BZT-Turan Akademiyasının Orta Asiya və Qafqaz üzrə rəhbəri Fərahilə Şükürova, 3 may Türkçülük Gününə həsr olunmuş və Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının İletişim Başkanlığı tərəfindən təşkil edilən “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi” panel toplantısında iştirak etmişdir.
Həmin gün, Dr. Fərahilə Şükürova həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında İngla School Baku-nun təşkilatçılığı ilə keçirilən, AMEA Mərkəzi Elmi Kitabxanasında baş tutan Özbəkistan universitetlərinin sərgi proqramında da iştirak etmişdir. Tədbirdə, Türk Dünyasının qədim mədəniyyət beşiyi olan Özbəkistandan 15-ə yaxın nüfuzlu ali təhsil müəssisəsinin nümayəndə heyətləri ilə görüş keçirilmişdir.
Bu universitetlər sırasında Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti, Daşkənd İrriqasiya və Aqrotexnika Avtomatlaşdırma İnstitutu, Özbəkistan-Finlandiya Pedaqogika Universiteti, Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Buxara Dövlət Universiteti, Əbu Əli İbn Sina adına Buxara Dövlət Tibb İnstitutu, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Tibb Akademiyası, Vebster Universiteti (Daşkənd), Turin Politexnik Universitetinin Daşkənd filialı, Kokand Pedaqoji Universiteti, Daşkənd Əczaçılıq Universiteti və Daşkənd Dövlət İqtisadiyyat Universiteti yer alırdı.
Görüş zamanı BZT-Turan Akademiyası ilə bu universitetlər arasında bağlanan memorandumlardan və həyata keçiriləcək layihələrdən bəhs olundu, əməkdaşlığın daha fəal şəkildə davam etdirilməsi vurğulandı. Xüsusilə, Özbəkistan Dövlət Jurnalistika və Kommunikasiya Universitetinin təşəbbüsü ilə Akademiyanın Türkiyə direktorluğu arasında yeni bir əməkdaşlıq memorandumu imzalandı.
Memorandum Özbəkistan tərəfdən universitetin elmi işlər üzrə prorektoru Ravşan Rayimcanov və tanınmış alim Gülsənəm Həsənova tərəfindən imzalanmışdır. BZT-Turan Akademiyasının Türkiyə rəhbəri Dr. Baha Ahmet Yılmaz həmin gün Şimali Kipr Türk Cümhuriyyətində keçirilən Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının 17-ci iclasında iştirak etdiyindən, memorandumu Akademiyanın Orta Asiya və Qafqaz üzrə rəhbəri Dr. Fərahilə Şükürova imzalamışdır.
Görüşlər zamanı çıxış edən Dr. Fərahilə Şükürova, Türk Dünyasının dəyərli şəxsiyyəti, Ulu Öndər Heydər Əliyevi anaraq, onun Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin inkişafında oynadığı mühüm rolu qeyd etmişdir. O, Ulu Öndərin aşağıdakı fikirlərini xatırlatdı:
“Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib.”
Bu cür təşəbbüslər BZT-Turan Akademiyasının Türk Dünyasında elmi inteqrasiyanı və birliyi daha da gücləndirməyə verdiyi töhfənin bariz nümunəsidir.