6 fevral 1989-cu ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində doğulur...
1995 / 2006-cı illərdə Aşağı Cürəli tam orta məktəbində orta təhsil alır...
2006 / 2010-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali hərbi təhsil alır...
2010 / 2012- ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində;
2012 / 2018- ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində;
2018 / 2020- ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edir...
2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edir...
Ordu sıralarında "Kapitan" rütbəsinə qədər yüksəlir...
Uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayan, hərbi təhsilini yüksək göstəricilərlə başa vuran, hərbi rütbəsini vaxtından əvvəl alan, şəhid olmadan öncə Ali Hərbi məktəbin magistr pilləsini başa vuran, Vətən müharibəsinə "Həmlə" taborunun komandiri olaraq qatılan, taboru ilə birgə düşmənin alınmaz hesab etdikləri yüksəklikləri ələ keçirib, bayrağımızı sancan, Füzulidə sayca 5-ci yüksəkliyə bayrağımızı sancarkən düşmən snayperi tərəfindən vurularaq şəhidlik mərtəbəsinə yüksələn Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı Cavid Hilal oğlu Mahmudov!
Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi", yubiley medalları, eləcə də, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", Füzulinin azad olunmasına görə" medalları və "Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif edilib.
" Mən Cavidin təkcə anası yox, həm də sinif müəllimi olmuşam. Onunla həm oğlum, həm də şagirdim kimi fəxr edirəm. Vətənə borcunu lahiqincə yerinə yetirdiyi üçün haqqım ona halal olsun! Baxmayaraq ki, mən ondan toy gözləyirdim. Nişanlı idi Cavid. Toyu olacaqdı. Toy gününü də təyin etmişdik. Lakin evimizə bəylik paltarında deyil, üç rəngli baytağa bürünüb şəhid tabutunda gəldi. Ömrüm boyu qəlbimdə yaşadacam balamı. Tək təsəllim, o dünyada ona qovuşmağımdır." deyir qəhrəmanımızın anası Nəsibə Mahmudova.
Oktyabrın 5-də 200-dən çox əsgərini mühasirədən xilas edən qəhrəmanımız taboru ilə birgə düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edir.
Qardaşı Nəbi Mahmudov: "Son danışığımızda mənə dedi ki, biz Koroğlu nəslinin nümayəndəsiyik. Söz verirəm ki, Füzuliyə bayrağı özüm sancacam. Mən ona dedim ki, əsas sənsən, özünü qoru. Cavab verdi ki, mən Vətən müharibəsindəyəm! Mən bura özümü qorumağa yox, döyüşməyə gəlmişəm!"
"Qəhrəman anası olmaq çətindir, amma, fəxrdir" deyən ananın, oğlu elə qəhrəman olmalıydı şəhidim! Sənə təkcə yazıb oxumağı deyil, vətəni sevməyi öyrədən ana elə qəhrəman anası olmağa layiq idi!
Artıq sən bir ananın deyil, minlərlə ananın övladısan. O analar, atalar da, onların dünyaya gətirdiyi övladlar da səni fəxr və qürurla xatırlayacaq, rəhmətlə yad edəcəklər. Özü bu dünyadan toysuz gedib, düşmənə unutmayacağı toy tutan qəhrəmanım! Səni unutmayacağıq, unutdurmayacağıq!
Sevinc Bəhmənli.



