Bəhram Cəfəroğlu
ADPU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru
Olum və ölüm arasında bəlli bir məsafə var. Bu məsafə bizim ömrümüz, obrazlı desək, ömür payımızdır. Birinə az, birinə çox pay düşər. Evrənin dəyişməyən bu qanunu yaradılışdan günümüzə qədər insan oğlunu düşündürmüşdür. İnsan insan olduğunu dərk etdiyi gündən (yaradılışa görə yasaq meyvəni daddığı gündən) olum və ölümü anlamış yaşam və ölüm arasındakı məsafəni uzatmağa çalışmışdır. Milyon illər boyu insan oğlu öləcəyinə əmin olsa da, çox yaşamağın yolunu aramışdır. Kimisi çox yaşamağın yolunu adını, məşğuliyyətini,rəsmini qayalara, daşlara həkk etməkdə görmüş, (Qobustan qaya üstü rəsmləri buna örnəkdir) kimisi öldükdən sonra cəsədini mumiya etdirmiş(Misir fironları kimi), kimisi də çox yaşamaq üçün dünyanın ən dadlı, ən nadir bitkiləri, yeməkləri ilə qidalanmışdır ki, mümkün olduğu qədər çox yaşaya bilsin. Bütün bunlar nəticə etibarilə yaddaşlarda yaşamağa nail olmaq üçün idi...
Çox yaşamaq, yaddaşlarda yaşamaq xatirəsi müəllim yoldaşları, tələbələri, dostları üçün əziz olan professor Kamil Bəşirovun da arzusu idi...
Kamil Bəşirov 68 illik ömrünün 52 ilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin divarları arasında keçirmişdir. Universitetdə tədris üzrə dispetçer, laborant işləmiş, 40 ildən artıq ADPU-nun auditoriyalarında dərs demiş, minlərlə müəllim yetişdirmişdir.
Kamil müəllim mehriban, qayğıkeş, gülərüz, səmimi bir insan idi. Onun xeyirxahlığı, ailəcanlı, dostcanlı olması yetərli idi ki, uzun illər yaddaşlarda, könüllərdə yaşasın, cismani yoxluğunu yaxınlarına hiss etdirməsin, lakin Kamil müəllimin çox yaşaması, qəlblərdə yaşaması, heç bir zaman unudulmaması üçün ikicə amil yetərlidir. Birincisi, onun tələbələridir, nə qədər ki, Kamil müəllimin universitet auditoriyalarında dərs dediyi, yetişdirdiyi tələbələr, müəlllimlər yaşayır, Kamil müəllim də yaşayacaqdır. İkincisi, Kamil müəllimin 68 illik ömrünə sığışdırdığı bir-birindən dəyərli, Azərbaycan dilinin müxtəlif sahələrinə aid yazmış olduğu elmi monoqrafiyalar, kitablardır.
Professor Kamil Bəşirov Azərbaycan dilinin müxtəlif sahələrinə, o cümlədən Türk dillərinin qrammatikasına aid bir neçə monoqrafiyanın müəllifidir.
“Sözün tərkibi üzrə təhlilə dair, metodik göstəriş”. Bakı, APİ, 1996, “Orta məktəbdə Azərbaycan dilinin morfologiyasının tədrisi məsələləri”. Dərs vəsaiti, Bakı, “Nurlan”, 2008, “Oğuz qrupu türk dillərində qrammatik morfemlər”. Monoqrafiya. Bakı, “Elm və təhsil”, 2009, “Azərbaycanın mürəkkəb quruluşlu toponimləri”. Monoqrafiya, Bakı, 2009, “Azərbaycan dilində sinonim qoşasözlərin izahlı lüğəti”. Dərs vəsaiti, Elm və təhsil, Bakı, 2012, “Füzulinin “Leyli və Məcnun” əsərində arxaizmlər”, dərs vəsaiti, Bakı, 2015 kimi elmi əsərləri Azərbaycan və Türk dillərinin öyrənilməsi üçün əvəzssiz mənbədir.
Deyirlər, alim öldü, aləm öldü. Bu fikirlərlə razı deyiləm. Alimlər ölmür, onların yazdığı elmi əsərlər insanlara fayda verdikcə, onların varlığı hiss olunur, haqqında danışılır, adları çəkilir, istinad edilir.
Kamil Bəşirovun 2018-ci ildə çap etdirdiyi son əsəri “Türk dillərinin müqayisəsi; Oğuz qrupu türk dillərində morfoloji kateqoriyalar” monoqrafiyasını oxuyarkən bir daha əmin olursan ki, Kamil müəllim də yaşayır, aramızdadır, hətta səsi də qulaqlarımızda əks olunur, təbəssümünü belə xatırlamaq olur.
Kamil müəllimi yaxından tanıyanlar onun mehriban, gülərüz, səmimi bir az da yumoristik xarakterə malik olduğunu yaxşı xatırlayırlar, lakin o bütün müsbət insani keyfiyyətləri özündə birləşdirməklə yanaşı həm də ciddi elmi potensiala malik alim idi. O təkcə “Türk dillərinin müqayisəsi; Oğuz qrupu türk dillərində morfoloji kateqoriyalar” monoqrafiyası əsərində Azərbaycan, Türkiyə, Türkmən və Qaqauz türkcələrinə aid onlarla yeni elmi faktlar təqdim etmişdir. Əsərdə Azərbaycan və Türk dilləri üçün bir çox elmi mübahisə doğuran faktlar fikir süzgəcindən keçirilir. Məsələn, Türk dillərində cins kateqoriyası varmı, sualı dilçiləri, müəllimləri düşündürən məsələdir. Kamil müəllim isə məsələyə fərqli prizmadan yanaşır:
“Bəzi müəlliflər türk dillərində mövcud olmayan cins kateqoriyasının türkmən dilində mövcudluğundan bəhs edirlər. Bunun morfoloji yolla deyil, sintaktik üsulla reallaşması fikrini irəli sürürlər: erkək ayı, erkək qaz v.s. Qeyd edək ki, burada cins anlayışı ilə cins kateqoriyası bir-biri ilə qarışıdırılmışdır. Cins anlayışı bütün dillərə, cins kateqoriyası isə Hind-Avropa mənşəli dillərə məxsusdur. Türk dillərində müəllim-müəllimə, şair-şairə v.s. cins kateqoriyası əlamətləri flektiv dillərin(ərəb, fars)təsiri ilə baş verir”. Oğuz qrupu türk dillərindən biri kimi Türkmən türkcəsinin xüsusiyyətlərini izah edərkən müəllif bir tərəfdən də Azərbaycan türkcəsi üçün aktual olan problemə aydınlıq gətirir və haqlı olaraq qeyd edir ki, cins anlayışı bütün dillər kimi dilimiz üçün də keçərlidir, yəni azərbaycanlıların təsəvvüründə cins anlayışı var, dildə ifadəsi isə leksik vahidlərlə mümkündür, məsələn, kişi/ qadın, qız/oğlan, digər canlılarda isə cins anlayışı yenə də sözlərlə ifadə edilir, örnək kimi erkək toğlu/dişi toğlu, həmçinin, erkək canavar/ dişi canavar v.s. Qeyd etmək yerinə düşərdi ki, bir çoxlarımızın dilində işlənən müəllimə sözündən istifadə etmək doğru deyildir.
Əsərdə Qaqauz türkcəsinə aid göstərilmiş dil faktları da maraq doğurur. Müəllif yazır ki, Qaqauz türkcəsinin Komrat dialektində ora, bura əvəzinə orey, burey; xəstəyəm əvəzinə xasteyim, almanı-almeyi, sobanı-sobeyi sözlərindən istifadə edilir. Maraqlıdır ki, Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrində də odur əvəzinə odey, budur əvəzinə budey kimi ifadələrlə, qərb qrupu dialekt və şivlərində isə sağır nun səsinin təsiri ilə almeyi, sobayı sözləri ilə qarşılaşırıq ki, bunlar Azərbaycan və Qaqauz türkcələrinin ortaq əlaməti kimi müəllifin yanaşmasının doğruluğunu sübut edir.
Kamil Bəşirov Türk dillərinin o cümlədən Azərbaycan dilinin qrammatikasını mükəmməl bilməklə yanaşı, həm də türk dillərinin semantikasına dərindən bələd idi.
Əsərdə ismin hallarından danışmış müəllifin aşağıdakı qeydi bu baxımdan maraq doğurur: “ Oğuz dillərində can, qədər qoşmaları cümlə daxilində yönlük hallı sözdən sonra ixtisara düşə bilir: Saba: (qədər) gəlməsə, sat getsin. Axşama (can) özümü yetirərəm”. Həqiqətən də bir çoxlarımız nitq prosesində yönlük hallı sözdən sonra bu qoşmalardan istifadə etmir, qoşmanın yarada biləcəyi məna çalarını səs uzanması ilə təmin edirik.
Bəzən dərsdə tələbələr, şagirdlər müəllimə belə sual verir. Soruşurlar ki, Azərbaycan dilində yer zərfi kimi tanıdığımız ora, bura, bəri sözləri, hara sual əvəzliyi necə yaranıb? Bu sualın cavabını Kamil müəllim əsərdə əsl dilçi duyumu ilə aşağıdakı şəkildə izah edir:
“...Şəxs əvəzliyi kimi hallanarkən söz əşya məzmunu qazanaraq “n” bitişdiricisi qəbul edir: ona, buna; işarə əvəzliyi (zərf) funksiyasında isə “r” elementini qəbul edərək hərəkətin yeri, məkan məzmununu ifadə edir: ora, bura(bəri, hara, nerə)”.
Əsərdə Türk dillərinin bir çoxunda işlənən söz və ifadələrin ilkin kökləri, etimoloji izahı ilə də qarşılaşırıq. Müəllif yazırdı: “Konkret olaraq -da (ta) morfeminə ən uyğun görünə biləcək kök söz, zənnimizcə, türk dillərinin əksəriyyətində dayanmaq, durmaq mənasında anlaşılan dağ(-tağ, -day) leksemidir(müqayisə et: dayan, dayaq, dağar(cıq), daxal(daxma, daxıl)dərmək(toplamaq, nəfəs dərmək) v.s.)”
Kamil Bəşirovla həmsöhbət olanda onun dilindən bu kimi onlarla sözün etimoloji izahını eşitmək mümkün idi. O, söhbətlərimizin birində söyləmişdi ki, dilimizdə işlənən qırmızı sifəti quruluşca düzəltmə olmalıdır. Səbəbini soruşduqda isə bildirmişdi ki, Orta Asiyada, Türküstanda rəngi qırmızı olan bir meyvə var,fikrimcə, qırmız sözünə -ı leksik şəkilçisi artırmaqla biz qırmızı düzəltmə sifətini yaratmışıq. Necə ki, şabalıddan şabalıdı düzəltmə sifəti yaranmışdır.
Yeri gəlmişkən kitabda onun sifət nitq hissəsinin dərəcə əlaməti ilə də bağlı maraqlı fikirləri vardır. Müəllif müasir ədəbi dilimizdə sifət nitq hissəsinin çoxaltma dərəcəsinin yaranmasında rol oynayan p, m, s samitlərini dilin son dövrlərinə aid edir və yazırdı: “Eyni sözün yarıçıq təkrarı ilə maydana gələn bu dərəcə yaratma üsulu əslində tam təkrardan, sintaktik üsuldan törəmədir: qara-qara=qapqara, yaşıl-yaşıl=yamyaşıl, təmiz-təmiz=tərtəmiz v.s.” Müəllifin fikri ilə razılaşmamaq mümkün deyil. Bənzər örnəklər “Kitabi Dədə Qorqud” dastanında da vardır, məsələn, Qara-qara tağlardan hənir aşdı, Böyük-böyük suların körpüsü ağac v.s.
Türk dillərində və Azərbaycan dilində kəmiyyət anlayışının ifadəsi də müəllifin diqqət mərkəzində olmuş, o, kəmiyyət anlayışının dilimizdə ifadəsinə aid maraqlı faktlar təqdim etmişdir. Müəllif yazırdı ki, dilimizdə kəmiyyət anlayışı təkcə -lar/lər şəkilçisi ilə düzəlmir, kəmiyyətin dilimizdəki ifadəsi üçün -ız elementi əvəzliklərdə, isimdə, sifətdə şəxs və mənsubiyyət kateqoriyasında ifadə edilə bilir. Məsələn, oğuz, siz, biz, gedirsiniz, oxuyursunuz v.s.
Feillərdə şəxs kateqoriyasında -ıq şəkilçisi, məsələn, baxaq, oxuyaq; feil növlərində və isim düzəldən bəzi sözlərdə -ış, məsələn, gülüş, baxış; məkan bildirən isimlərdə -laq/lək şəkilçiləri də otlaq, duzlaq kimi sözlərdə kəmiyyətin ifadə edilməsində istifadə edilir.
Kamil müəllimlə ilk tanışlığımız 2007-ci ilin sentyabr ayına təsadüf etmişdi. O vaxt o, ADPU-nun filologiya fakültəsinə dekan müavini təyin edilmişdi. Sonrakı illər Kamil müəllimlə yaxından ünsiyyət saxlamaq imkanımız olmuş, aramızda səmimi dostluq yaranmışdı. Tale elə gətirdi ki, onunla eyni kafedrada çalışmaq, eyni fakültədə eyni ixtisasdan dərs demək fürsəti yarandı. Bir müddət Kamil müəllim əməkdaşı olduğumuz kafedraya rəhbərlik etdi. Lakin nə dekan müavini, nə kafedra müdiri, nə də müəllim olanda Kamil müəllim dəyişmədi, üzündəki təbəssüm, qəlbindəki səmimiyyət itmədi, əvvəl necə qayğıkeş, rəhmli, dostcanlı idisə, işıqlı dünyaya gözlərini yumduğu günə qədər də elə qaldı. Onu dəyişdirən təkcə xəstəliyinin əlamətləri idi, xəstələndikdən sonra o daha əvvəlki kimi gülməz, yeriməz, danışa bilməzdi...Dostlarla görüşə də gələ bilməzdi. Bunu bildiyimiz üçün 2023-cü ilin aprel ayında Kamil müəllimi evində ziyarət etdik, söhbətləşdik, dərdləşdik, ayrıldıq.
Bu görüş son görüş oldu.
2023-cü ilin oktyabr ayının 31-i Azərbaycan dilçilik elmində öz dəsti-xətti olmuş, həmkarımız, dəyərli alim, əziz dostumuz haqqa yürüdü...
Uca Tanrı Kamil Bəşirov üçün 68 il ömür payı ayırdı. O ailəsi, övladları, yaxın dostları, ətrafında olmuş insanlarla dünya gözü ilə bu qədər danışa, görüşə, ünsiyyət saxlaya bildi. Lakin yazdığı əsərləri ilə Kamil müəllim Azərbaycan dili var olduqca danışa, söhbətləşə, hətta höcətləşə biləcəkdir. Şübhə yoxdur ki, onun yazdığı elmi əsərlər dilçilər, tələbələr və digər sahələrdən olan elm adamları tərəfindən oxunacaq, bəzən yazdığı əsərlər qəbul, bəzən inkar ediləcək, lakin hər bir halda onun adı çəkiləcək, elmi yanaşmaları müzakirə ediləcək, xatırlanacaqdır.