İrəvanda Zəngəzur dəhlizi ilə bağlı qarşıdurma - İqtidar və müxalifət bir-birlərini ittiham edir


Ermənistan parlamentində Zəngəzur dəhlizi məsələsi ətrafında siyasi gərginlik artır. Müxalifət hakimiyyəti mümkün güzəştlər barədə ictimaiyyəti əvvəlcədən məlumatlandırmamaqda və fakt qarşısında qoymaqda ittiham edir.

Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan bu gün parlamentdə çıxış edərək bildirib ki, Ermənistan heç bir güzəştə getməyib və getməyəcək. Onun sözlərinə görə, suverenlik və ərazi bütövlüyü ilə bağlı istənilən şübhə konstitusiya quruluşuna ziddir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamasında Zəngəzur dəhlizi məsələsinə toxunaraq bildirib ki, Ermənistan əvvəllər bu layihəyə qarşı çıxsa da, indi iqtisadi inteqrasiya məsələlərinə daha çevik yanaşır.

Ərdoğanın fikirlərinə cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan “Armenpress” agentliyinə açıqlamasında qeyd edib ki, kommunikasiyaların açılması ilə bağlı danışıqlar davam edir və İrəvan bu prosesdə nəqliyyat yolları üzərində milli yurisdiksiyasını əsas götürür.

Müxalif "Hayastan" fraksiyasının deputatı Geqam Manukyan isə hakimiyyəti gizli razılaşmalar əldə etməkdə və bunları cəmiyyətə açıqlamamaqda günahlandırıb: “Bir neçə dəfə şahidi olmuşuq ki, hansısa razılaşma barədə ilk xəbəri Bakıdan və ya Ankaradan alırıq. Ermənistan hökuməti isə bu məlumatları dolaşıq şəkildə təsdiqləyir. İndi də ehtimal olunur ki, yaxın günlərdə Sünikdən keçəcək yol ilə bağlı təhlükəli bir razılaşma açıqlana bilər.Müxalif “Şərəfim var” fraksiyasının katibi Tiqran Abrahamyan da hökuməti sərt tənqid edib. O bildirib ki, Ermənistan diplomatik mövqelərini itirib və Türkiyəyə regionda vasitəçilik rolu verib: “Ermənistan hakimiyyəti uzun müddətdir Azərbaycanla aparılan danışıqlarda Türkiyənin mövqeyini gücləndirir. Bu isə Ankaranın maraqlarına uyğun siyasətin irəliləməsinə şərait yaradır.” /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ