Azərbaycanda təbii qazdan istifadəyə görə müxtəlif tariflər müəyyən edilib. Bütün ölkədə eyni tariflər tətbiq olunur. Bundan əlavə, əhalinin istehlak etdiyib təbii qaza görə limitlər mövcuddur. Yəni limitlər 1200 kub metrə qədər olan həcm üçün 12,5 qəpik, 1200 kub metrdən 2500 kub metrə qədər olduqda 22 qəpik, 2500 kub metrdən yuxarı olduqda isə 30 qəpik hesablanır.
Azərbaycanın bəzi ucqar dağ rayon və kəndlərində 8-9 ay hava soyuq olur. Belə olduqda onlar daha çox təbii qaz istifadə edirlər ki, bu da onların aşağı qaz həddini tez keçməsinə və təbii qazı daha baha almasına səbəb olur. Buna da onların büdcəsi yetmir. Belə olduqda onlar oduncaqdan istifadə etməyə məcbur olurlar ki, oduncaq da həm bahadır, həm də ekologiyaya ziyandır.
Bölgələrdə yaşayanlara təbii qazdan istifadəyə görə müəyyən güzəştlərin tətbiq edilməsi dəfələrlə Milli Məclisdə müzakirə olunub, müxtəlif təkliflər irəli sürülüb. İyun ayının 3-də parlamentin növbədənkənar sessiyasının ilk iclasında deputat Zahid Oruc da eyni məsələyə toxunaraq qışı uzun və sərt keçurən bölgələrdə qaz, həmçinin elektrik tariflərinin 3 dəfə azaldılmasını təklif edib.
Bəs bununla bağlı rayonlarda hansı güzəştlər, hansı tariflərin tətbiqi mümkündür?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, dünyanın bir çox ölkələrində dağ rayonlarında və ya qaz çox istifadə olunan rayonlarda müxtəlif güzəştlər mövcuddur:
“Bu, Qazaxıstan, Rusiya, Avropanın bəzi ölkələrində də var. Bəzi ölkələrdə ödənişlərin bir hissəsini bələdiyyələr öz üzərinə götürür. Ona görə də Azərbaycanda, əsasən də dağ rayonlarında, soyuq keçən bölgələrdə qaz tarifinin əsnək olması və vətəndaşlara müxtəlif güzəştlərin verilməsi vacibdir. Bu həm də ona görə vacibdir ki, Azərbaycan həm də qaz ölkəsidir. Həm də ona görə vacibdir ki, bu, ekoloji problemləri həll edir, çünki vətəndaşlar hazırda ağac kəsib odun doğramağa, odundan istifadə etməyə məcbur olurlar”.
O, bildirib ki, ilk növbədə qaza və elektrikə qoyulan limit ləğv edilməlidir:
“Limitsiz vahid qiymət tarifi müəyyən edilməlidir. Bakı qiymətlərindən təqribən yarıbayarı qiymətlər tətbiq edilə bilər. Buna Azərbaycanın iqtisadi gücü də, resurs gücü də çatır”.