BZT Turan Akademiyası: Türk Dünyasını Elmdə və Fikirdə Birləşdirən Körpü


2019-cu ildən etibarən bir qrup gənc və təşəbbüskar akademik tərəfindən təsis edilən BZT Turan Akademiyası, beynəlxalq konqreslər, simpoziumlar, təlimlər və elmi layihələr vasitəsilə bütün dünyadakı tədqiqatçıları bir araya gətirməyi qarşısına məqsəd qoymuşdur.

Bu günə qədər 27 fərqli ölkədən 68-dən çox elmi qurumla tərəfdaşlıq edən Akademiya, “Dildə, Fikirdə, Əməldə Birlik” ideyasını əsas hədəf kimi qəbul edərək, Türk Dünyasının alimlərini ortaq tarix, dil və mədəniyyət dəyərləri ətrafında birləşdirməyə, elmi əməkdaşlığı gücləndirməyə sadiqdir.

Bu istiqamətdə atılan növbəti mühüm addım 3 may 2025-ci il, yəni Türkçülük Günündə reallaşdı. Akademiyanın Azərbaycan üzrə rəhbəri Dr. Niyaməddin Şükürov, Özbəkistan Dövlət Jurnalistika Universiteti ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzaladı. Sənəd Özbəkistan tərəfdən universitetin elmi işlər üzrə prorektoru Ravşan Rayimcanov və tanınmış alim Gülsənəm Həsənova tərəfindən imzalanıb.

Bu tarixi günün məhz Türkçülük Günündə qeyd olunması, bir daha göstərdi ki, Türk Dünyasını birləşdirən ruhu heç bir qüvvə sarsıda bilməz. “Nə mutlu türkəm deyənə!” prinsipi ilə çıxış edən Dr. Niyaməddin Şükürov, həmçinin Akademiyanın Türkiyə rəhbəri Dr. Baha Ahmet Yılmazın göstərdiyi fədakar fəaliyyətə xüsusi təşəkkürünü bildirdi.

Tədbir çərçivəsində o həmçinin BZT-Turan Akademiyasının yeni fəaliyyətə başlayan Nəşriyyat-Kitab Evi barədə məlumat verdi. Bildirildi ki, burada Türk Dünyasının ortaq dəyərlərini, tarixini, dilini və mədəniyyətini əks etdirən bütün kitablar pulsuz olaraq çap ediləcək. Bu təşəbbüs, türk birliyinin elm və mədəniyyət üzərində qurulmasının bariz nümunəsidir.

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç

Fotonu aç


MANŞET XƏBƏRLƏRİ