Rusiya ordusu Sum vilayətinin şimalında cüzi irəliləyiş əldə etsə də, Ukrayna Silahlı Qüvvələri Kupyansk və Pokrovsk istiqamətlərində yeni mövqeləri nəzarətə götürüb.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında məlumat verilir.
Analitiklərin açıqlamasına görə, rus bölmələri Sum vilayətinin Yablonovka kəndinin cənubuna doğru irəliləyiblər. Eyni zamanda Ukrayna ordusu Kondratovka, Alekseyevka və Sadkov kəndləri istiqamətində uğurlu əks-hücum həyata keçirib.
Kupyansk bölgəsində də döyüşlər davam edib. Rusiya qüvvələri şəhərin ətraf kəndlərində - Sobolevka, Kondraşovka, Kutkovka, Petropavlovka və Stepnaya Novoselovkada hücuma keçməyə çalışsalar da, Ukrayna ordusu şəhərin şimal və qərb kənarlarında mövqelərini möhkəmlədib. Rayon hərbi administrasiyasının rəhbəri Andrey Kanaşeviç bildirib ki, daimi atəşlər səbəbindən mülki əhalinin təxliyəsi çətinləşib.
Pokrovsk istiqamətində Ukrayna bölmələri Utyos qəsəbəsinin qərbində irəliləyiblər. Ukrayna müdafiəçiləri həmçinin Pokrovsk yaxınlığındakı Novoekonomiçnoe kəndini azad ediblər. Rusiya isə Donetsk vilayətində üç şəhəri - Pokrovsk, Mirnoqrad və Dobropolye ələ keçirmək üçün əlavə qüvvələr cəmləşdirir.
ISW qeyd edir ki, rus ordusu Lyman, Borovsk və Xarkov istiqamətlərində ciddi nəticə əldə etməyib, Donbasda isə logistik çətinliklərlə üzləşir. Buna baxmayaraq, Moskvanın əsas məqsədi Pokrovsk-Mirnoqrad aqlomerasiya zonasında nəzarəti ələ almaq və Dobropolyeyə doğru “dəhliz” yaratmaqdır./modern.az