Turkustan.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Rusiyanın son hücumlarını müzakirə edib və Moskvanı açıq şəkildə sülhdən yayınmaqda ittiham edib.
Zelenski bildirib ki, Rusiya bir gecənin içində Ukraynaya 30-dan çox raket və təqribən 600 dron zərbəsi endirib. Bu hücumlar nəticəsində 17 nəfər həlak olub, onların arasında 4 uşaq da var. Onlarla insan ağır vəziyyətdədir, həkimlər onların həyatını xilas etmək üçün mübarizə aparırlar.
Prezidentin sözlərinə görə, zərbələr yalnız hərbi obyektlərə deyil, həm də mülki və beynəlxalq təmsilçilik mərkəzlərinə endirilib. Onun dediyinə görə, bu dəfə hədəflər arasında Türkiyəyə məxsus “Bayraktar”ların istehsal olunduğu zavod, Azərbaycanın Kiyevdəki səfirliyi, Avropa İttifaqı nümayəndəliyi, Britaniya Şurası və yaşayış massivləri olub. Zelenski vurğulayıb ki, bütün bunlar “Ukrayna, ABŞ və Avropa tərəfdaşlarının qətliamları dayandırmaq cəhdlərinə Putinin cavabıdır”.
Zelenski açıqlamasında qeyd edib ki, Ukrayna dialoqa hazırdır və yalnız liderlərin birbaşa formatda danışıqlarının nəticə verəcəyinə inanır:
“Ukrayna liderlər formatında danışmağa hazırdır, çünki bu, yeganə effektiv yoldur. Təəssüf ki, Rusiya bundan yayınır və müharibəni davam etdirir.”
Ukrayna lideri bildirib ki, hazırda təhlükəsizlik zəmanətlərinin bütün detalları üzərində milli təhlükəsizlik müşavirləri işləyir və yaxın həftə artıq konkret sənəd formasında təqdim olunacaq. Prezident Ərdoğan isə Türkiyənin bu prosesə qoşulmaq niyyətini ifadə edib və müdafiə nazirini bu istiqamətdə fəaliyyətə cəlb edəcəyini bildirib. Xüsusilə, Qara dənizdə təhlükəsizlik məsələlərində Ankaranın yardım imkanları müzakirə olunub.
Zelenski beynəlxalq ictimaiyyətə çağırış edərək qeyd edib ki, Putinin qətliamlarına yalnız sözlə deyil, sanksiyalar, gömrük rüsumları və güclü siyasi təzyiq ilə cavab verilməlidir. O, xüsusilə ABŞ və Avropa tərəfdaşlarından Rusiyaya qarşı daha sərt addımlar gözlədiyini bildirib.
Ukrayna Prezidentinin sözlərinə görə, Moskvanın son hücumları bir daha göstərdi ki, Kreml sülh masasına gəlmək niyyətində deyil və regionda yeni qətliamlar törətməklə beynəlxalq nizamı sınağa çəkir. /musavat.com/