Diaspor ədəbiyyatımızın tanınmış nümayəndəsi əməliyyat olundu


Zekainfo az saytının verdiyi məlumata görə uzun illər Moskvada yaşayan tanınmış şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi Nəsib Nəbioğlunun sağlamlığında fəsadlar yaranıb.

Belə ki, çağdaş diaspor ədəbiyyatımızın görkəmli nümayəndəsi, uzun müddət Rusiyada yaşayan, əslən Kəlbəcərdən olan istedadlı şair bu günlərdə ağır mədə əməliyyatı keçirib.

Bu haqda məlumatı onun yaxın qohumu, araşdırmaçı-jurnalist, QHT rəhbəri Cəmilə Çiçək əməliyyatdan öncəsi şairin özündən məlumt alıb. Cərrahiyyə əməliyatından sonrası C.Çiçək qardaşı Asif Nəbioğlu ilə əlaqə saxlayaraq Nəsib Nəbioğlunun “Adenokarsinoma D002” mədə xərçəngi diaqnozu qoyulduğunu öyrənib. Tibb müəssisəsindən onu da bildiriblər ki, hazırda şairin vəziyyəti stabildir.

Xatırladaq ki, N.Nəbioğlu 1954-cü il mayın 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. 1971-ci ildə Çaykənd orta məktəbini bitirib. 1973-1975-ci illərdə Baykonurda sabiq sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra 1975-1980-ci illərdə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb. 1985-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu əla qiymətlərlə bitirib. 1985-ci ildə İnstitututu bitirdikdən sonra SSRİ Dövlət Xarici Turizm Komitəsinin Baş İdarəsində məsul vəzifələrdə çalışıb.

Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibidir.

Zəngin yaradıcılı yolu keçən N.Nəbioğlu rus dilində qələmə aldığı, M.Axundovun, S.Vurğunun, R.Rzanın, M.İbrahimovun, N.Rəfibəylinin, M.Arazın, Məmməd Aslanın, T.Məliklinin, Aşıq Ələsgərin, Aşıq Şəmşirin eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş məqalələri Moskvada müxtəliv mətbu orqanlarının, ədəbi dərgilərin, saytların səhifələrində işıq üzü görüb.

Nəsib Nəboiğlu V.Şukşinin, V.Rasputinin, A.Puşkinin, M.Lermontovun, S.Yeseninin, N.Rubsovun bir sıra poetik əsərlərini Azərbaycan dilinə tərcümə edib. Kəlbəcər ədəbi mühitinin istedadlı nümayəndələrindən biri olan şair uzun illərdir Rusiyada ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edir.

İyirmidən çox şeirinə musiqi bəstələnən şair, həm də musiqisi Ayna Sultanovanın olan, dünya azərbaycanlılarının həmrəylik himninin müəllifidir.

Şair “Ürəyim yurd yeridir” (1988), “Sizə sözüm var” (1994), “Dua edən bulaq” rus dilində (1996), “Bağışlamaz dağlar məni” (2004), “Nəğməkar əsgər” (2007), “Heç belə də kənd olar” (2011), “Ulduz nur saçırdı qayanın üstə" rus dilində (2014), “Durnalara qayıdanda" adlı şeirlər kitablarının müəllifidir.

Eləcə də N.Nəsiboğlu R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatları laureatıdır.

Azərbaycan ədəbi-mədəni ictimaiyyəti və şair yerlilərinə sonsuz məhəbbət bəsləyən Kəlbəcərlilər adından Nəsib Nəbioğluya Allahdan şəfa diləyir, keçmiş olsun deyib, doğum gününü təbrik edirik.

Əlirza İsbəndiyarov,

Tədqiqatçı-jurnalist


MANŞET XƏBƏRLƏRİ