QHT sədri: Həssas kateqoriyadan olan şəxslərə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində müharibə ilə əlaqədar əlilliyi olan bir qrup şəxslə görüş keçirilib.

Görüşdə vətəndaş cəmiyyəti nümayəndəsi kimi iştirak edən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə tədbirin maraqlı və konstruktiv mühitdə keçdiyini bildirib.

O vurğulayıb ki, iştirakçılar müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən xidmətlərin yüksək səviyyədə təşkilini xüsusi olaraq qeyd edib və dövlətin bu sahədə nümayiş etdirdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər. İştirakçılar tərəfindən əlilliyi olan şəxslərin geniş dəstək proqramlarından yararlanması müsbət hal kimi vurğulanıb.

Bu xidmətlərə mənzil və avtomobil təminatı, özünəməşğulluq layihələri, reabilitasiya tədbirləri, tibbi təminat və digər sosial müdafiə mexanizmləri daxildir. C. Hüseynzadə bildirib ki, Nazirliyin 2018-ci ildən həyata keçirdiyi islahatlar real nəticələrini göstərir. Görüş zamanı səmərəli kommunikasiya mühiti formalaşıb, iştirakçılar öz təkliflərini irəli sürüblər və Agentlik nümayəndələri bu təkliflərin gələcəkdə nəzərə alınacağını qeyd ediblər.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beynəlxalq təcrübəyə istinad edərək daha effektiv sosial müdafiə mexanizmlərinin tətbiqi istiqamətində ardıcıl iş aparır ki, bu da xüsusilə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən dəstəyin daha da gücləndirilməsinə xidmət edir.

“Hesab edirəm ki, Prezident İlham Əliyevin tapşırığı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı nəticəsində həssas kateqoriyadan olan şəxslərə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Hər bir islahat mərhələsində təminatın artırılması prioritet olaraq qalır. Nazirlik və ona tabeli qurumlar qarşıya qoyulan vəzifələrin səmərəli icrası üçün uğurla çalışırlar,” – deyə C. Hüseynzadə vurğulayıb.

O, əlavə edib ki, qazilərin keçdiyi reabilitasiya prosesinin müsbət nəticələri görüş zamanı xüsusi qeyd olunub. Bir çox qazinin bu proses nəticəsində əllərinin və müxtəlif bədən üzvlərinin funksiyasını bərpa etməsi, digər müsbət irəliləyişlər iştirakçılar tərəfindən dilə gətirilib. Yüksək xidmətin özü yüzlərlə insanın vəzifəsinə məsuliyyətinin və qazilərə olan hörmətinin bariz nümunəsi kimi qiymətləndirilib. Təşkilat sədri sonda bildirib ki, səsləndirilən təkliflərin reallaşması üçün həm cəmiyyətin, həm də dövlətin birgə səyləri vacibdir.


MANŞET XƏBƏRLƏRİ