Alyansın gələcək möhkəmliyi həm Rusiyanın davam edən təcavüzünə cavab verməkdən, həm də üzvlərin real müdafiə öhdəliklərini yerinə yetirməsindən asılıdır. /musavat.com/