Azərbaycan əhalisi üçün risk nədir? - ARAŞDIRMA


İlahə Ümidli

Risk anlayışı ümumi olaraq təhlükə ehtimalı ilə bağlıdır. Lakin bu anlayış hər cəmiyyətin etnik xüsusiyyətləri, sosial və iqtisadi reallıqlarına görə fərqlənə bilər. Azərbaycanda insanlar riskə necə yanaşır? Bu yanaşma onların sığortaya münasibətinə necə təsir edir? İnsanlar sığortalanmanı riskin əvəzedicisi? yoxsa ləğvedicisi kimi görür? Bu məqalənin məqsədi bu suallara cavab axtarmaq və əhalinin risk anlayışını daha dərindən anlamağa çalışmaqdır.

Risk insanların həyatında daim mövcud olan, lakin hər zaman eyni cür qəbul edilməyən bir anlayışdır. Hər gün rastlaşdığımız qeyri-müəyyənliklər və təhlükələr, riskə olan münasibətimizi formalaşdırır. Risk anlayışının fərdlər tərəfindən necə dərk edilməsi onların sosial-mədəni şəraitindən, təhsil səviyyəsindən, həyat təcrübələrindən və xüsusilə də maliyyə təhlükəsizliyi haqqında düşüncələrindən asılıdır.

Elmi baxımdan risk, zərər və ya itki ehtimalı kimi müəyyən edilir. Lakin insanlar üçün risk yalnız ehtimal deyil, həm də qorxu, narahatlıq, təlaş və s-dir, bu baxımdan insanlar arasında riskə münasibət fərdi xarakter daşıyır. Risk hər kəsin həyatında mövcud olan, lakin hər kəs tərəfindən eyni cür başa düşülməyən bir anlayışdır. İnsanın əvvəlcə riskin varlığını qəbul etməsi lazımdır ki, sonra həmin riskin idarəedilməsi üçün sığortaya müraciət etsin. Çünki sığorta risklərin idarə olunmasında vacib bir mexanizmdir.

2024-cü ildə əhalinin sığorta məlumatlılığına dair aparılan tədqiqat nəticələrinə əsaslanan bu məqalədə riskə yanaşma tamamilə əhali tərəfindən verilən cavablara əsasən hazırlanıb. Bakı və Bakıətrafında yaşayan 1201 nəfər arasında aparılan sorğuda insanlara “Sizcə risk nədir?” sualı ünvanlanmışdır. Təhlil nəticələrinə əsasən, respondentlərin təxminən yarısı, yəni 582 nəfəri (48.5%) riski “cəsarət etmək” kimi qiymətləndirir. Bu isə göstərir ki, Azərbaycan əhalisinin əksəriyyəti riski igidlik və qorxu baryerinin aşılması kimi qəbul edir. (Bax: Şəkil 1)

Aşağıdakı şəkildə cavabların nisbəti vizual olaraq təqdim edilmişdir.

Şəkil 1.

Mənbə: “Əhalinin sığorta barədə məlumatlılıq səviyyəsinin ölçülməsi” tədqiqatı, 2024.

Əhalinin 439 nəfəri (36.6%) riski “nəticəsi məlum olmayan bir təşəbbüs” kimi dəyərləndirərək, “Risk sınamaqdır” fikrini irəli sürmüşdür. Bu yanaşma göstərir ki, bu qrup insanlar riskə daha çox təcrübə qazanmaq vasitəsi kimi baxır, səhv etmək qorxusu yaşamır və özünü sınağa çəkməyə meyllidir. Belə cavablar əhalinin bir hissəsinin qeyri-müəyyənliyə açıq olduğunu göstərir.

Əhalinin 301 nəfəri (25.1%) riski “öz sərhədlərini aşmaq” kimi ifadə etmişdir. Bu yanaşma riskin daxili inkişaf, fərdi potensialın reallaşdırılması və konfort zonasından çıxmaqla əlaqələndirildiyini göstərir. Belə cavablar cəmiyyətin müəyyən bir hissəsinin riskə özünü tanımaq, şəxsi inkişaf və dəyişiklik üçün bir vasitə kimi baxdığını göstərir.

Əhalinin 256 nəfəri (21.3%) riski “potensialına güvənib daim hərəkətdə olmaq” kimi ifadə etmişdir. Bu yanaşma riskin özünə inam və davamlı fəaliyyət kontekstində dəyərləndirildiyini göstərir. İnsanların bacarıqlarına güvənərək təşəbbüs göstərməsi, riskin həm daxili motivasiya, həm də məqsədyönlü və davamlı hərəkətlə əlaqələndirildiyini ortaya qoyur.

Əhalinin 219 nəfəri (18.2%) riski “risk etməmək özü də riskdir” fikri ilə ifadə etmişdir. Bu yanaşma paradoksal şəkildə göstərir ki, təhlükədən yayınmaq cəhdləri bəzən daha ciddi nəticələrə gətirib çıxara bilər. Belə cavablar riskin tamamilə qarşısını almağın özü də potensial təhlükə daşıdığını və risk etməyin düşünülmüş şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayır.

Əhalinin 201 nəfəri (16.7%) riski “qeyri-müəyyənliyə addım atmaq” kimi ifadə etmişdir. Bu yanaşma riskin mahiyyətində nəticənin öncədən məlum olmamasının dayandığını göstərir. Belə cavablar riskin qeyri-müəyyənliklə sinonim kimi qəbul edildiyini, lakin bu qeyri-müəyyənliyin qorxu ilə deyil, cəsarətlə qarşılandığını nümayiş etdirir.

Əhalinin 192 nəfəri (16%) riski “risk mənim üçün qazandıqlarımdır” fikri ilə ifadə etmişdir. Bu yanaşma riskin nəticələrə əsasən dəyərləndirildiyini göstərir. Risk burada bir vasitə deyil, əldə edilən uğurlar və müsbət nəticələrlə ölçülən bir dəyər kimi qəbul olunur. Bu isə nəticəyönümlü düşüncə tərzini əks etdirir, yəni risk etmək yalnız qazanc potensialı ilə əlaqələndirilir.

Əhalinin 176 nəfəri (14.7%) riski “bir şey yaratmağa çalışmaq” kimi ifadə etmişdir. Bu yanaşma riskin yaradıcılıq və innovasiya ilə əlaqələndirildiyini göstərir. Cavablar göstərir ki, bu qrup üçün risk yeni ideyaların reallaşdırılması və dəyər yaradılması baxımından mühüm vasitədir. Bu mövqe xüsusilə sahibkarlıq düşüncəsini və təşəbbüskarlığı ön plana çıxarır, riskin dəyişiklik və inkişaf üçün təkanverici rolunu vurğulayır.

Əhalinin 172 nəfəri (14.3%) riski “pis hadisələrin olma ehtimalı” kimi dəyərləndirmişdir. Bu yanaşma riskin mənfi kontekstdə, təhlükə, itki və arzuolunmaz nəticələrin ehtimalı kimi qəbul edildiyini göstərir. Bu fikir klassik sığorta anlayışına uyğun olaraq, “risk = zərər ehtimalı” modelinə əsaslanır və daha çox qorunma ehtiyacı üzərindən formalaşan düşüncə tərzini əks etdirir.

Əhalinin 164 nəfəri (13.7%) riski “kəşf edilməmiş bir addım” kimi ifadə etmişdir. Bu yanaşma riskin kəşf, yenilik və araşdırma ilə əlaqələndirildiyini göstərir. Bu fikirdə risk, insanı bilinməyənə doğru aparan və yeni imkanların axtarışına təkan verən bir proses kimi dəyərləndirilir. Belə bir mövqe daha çox fəlsəfi yanaşmanı əks etdirir, riskin idrak və tədqiqat yönümlü tərəfini ön plana çıxarır.

Əhalinin 158 nəfəri (13.2%) riski “düşünərək addım atmaq” kimi ifadə etmişdir. Bu yanaşma riskin təkcə emosional deyil, eyni zamanda planlı şəkildə idarə olunmalı bir anlayış kimi dərk edildiyini göstərir. Bu mövqe rasional qərarvermə və məsuliyyətli davranış tərzinin göstəricisidir.

Əhalinin 158 nəfəri (13.2%) riski “risk sığortalanmaq üçün əsasdır” kimi dəyərləndirmişdir. Bu yanaşma riskin maliyyə müstəvisində qəbul edildiyini, xüsusilə sığorta kimi alətlərlə əlaqələndirildiyini ortaya qoyur. Bu, cəmiyyətin müəyyən hissəsinin riskə qarşı yalnız fərdi deyil, institusional müdafiə vasitələrinə də etibar etdiyini və bu konsepsiyanı qəbul etdiyini göstərən pozitiv bir göstəricidir.

Əhalinin 147 nəfəri (12.2%) riski “risk təhlükədir” kimi qiymətləndirmişdir. Bu yanaşma riskin yalnız mənfi nəticələrə yol aça biləcək bir amil kimi dərk edildiyini göstərir. Belə bir mövqe daha çox ehtiyatlı düşüncə tərzinin göstəricisi olub, təhlükələrdən uzaq durmaq ehtiyacını ön plana çıxarır.

Əhalinin 121 nəfəri (10.1%) riski “yüz ölçüb, bir biçmək” kimi ifadə etmişdir. Bu yanaşma ehtiyatlı, planlı və analitik risk davranışını əks etdirir. Bu cavablar göstərir ki, əhali riskin qaçılmaz olduğunu qəbul edir, lakin riskə yalnız düşünülmüş, ölçülmüş və əsaslandırılmış şəkildə getməyin vacibliyini vurğulayır. Bu mövqe daha çox yetkin, məsuliyyətli və uzaqgörən düşüncə tərzinin göstəricisidir.

Əhalinin 45 nəfəri (3.7%) riski “riskim yoxdur, çünki çox ehtiyatlıyam” fikri ilə ifadə etmişdir. Bu yanaşma riskdən tam şəkildə qaçınma meylini göstərir. Belə şəxslər üçün risk həyatın istənilən sahəsində arzuolunmaz və qəbuledilməz bir hal kimi qəbul edilir. Bu mövqe güclü təhlükəsizlik ehtiyacının və dəyişiklikdən çəkinmənin göstəricisidir.

Əhalinin 35 nəfəri (2.9%) riski “risk mənim üçün itirdiklərimdir” kimi ifadə etmişdir. Bu yanaşma riskin əsasən keçmişdə yaşanmış itkilərlə assosiasiya olunduğunu göstərir. Bu, emosional baxış tərzidir, insanlar risklə bağlı mənfi təcrübələrini əsas götürərək onun nəticələrini itki və peşmanlıq prizmasından qiymətləndirirlər.

Əhalinin 12 nəfəri (1%) “risk anlayışı yoxdur” fikrini ifadə etmişdir. Bu cavab ya konseptual məlumat çatışmazlığını, ya da risk haqqında düşünmək vərdişinin formalaşmadığını göstərir. Hər iki halda bu yanaşma cəmiyyətdə risk savadlılığının zəifliyinə işarə edir və risk mədəniyyətinin formalaşdırılması istiqamətində maarifləndirmə və təhsil ehtiyacını ön plana çıxarır.

Aparılan sorğu nəticəsində əldə olunan cavabların təhlili göstərir ki, Bakı və Bakıətrafında yaşayan əhali, risk anlayışına olduqca çoxşaxəli və bəzən bir-birindən tam fərqli baxış bucaqlarından yanaşır. Risk anlayışı həm emosional, həm də intellektual səviyyədə dəyərləndirilir. Bu da onu göstərir ki, risk təkcə nəzəri kateqoriya deyil, o, eyni zamanda fərdi təcrübələr, etnik və psixoloji xüsusiyyətlərlə formalaşan kompleks bir anlayışdır.

Yuxarıdakı təhlillər göstərir ki, risk anlayışı əhali arasında müxtəlif formalarda dərk olunur. Bu müxtəliflik riskin cəmiyyət üçün həm imkan, həm də təhdid olduğunu göstərir. Əhali arasında həm cəsarət və inkişafyönümlü, həm də ehtiyatlı və qoruyucu mövqelərin paralel mövcudluğu riskə dair paradoksal yanaşmanı formalaşdırır.

Azərbaycan cəmiyyətində sığorta savadlılığı zəif olduğu üçün risk yalnız hadisə baş verəndə nəzərə alınır. Yəni insanlar öncədən riskin mövcudluğunu anlayıb tədbir görmək əvəzinə, baş verəndən sonra onunla mübarizə aparmağa çalışırlar.

Bəs nə etmək lazımdır ki, Azərbaycan əhalisi riski daha doğru prizmadan dəyərləndirə bilsin?

Riskə münasibətin formalaşmasında əsas rolu maarifçilik oynayır. Maarifçilik yalnız sığorta məhsulunu tanıtmaq deyil, həm də riskin gündəlik həyatın ayrılmaz hissəsi olduğunu insanlara izah etməkdir.

Ən birinci addım, riskin həm fərdi, həm də sosial səviyyədə daha doğru dərk olunması üçün məktəblərdən başlayaraq, risk və sığorta haqqında sadə, həyatla əlaqəli məlumatlar, maarifləndirici tədbirlər və təhsil proqramları həyata keçirilməlidir.

Növbəti addımda riskin idarəedilməsi aləti kimi sığorta, daha geniş şəkildə izah olunmalı və onun praktiki faydaları əhaliyə çatdırılmalıdır.

Riskə yaradıcı və təşəbbüskar yanaşan əhali qrupları dəstəklənməli, xüsusilə gənclər arasında innovativ fəaliyyətlər təşviq edilməlidir.

Azərbaycan əhalisi üçün risk hələ də tam mənimsənilməmiş və real həyatla əlaqələndirilməmiş bir anlayış olaraq qalır. Lakin bu dəyişməlidir. İnsanlar bilməlidir ki, riskin düzgün qiymətləndirilməsi, həm sosial, həm də iqtisadi təhlükəsizliyin təminatıdır. Cəmiyyətin riskə qarşı münasibəti dəyişdikcə, sığorta mədəniyyəti də formalaşmış olacaq.


MANŞET XƏBƏRLƏRİ