Qırğızıstan parlamentinin sədri Nurlanbek Turqunbek Uulu bildirib ki, Qırğızıstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlara ev sahibliyi etməyə hazırdır.
Turkustan.az xəbər verir ki, Parlamentin Mətbuat Mərkəzindən verilən məlumata görə, Turqunbek Uulu rəsmi təmaslar üçün getdiyi Ermənistanın paytaxtı İrəvanda Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan ilə heyətlərarası görüş keçirib.
Qırğızıstanın Ermənistanla hərtərəfli tərəfdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayan Turqunbek Uulu deyib: “Uzunmüddətli əlaqələrə əsaslanan ikitərəfli münasibətləri daha da gücləndirmək, beynəlxalq təşkilatlar və inteqrasiya birlikləri çərçivəsində əməkdaşlığı inkişaf etdirmək lazımdır”.
Turqunbek Uulu parlamentlərarası dialoqun dövlətlərarası əlaqələrin inkişafında mühüm amil olduğunu bildirərək:"Hər iki ölkənin parlamentləri demokratiyanın və siyasi sabitliyin ən mühüm alətidir. Biz təcrübə mübadiləsi və qanunvericilik sahəsində fəal qarşılıqlı fəaliyyət vasitəsilə Qırğızıstan-Ermənistan əməkdaşlığının inkişafına töhfə verməliyik"-deyə, əlavə edib.
Aytən Yaşar/ Turkustan.az