ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı heç nədən razı olmadığını bildirib.
Turkustan.az xəbər verir ki, “The Hill” qəzetinin yazdığına görə, Tramp bu açıqlamanı Merilend ştatındakı Endryus Birgə Hərbi Bazasında jurnalistlərlə görüşü zamanı verib.
Tramp bu sözləri Rusiyanın Ukraynanın paytaxtı Kiyevə müharibənin başlanmasından bəri ən böyük hava hücumunu həyata keçirməsindən və bu hücum nəticəsində ilk dəfə bir hökumət binasının vurulmasından sonra deyib.
Prezident baş verənlərdən narazı olduğunu bildirərək deyib:
“Bunun həll olunacağına inanıram. Bu müharibə ilə bağlı heç nədən məmnun deyiləm.”
Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinə və Rusiyaya qarşı ondan daha sərt lider olmadığını iddia edib və müharibəni dayandırmaq üçün səylərini davam etdirəcəyini vurğulayıb.
Sülh razılaşmaları ilə bağlı aparılan danışıqlara toxunan Tramp əlavə edib:
“Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə çox maraqlı müzakirələr aparılır. Bu çərçivədə Avropa liderləri bu həftə paytaxt Vaşinqtona gələcəklər.”
Tramp eyni zamanda Qəzza zolağındakı vəziyyətə də münasibət bildirib. İsrailin hücumlarının davam etdiyi bölgədə sülhün mümkün olduğuna inandığını qeyd edərək bildirib:
“Düşünürəm ki, çox yaxında razılığa gələcəyik. Bu, Yaxın Şərq üçün, İsrail üçün, hər kəs üçün həll etmək istədiyimiz bir problemdir.”
Aytən Yaşar/ Turkustan.az