Zelenski Rüstəm Umerovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edib.
Turkustan.az xəbər verir ki, prezident Vladimir Zelenski Rüstəm Umerovu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi təyin edib. Eyni zamanda Aleksandr Litvinenko bu vəzifədən azad olunub.
Dövlət başçısının bu barədə imzaladığı 495/2025 və 496/2025 saylı müvafiq fərmanlar Ukrayna Prezidentinin rəsmi saytında dərc edilib.
495/2025 saylı fərmanda qeyd olunur:
"Oleksandr Valeriyeviç Litvinenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edilsin".
496/2025 saylı fərmanda isə deyilir:
"Umerov Rustem Enveroviç Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilsin".
Qeyd edək ki, iyulun 17-də Ali Rada yeni Nazirlər Kabinetinin formalaşdırılmasına səs verib. Əvvəlki hökumətdə müdafiə naziri vəzifəsini Rüstəm Umerov icra edirdi. Yeni kabinetdə isə bu posta Denis Şmıqal təyin olunub.
Aytən Yaşar/ Turkustan.az